Məhkəmə qərarları › İş №2-1(103)-1231/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1231/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1231/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə. Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 4216/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Z.Qənbərov küçəsi, 9 saylı evin 100 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(112)-4216/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Z.Qənbərov küçəsi, 9 saylı evin 100 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin 06.11.2008-ci il tarixli, 584 saylı sərəncamına əsasən, ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X6 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə 07.12.2019-cu il tarixli (12.12.2019-cu il tarixdə Q- 84 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxana binasının 100 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Ərizəyə tələb olunun sənədlər (order, protokol, 2 saylı formada arayış, mənzilin sxemi, binanın əvvəllər məxsus olduğu təşkilatla əmək münasibətlərini təsdiq edən sənəd və s.) əlavə edilmədiyindən onun ərizəsi Departamentin 25.12.2019-cu il tarixli, Q-84 saylı məktubu ilə baxılması üçün 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 1 saylı evin 100 saylı mənzilini heç bir hüquqmüəyyənedici sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, həmin mənzili boşaldıb MKİS-ə təhvil verməkdən imtina etmişdir. İddiaçının anası X4 isə həmin binanın 515 saylı mənzilində faktiki olaraq yaşayır. Əldə etdiyi "B.Sərdarov adına maşınqayırma zavodu"nun 08.01.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) X1 adına yazılmışdır. İddiaçı ünvan 1 saylı evin 100 saylı mənzilinə dair hər hansı hüquqi əsası yoxdur və o, həmin mənzili əldə etmək məqsədi ilə özbaşına zəbt etmişdir. Birinci instansiya məhkəməsi işə birtərəfli baxmış, iddia tələbi üzrə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Odur ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı "mənzilə dair kirayə müqaviləsinin bağlanılması" tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 1 saylı evin 100 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4216/2020 saylı qərarı qanunsuz və əsassız olduğundan, qərarın tam ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan İddiaçı iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Z.Qənbərov küçəsi, 9 saylı evin 100 saylı mənzilində 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən etibarən yaşadığından, mənzildə yaşayan hər hansı digər yetkinlik yaşına çatmış şəxslərin buna etirazı olmadığından, onun başqa yaşayış yerinin olması barədə əlavə məlumat təqdim edilmədiyindən, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadlğından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin “mənzilə dair kirayə müqaviləsinin bağlanması”dan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 52-ci maddəsinə uyğun olaraq dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Həmin Məcəllənin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər. Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1984-cü il 2 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanması Qaydaları»nın 1-ci bəndinə görə, yaşayış sahəsindən istifadə üçün kirayəçilər və mənzil istismar təşkilatı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında təsdiq edilmiş Birtipli müqavilə əsasında yazılı surətdə müqavilə bağlanır. İş materiallarından görünür ki, iddiaçının anası X2 "B.Sərdarov adına maşınqayırma zavodu"nun 08.01.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu - İddiaçı oğlu) verilmişdir. İddiaçı iddia ərizəsində qonşuluqda yerləşən 100 saylı mənzilin onun ailəsinə istifadəyə verilməsini göstərsə də, buna dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Eyni zamanda kollegiya qeyd edir, iddiaçının şəxsiyyat vəsiqəsində Bakı şəh., Rəsulzadə qəs., Z Qəmbərov küçəsi ev 9 m.100 qeydiyyatda olduğu göstərilsə də, birinci instanisya məhkəməsi həmin ünvana onun qeydiyyata düşməsinə dair əsas olmuş halları araşdırmamışdır. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları,ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icraatı zamanı qeyd olunan prosessual normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, bütün faktiki halları müəyyən olunmamış qalmışdır, qəbul edilmiş qərar əsaslandırılmamışdır. Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4216/2020 saylı qərarı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar