Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1232/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə sonradan isə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 48 kvm. sahəsi olan yardımçı sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 29 avqust 2005ci il tarixli, 282 saylı müqaviləyə əsasən 2099-cu ilə qədər ona icarəyə verilmiş, halhazırda orada fərdi mənzili var və ailəsilə birlikdə yaşayır. Bina işıq, su və qazla tam təmin olunub və bina tam təhvil verilib. Bundan başqa, həmin torpaq sahəsində o, 48 kvm. sahəsi olan yardımçı tikinti inşa etmişdir. Həmin yardımçı tikilini özəlləşdirməkə məqsədlə 2022-ci ilin may ayında tikilinin sənədlərini məktubla birlikdə qeydiyyata alınması üçün İdarəyə göndərmiş, lakin xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən ona verilən cavab məktubu ilə əsassız olraq ünvan 2 ünvanında yerləşən 48 kvm. sahəsi olan yardımçı sahə üzərində hüququn qeydə alınmasından imtina etmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanlanmış etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə idarəyə müvafiq tələblə müraciət etmiş araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin, Bələdiyyə torpağının icarəyə verilməsi haqqında bələdiyyə qərarı təqdim edilməmişdir. Torpaq sahəsi iddiaçıya “bağ sahəsi kimi istifadə üçün” ayrılmasına baxmayaraq, faktiki olaraq torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış binası inşa edilmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir.Həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********39 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən ərazi yolkənarı yaşıllıq sahəsidir və yoldan yeddi metr aralıda yerləşir. Torpaq sahəsinin qərb sərhədindən 11.5 metr aralıda 530 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10777/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Qərar qanunsuz və əsassızdır. Belə ki, mənzil iddiaçıya “RRR-MTK” ilə bağlanmış müqavilə əsasında verilmiş, pay haqqının tam ödənilməsinə dair maliyyə arayış var və binanın tikintisi başa çatdıqdan və təmir olunduqdan sonra iddiaçı mənzildə yaşamağa başlamışdır. Artıq həmin banada yaşaynlardan 14 nəfər qonşusuna cavabdeh çıxarış vermişdir.Hətta iddiaçı ona həmin binadan 78 saylı mənzilinə verilmiş çıxarışı məhkəməyə təqdim etmişdir. Dyaşayış binasının istismara qəbul aktının olmaması və MTK üzvlərinin ümumi yığıncağının qərarının olmamasına gəldikdə, əgər istimara qəbul aktının olmaması ilə bağlı iddia təmin olunmursa, onda digər şəxslər necə çıxarış ala bilir. Cavabdehin mənzilin ölçüsünün sənəd üzrə 141,2 kv.m, faktiki 130,5 kv.m təşkil etməsi ilə bağlı həmin hissədə iddiaçının mübahisəsi mövcud deyil., iddiaçının niyəti sadəcə mənzilə çıxarış almaqdır. Məhkəmə iş üçün bütün faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, eləcə də, məhkəmə iclasına gəlmədyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxlması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış "Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bağ sahəsi kimi istifadəsi üçün icarəyə verilməsi haqqında” 282 nömrəli, xx.xx.2005-ci il il tarixli müqavilə ilə icarəyəverən mülkiyyətindəki 9a mkr. Rezervuar 160 küçəsində 330 kv.m torpaq sahəsini sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, əkməklə yaşıllaşdırmaq məqsədi ilə xx.xx.2005-ci ildən 2099-cu ilədək icarədara verilmişdir. Eyni zamanda işdən görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli, 02/**********/K-12 nömrəli məktubunda iddiaçının, yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə tikinti işlərinin aparılmasına icazə verilməsinə köməklik göstərilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 09-20/K-12 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş plan və ölçülərinin, həmçinin mövcud evin hüquqmüəyyənedici sənədlərinin notarial qaydada təsdiq olunmuş surəti müraciətinə əlavə edilməmişdir. Qeyd olunan sənədlər Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxılacaqdır. Eyni zamanda, işə əlavə olunmuş lisenziyalı "PN-İnşaat” MMC tərəfindən tərtib edilmiş mübahisəli ünvanda yerləşən iddiaçıya məxsus yardımçı tikilinin 2019-cu il tarixdə tərtib olunmuş layihənin surətindən görünür ki, həmin tikilinin 1-ci mərtbəsində ölçüsü 12,57 kvm., 14,62 kvm. olan yardımçı sahələr, ölçüsü 5,61 kvm. olan mətbəx, olçüsü 10,92 kvm. olan dəhliz, mansardda ölçüsü 12,57 kvm., 14,62 kvm. olan yardımçı sahələr, ölçüsü 10,92 kvm. olan dəhliz vardır. Cavabdeh idarənin iddiaçının mübahsəli yardımçı tikilin qeydə alınması ilə bağlı müraciətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********39 nömrəli cavab məktubundan görünür ki, qeyri-yaşayış binasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır... Məhkəmə kollegiyası cavabdeh tərəfindən qeyd olunan əsaslarla mübahisəli ünvanda yerləşən qeyri-yaşyış binsının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır... Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcələnin 58-ci maddəsinə əsasən
1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün ilk öncə, torpağın icarəyə verilməsi barədə qərar qəbul olunmalı, bundan sonra, həmin qərar əsasında tərəflər arasında icarə müqaviləsi və alqı-satqı aktı bağlanmalıdır. İcarəyə verilmiş torpaq sahəsində tikili inşa olunmasına gəldikdə isə həmin torpaq üzərində şəhərsalma, və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq və torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, tikinti işləri aparıla və müvəqqəti tikililər ucaldıla bilər. Lakin iş materiallarına, o cümlədən, qeyd olunan, iddiaçının təqdim etdiyi xx.xx.2005-ci il il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsinin onun icarəsinə verilməsinə dair bələdiyyə qərarıının, eyni zamanda, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin şəhərsalama və tikinti qaydalaına uyğun tikildiyini əks etdirən sənədələrinin mövcudluğu müəyyən olunmur «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu isə iddia olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüşququnu qeydə alınmasını zəruri edən aşağıdakı əsasların mövcudluğu tələb olunur: - 8.0.1 -ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.1. 9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.1. 9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.1. 9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.1. 9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.1. 10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.1. 10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Qanunun qeyd olunan 8.0.9.2-ci və 8.0.10.2-ci maddələrinin tələblərindən göründüyü kimi, AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə münasibətdə - qeyri-yaşayış binasının qeydə alınması üçün icarə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililərə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə qeydiyyat üçün əsasdır. Digər tərədən, həmin əsaslarla yanaşı icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsünün də qeydiyyat orqanına təqdim olunması tələb olunur ki, reyestrdə qeydiyyatın aparlıması mümkün olsun. Cavabdehin iddiaçıya ünvanlanmış imtina cavabından və iddia ərizəsinə əlavə edilən sənədlərdən isə aydın olur ki, qanunvericilikdə sadalanan sənədlərin tam dosyesi (torpağa dair qərar, razılaşdırılmış eskiz layihə, tikintiyə icazə sənədi, istismara qəbul aktı və s.) nə qeydiyyat orqanına, nə də ki məhkəməyə təqdim olunmmamışdır. Əslində, iddiaçının hazırkı apellyasiya şikayətinin dəlillərinə və onun məhkəməyə verdiyi izahatına əsasən də qeyd olunan sənədlərə malik olmadığı öz təsdiqini tapır. Beləliklə də iddiaçının ona məxsus qeyri yaşayış binasının (yardımçı tiklinin) dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı müraciətinin qeyd alınmalı hüquq olmadığı sübuta yetirilir. Qeyd olunan Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin qeydiyyatdan imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsi qərarından da, məhz, görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmamış, işin halları qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş və iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10383/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.