Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1232/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3012/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə doğma yurdundan qaçqın düşərkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi valideynləri tərəfindən alınmışdır. X3 zamanı döyüşlərdə iştirak edərək yaralanmışdır. İİ qrup Qarabağ Müharibəsi əlilidir. 2007-ci ildə yaşayış şəraitinin yaxşılaşdırılması üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, ona ev və ya torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamı ilə mərhum atasına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq hazırki vaxtadək həmin Sərəncamla göstərilən evi tikə bilməmişdir. Hazırda həmin Sərəncama görə ona dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilə bilmir. Yaşadığı fərdi yaşayış evi valideynləri tərəfindən o, hərbi xidmətdə olan zaman inşa edilmişdir. 2000-ci ildə ailə həyatı qurarkən valideynləri tərəfindən inşa edilmiş evə arvadını gəlin gətirmişdir. Binəqədi rayon İcra Hakimiyyət Başçısının 06.11.2007-ci il tarixli Sərəncamı ilə tikintisinə icazə verilmiş fərdi yaşayış evini inşa etdirə bilmədiyi üçün həmin orqana müraciət edərək Sərəncamın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 2021-ci il tarixli cavab məktubu ilə müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan əsassız imtina məktubu ilə pozduğu konstitusion hüququ məhkəmə vasitəsi ilə bərpa olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3012/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərək yaralanmışdır. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. 2007-ci ildə yaşayış şəraitinin yaxşılaşdırılması üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək ona ev və ya torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Binəqədi rayon RİH başçısı balanslarında ev və torpaq sahəsi olmadığını bəhanə gətirərək, atası mərhum X2 adında olan torpaq sahəsində ev tikmək üçün 06.11.2007-ci il tarixli sərəncam vermişdir. Onun maddi imkanı olmadığı üçün həmin sərəncam əsasında heç bir fərdi yaşayış evi tikməmişdir. Həmin sərəncamla atasının sağlığında nikahı pozulmuş bacısı üçün tikdiyi evi sənədləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən torpaq üzərində mülkiyyət hüququnun olmamasını səbəb gətirilərək sənədləşməyə imtina verilmişdir. Hal-hazırda yaşadığı fərdi yaşayış evi valideynlərimin sağlığında nikahı pozulmuş bacısı üçün inşa edilmiş evdir. Həmin sərəncam onun dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsinə maneə olur. Atasının adına olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin əmlak üzərində mülkiyyət hüquqları vərəsəlik qaydasında qardaşı X1. Məhkəmə tərəfindən həmin sərəncamın atasından vərəsəliklə qardaşına məxsus olan torpaq sahəsi üzrə qanunsuz olaraq verilməsi tam araşdırılmamışdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə açdığı qərar 2007-ci ildə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçının həmin vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququnun yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 379 №-li 06.11.2007-cı il tarixli sərəncamının (sərəncamın surəti iddia ərizəsinə əlavə olunmuşdur) ləğv olunması barədə iddiaçının iddia ərizəsi 07.10.2021ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (noyabr 2007-cı il) 14 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 06.11.2007-ci il tarixli 379 saylı sərəncamının surətindən müəyyən olunur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi 47 saylı evin sakini İİ qrup Qarabağ əlili vətəndaş İddiaçı Rayon icra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən evə atası X5 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.m) təqdim olunan layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş və lazımi sənədləri təqdim etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində 31.08.1998-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X2 mülkiyyətinə verilmiş və 13.06.1990-cı ildə evin texniki pasportu tərtib edilmişdir. Qeyd edilənlərə və vətəndaş İddiaçı İİ qrup Qarabağ müharibəsi əlili olmasını və mənzil şəraitinin çox ağır olduğunu nəzərə alaraq Sərəncam verilmişdir. İş materiallarında olan Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 02.11.2021-ci il tarixli BA-05146-2021 №-li məktubunda qeyd olunmuşdur ki, İddiaçı barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 06.11.2007-ci il tarixli, 379 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 08.12.2021-ci il tarixli 04/09-11-31/2416 saylı məktubunda qeyd olunmuşdur ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxivində 2016-2020-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur və 2016-cı ildən əvvəlki illəri əhatə edən dövrə aid sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən də, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 06.11.2007-ci il tarixli 379 saylı Sərəncamının və Sərəncamın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması barədə məlumatın verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd olunmuş Sərəncamın İddiaçı rəsmi qaydada təqdim olunub-olunmaması, təqdim olunduğu təqdirdə hansı tarixdə təqdim olunması barədə məlumatın verilməsi ilə bağlı isə bildirilmişdir ki, Sərəncamın qəbul olunması tarixindən 14 il keçdiyindən məsələnin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan iddiaçının ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 04-/09-11-11/v-30-068 saylı cavab məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 06.11.2007-ci il tarixli 379 saylı Sərəncamının ləğv olunmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 04.10.2021-ci il tarixli V-30-068 saylı müraciətə tərəflərindən baxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qanunsuz və qanuni inzibati aktların ləğv olunması üçün nəzərdə tutulmuş əsaslar olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 379 №-li 06.11.2007-cı il tarixli sərəncamının ləğv olunması barədə iddiaçının iddia ərizəsi 07.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan sonra məhkəməyə müraciət edərək, mübahisələndirilən sərəncamın ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 14 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-3012/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1232/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1232/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver