Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1231/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (02.01.1971-ci il tarixdə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Qobustan ray., Ərəbşalbaş Ərazi D., Ərəbşalbaş kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK (hazırda “X18” QSC) ) “texniki pasportun ləğv edilməsi barədə hərəkətin qanunsuz hesab edilməsi və həmin texniki pasportun reyestrdə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3105/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 08 dekabr 2020-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağında yerləşən 46814.3 kv.m (4.6814 ha) torpaq sahəsi (991.75 p.m mişar daşı ilə hasara alınmış) və onun üzərində mövcud 33.9 kv.m “A” tikilisi, 17.8 kv.m “B” tikilisi, 5.6 kv.m “C” tikilisi, 328.8 p.m dəmir yolu xətti, 1 ədəd metal darvaza, 991.75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğu nəğdedici bina və qurğulardan ibarət əmlaka dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi barədə hərəkətin qanunsuz hesab edilməsi və həmin texniki pasportun reyestrdə bərpa edilməsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağında yerləşən 46814,3 kv.m. (4,6814 ha.) torpaq sahəsi 991,75 p.m. mişar daşı ilə hasara alınmış və girişində 1 ədəd metal darvaza quraşdırılmış vəziyyətdə Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuşdur. Qeyd olunan 4,6814 ha. torpaq sahəsində ASC-nə məxsus olan 33,9 kv.m. “A” tikilisi, 17,8 kv.m “B” tikilisi, 5,6 kv.m “C” tikilisi, 328,8 p.m. dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991,75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğu nəğdedici bina və qurğulardan ibarət Cəmiyyətin Xammal bazası yerləşmişdir. Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında əmlakın alğı-satqısı barədə 11.11.2004-cü il tarixdə Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş və 4-Ə-1254 sayla reyestrdə qeydiyyata alınmış müqaviləyə əsasən Cəmiyyətə məxsus səhmlər paketi, yuxarıda qeyd olunan Xammal bazasındakı bina və qurğular mülkiyyət və həmin əmlakların yerləşdiyi 46.814,3 kv.m torpaq sahəsinə dair istifadə hüququ ilə birlikdə 62 000 000 manata satın alınmışdır. Bununla da, qeyd olunan əmlaklar tərəfindən satın alınmaqla, ona aid olduğu mübahisə olunmayandır. Lakin, qeyd olunan alğı-satqı müqaviləsi əsasında İddiaçı daşınmaz əmlak olaraq, 4,6814 ha torpaq sahəsinə və onun üzərində mövcud adı yuxarıda çəkilən bina və qurğulara əldə etdiyi hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Bu baxımdan, göstərilən bina və qurğulardan ibarət daşınmaz əmlaklar və onların yerləşdiyi 4,6814 ha. torpaq sahəsinə dair hüququ Dövlət Reyestrində əvvəlki qaydada Bakı "xxxx" ASC-nin adında qaldığı mübahisə olunmayandır. Adı çəkilən əmlaklara dair Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına 26.08.2004-cü il tarixdə tərtib olunmuş Əmlakın İnventarlaşdırılması Bürosu müəssisə və obyektin Texniki Pasportunun məlumatına əsasən, alğı-satqı predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazinin 46.814,3 kv.m. (4,6814 ha.) torpaq sahəsindən ibarət olduğu göstərilmiş və buna dair plan-cizgi verilmişdir. X7 4,6814 ha torpaq sahəsində yuxarıda qeyd olunan, ASC-nin Xammal bazasında mövcud tikililərdən hər-hansı birinin sonrakı müddətlərdə sökülməsi halı olmamışdır. Həmçinin, həmin tikililərin əksəriyyətində qaçqınlar məskunlaşdığından sökülməsi belə mümkün də deyildir. Tam əksinə sonrakı müddətlərdə tərəflərindən orada bir sıra tikililər inşa edilmişdir. Qeyd olunan ərazidə yerləşən əmlakın qeydiyyata alınması və daha sonra da, həmin ərazi ilə bağlı başqaları arasında yaranmış mübahisələrin həlli üçün dəfələrlə cavabdeh inzibati orqana müraciətlər edilməsinə baxmayaraq, məsələyə aydınlıq gətirilməmişdir. Sonuncu müraciətə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, satın aldığı yuxarıda qeyd olunan əmlak və əmlakın yerləşdiyi torpaq sahəsinin həcm və hüdudlarını müəyyən edən texniki pasport cavabdeh tərəfindən 24.02.2006-cı il tarixdə ləğv edilmişdir. Səbəbini də, belə göstərmişdir ki, adı çəkilən texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüş və əlavə olaraq yeni tikililər inşa edilmişdir. Məlum məsələdir ki, sökülmüş və ya başqa yolla məhv olmuş əmlaka verilmiş texniki sənədin ləğvi mümkün olan haldır. Lakin, buna mülkiyyətçinin müraciəti, razılığı, bu olmadığı halda və sənədin ləğvi mühüm əhəmiyyət kəsb etdiyi təqdirdə məhkəmə qərarı əsasında yol verilir. Bundan başqa, cavabdeh imtina məktubunda mövcud tikililərin bir qisminin söküldüyünü qeyd edir. Belə olan halda, həmin texniki pasport bu əsasdan da, ləğv edilə bilməzdi. Cavabdehin verdiyi cavab (imtina) məktubunun məzmunundan görünür ki, adıkeçən texniki pasportu heç bir əsas olmadan, özbaşına ləğv etməklə, qanuna zidd hərəkətə yol vermişdir. Nəticədə, əmlakın qeydiyyat üzrə sahibsiz olduğu görüntüsü yaradılmış və ona məxsus əmlakın başqa şəxslərin adına rəsmiləşdirilməsi kimi qəsdli əməllərə şərait yaratmış, bu da, öz növbəsində əmlak hüququna qanunsuz müdaxilələrə yol açmışdır. Göründüyü kimi, qanunla qorunan hüquqlarına müdaxilə ilə nəticələnən cavabdehin qanunazidd hərəkətlərinin aradan qaldırılmasına müraciətinə də, müsbət cavab verməmiş, əksinə, bundan imtina edilmişdir. Ona görə də, cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətlərə yol verilməklə, törətdiyi pozuntuları aradan qaldırılması və onun qanunla müəyyən edilən hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2021 saylı, 09.09.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3105/2021 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3105/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3105/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı və onun vəkili Vəkil1 məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil1 28.03.2022-ci il tarixdə AZEMİS “Elektron Məhkəmə İnformasiya” Sistemi vasitəsilə ərizə təqdim edərək, 29 mart 2022-ci il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili ərizəyə heç bir sənəd-sübut əlavə etmədiyindən məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınmasına əsas görməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahatında üçüncü şəxs "xxxx" MTK-nın hazırda “X18” QSC olduğunu bildirərək, hüquqi şəxsin qeydiyyat sənədlərini təqdim etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 15.12.2021-ci il tarixli, **********649800 №-li çıxarışdan görünür ki, Qurumun adı (əvvəlki)– “Bağçasaray MTK; Qurumun adı (hazırkı) – “X18” MTK; qeydiyyata alındığı tarix – 24.05.2013-cü il; VÖEN - **********; Hüquqi ünvanı – AZ1025, ünvan 1spublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 30.12.2021-ci il tarixli, **********683900 №-li çıxarışa əsasən, Qurumun adı (əvvəlki) – “X18” MTK, Qurumun adı (hazırkı) – “X18” QSC; qeydiyyata alındığı tarix – 24.05.2013-cü il; VÖEN - **********; Hüquqi varislik “X18” MTK 24.05.2013-cü il tarixdə (**********) qeyddiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X18” QSC-yə çevrilmişdir və onun hüquqi varisidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 30.12.2021-ci il tarixli, **********683900 №-li çıxarışa əsasən Qurumun adı (hazırkı) – “X18” QSC; VÖEN - **********; qanuni təmsilçisi (əvvəlki)- X8; qanuni təmsilçisi (hazırkı)- X15. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxs “Bağçasaray MTK-nın “X18” QSC ilə əvəz edilməsini qərara almışdır. İş materiallarında olan: - 11.11.2004-cü il tarixli “Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasarlanmış qeyri-yaşayış sahəsi – xammal bazası üzrə əmlakın alğısatqı müqaviləsi”-dən görünür ki, Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətini sədri X4 və İddiaçı arasında, Əmlakın İnventarlaşdırılması Bürosundan verilmiş 26.08.2004-cü il tarixli Texniki pasporta əsasən Bakı "xxxx" ASC-nin istifadəsində olan Xətai rayonu, Zığ şossesinin sağındakı 46814.3 k.m torpaq sahəsi üzərində yerləşən Səhmdar Cəmiyyətə məxsus Xammal bazasındakı bina və qurğuları: 33 kv.m “A” tikilisi, 17.8 kv.m “B” tikilisi, 5.6 kv.m “C” tikilisi, 328.8 p.m. dəmir yolu xətti, 1 ədəd metal darvazanı, 991.75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğu nəğdedicilə birlikdə İddiaçı 62 000 000 manata satılmışdır. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 26.08.2004-cü il tarixli Müəssisə və Obyektin Texniki pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 1 saylı Taxıl məhsulları kombinatına gedən yolun qırağında yerləşən qeyri-yaşayış sahəsi – xammal bazasının (tikinti altı sahəsi 667.3 kv.m, ümumi sahəsi 57.3 kv.m, əsas sahə 11.3 kv.m, köməkçi sahə 46.0 kv.m) mülkiyyətçisi Bakı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. - 15 may 2007-ci il tarixli arayışdan görünür ki, Bakı "xxxx" ASC-nin Zığ şossesindəki Xammal bazasındakı 15 iyul 2004-cü il vəziyyətinə balansında olan ümumi dəyəri 12400 (on iki min dörd yüz) manat təşkil edən bina və qurğularının siyahısı Bakı "xxxx" ASC tərəfindən tərtib olunmuşdur. - 21 may 2007-ci il tarixli Bakı "xxxx" ASC və İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı "xxxx" ASC-nin İdarə Heyətinin sədri X4 şəxsində bir tərəfdən və İddiaçı digər tərəfdən Bakı "xxxx" ASC Səhmdarlarının 12.03.2003-cü il tarixli Ümumi yığıncağına və 11 noyabr 2004-cü il tarixdə Bakı şəhər altıncı dövlət notariusu kontorunda 4-Ə 1254 nömrəsi ilə qeydiyyatdan keçərək, dövlət notariat tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağındakı ətrafı daşla hasarlanmış qeyri-yaşayış sahəsixammal bazası üzrə əmlakın alğı-satqı müqaviləsinə əsasən, qeyri-yaşayış sahələrinin və xammal-bazası üzrə əmlakın təhvil-təslimini aparmışlar - Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 7-972/17 nömrəli, 16.11.2007-ci il tarixli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.4-cü və 19.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Xətai rayonu, Zığ şossesi, 1 saylı taxıl kombinatının şimal-qərbində 4.68 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınmasına və həmin torpaq sahəsinin İddiaçı adına rəsmiləşdiirlməsi barədə dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinə ünvanlanmış 08-2/4075 nömrəli, 01.06.2007-ci il tarixli məktubdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi barədə məlumatın istənilməsi ilə bağlı müraciəti Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə daxil olmuşdur. Bununla əlaqədar bildirilmişdir ki, Bakı Üzlük Materialları X3 bazasında "xxxx" Səhmdar Cəmiyyəti yaradılmış, səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. - cavabdeh tərəfindən iddiaçının nümayəndəsi A.İsmayılova ünvanlanmış **********39 nömrəli, 03.12.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 134 C, Zığ şossesinin sağında yerləşən əmlak kompleksi kimi müəssisəyə texniki baxış keçirilməsi ilə bağlı 13.10.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə tərəflərindən baxılaraq bildirilmişdir ki, texniki pasportda göstərilən tikililərin bəziləri sökülmüşdür və əlavə olaraq yeni tikililər inşa edilmişdir. Həmçinin, təqdim edilmiş texniki pasport 24.02.2006-cı il tarixində ləğv edilmişdir. Bundan əlavə, göstərilən ərazi digər şəxsin adına daşınmaz əmlakın reyestrindən qeydiyyatdan keçmişdir. - “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134 C ünvanda yerləşən əmlak kompleksi ilə bağlı icraat materiallarının (bütün sənədlərin) təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə” məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********95 nömrəli, 21.04.2021-ci il tarixli məktubla təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 134C saylı əmlak kompleksi kimi müəssisə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 08.05.2014-cü il tarixli icarəyə verilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 və onun adına qeydiyyata alınaraq, 29.05.2014-cü il tarixli çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11.07.2014-cü il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı müqaviləsinə əsasən əmlak kompleksinin istifadəsində olan 47322.1 kv.m torpaq sahəsi X1 və ona 13.08.2014-cü il tarixli yeni çıxarış verilmişdir. Sözügedən daşınmaz əmlak X12 tərəfindən 29.10.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X2 və sonuncunun adına 14.11.2014-cü il tarixli çıxarış verilmişdir. Qeyd edilən əmlak X13 tərəfindən "xxxx" MTKya satılmış və sonuncunun adına 03.02.2015-ci il tarixli və 25.06.2019-cu il tarixli çıxarışlar verilmiş və hal-hazırda mülkiyyətindədir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-511/2015 saylı, 18.02.2015-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “29.05.2014-cü il tarixli, ********** nömrəli reyestrdən çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin etibarsız sayılması” tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2472/2015 saylı, 04.09.2015-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev) İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı “çıxarışın etibarsız sayılması və s.” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-84/2016 saylı qərardadı ilə (hakim Z.Tağıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və s.” tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1347 saylı, 16.02.2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı "xxxx" MTK-nın cavabdehlər Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə və qeyrisinə qarşı “torpaq sahəsindən çxarılma və s.” tələbinə dair iddianın təmin edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7681/2019 saylı, 11.06.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin, çıxarışın və texniki pasportun ləğvi” tələbinə dair iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6110/2018 saylı iş üzrə 31.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin, çıxarışın və texniki pasportun ləğvi” barədə iddianın təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7342/2019 saylı, 18.11.2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Əsgərov, E.Vəliyeva, S.Hacıyev) İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7681/2019 saylı, 11.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesinin sağında yerləşən 46814.3 kv.m (4.6814 ha) torpaq sahəsi (991.75 p.m mişar daşı ilə hasara alınmış) və onun üzərində mövcud 33.9 kv.m “A” tikilisi, 17.8 kv.m “B” tikilisi, 5.6 kv.m “C” tikilisi, 328.8 p.m dəmir yolu xətti, 1 ədəd metal darvaza, 991.75 p.m daş hasarı və 1 ədəd daşdoğrayan qurğu nəğdedici bina və qurğulardan ibarət əmlaka dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi barədə hərəkətin qanunsuz hesab edilməsi və həmin texniki pasportun reyestrdə bərpa edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı mübahisəli ünvanda yerləşən tikililərə dair texniki pasportun bərpa edilməsini sözügedən tikililərin mükiyyətçisi olması faktından çıxış edərək tələb edir. O, tikililərin mülkiyyətçisi olması faktını notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə istinadla bildirir. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüququ ilə bağlı qeyd edir ki, həmin alğısatqı müqaviləsi hazırda qüvvədə olmasına baxmayaraq, onu mübahisəli əmlakların mülkiyyətçisi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03.02.2015-ci il tarixli və 25.06.2019-cu il tarixli çıxarışlarla təsdiq olunur ki, sözügedən əmlak kompleksi 03.02.2015-ci il tarixdə (yenidən 25.06.2019-cu il tarixdə) "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq reyestrdən çıxarış verilmişdir. Reyestrdəki həmin qeydlər və buna dair verilmiş çıxarışlar da, hazırda qüvvədədir. Belə olan halda isə, əmlakların mülkiyyətçisi kimi hazırda "xxxx" MTK qəbul edilməlidir. Çünki, qanunvericiliyə görə daşınmaz əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmalıdır, eləcə də, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllənin 139.1-ci maddəsi - Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddə - Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir). Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-7(k)/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli Qərarına əsasən müəyyən edilir ki, hazırda iddiaçının mübahisəli tikililərin mülkiyyətçisi olması iddiasının əsasını təşkil edən “Bakı "xxxx" ASC ilə texniki pasporta əsasən istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində yerləşən bina və qurğulara dair İddiaçıla bağlanmış” 11.11.2004-cü il tarixli alğı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanılıb-bağlanılmaması hazırda mülki məhkəmə icraatında araşdırılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddianı qaldırmaqda subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-3105/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1231/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1231/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver