Məhkəmə qərarları › İş №2-1(103)-1231/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1231/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1231/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5953/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 2021-ci il sentyabr ayından etibarən hesablamaq vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5953/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbi təmin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İşin hallarından aydın olduğu kimi, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, pensiya yaşına çatmağı ilə əlaqədar əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehdən imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 2021-ci il sentyabr ayından etibarən hesablamaq vəzifəsinin qoyulmasına dair inzibati aktın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********4 saylı qərardan görünür ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək, xx.xx.2023-cü ildən müddətsiz ödənilməsi qeyd edilmişdir. Hazırki işin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən iddia irəli sürülməsinə əsas olmuş hüquqi mübahisə öz həllini tapmış, iddiaçının tələbinə uyğun olaraq cavabdeh orqan tərəfindən ona pensiya təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə predmeti artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar