Məhkəmə qərarları › İş №2-1(103)-1232/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1232/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1232/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə qərarın etibarsızlığının tanınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14256/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 11 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə Biləcəri qəsəbəsi ərazisində 500 kv.m torpaq sahəsinin X1 haqqında Biləcəri Bələdiyyəsinin qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14256/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14256/2023 saylı, 17 oktabr 2023-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir . Bu zaman həmin qərardaddan apellyasiya şikayəti verilməsi üçün son gün xx.xx.2023-cü il tarixi olsa da, apellyasiya şikayəti poçt rabitə oranına xx.xx.2023-cü il tarixində verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 31.2ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, iddiaçının və onun nümayəndəsi- vəkili Vəkil1 elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə kollegiyasının iclasına iddiaçının nümayəndəsi-vəkili gəlmiş, lakin cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdeh tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni təqdim edərək təmin olunmasını, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin qərardadının xx.xx.2023-cü ildə elektron kabinetə yerləşdirildiyindən xəbərdardır, məlumatlıdır, lakin xx.xx.2023-cü il tarixdə də elektron kabinetə sənədin yerləşdirilməsi ilə bağlı bildiriş gəldiyindən aktın xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirildiyini düşünmüş və apellyasiya şikayətinin verilməsi üçün müddət axımının xx.xx.2023-cü il tarixdən başlandığını zənn etmişdir. Buna görə də hesab edir ki, ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi-vəkili Vəkil1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14256/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdən məlumatlı olmuş, lakin həmin qərardaddan 8 gün müddəti ötürməklə apellyasiya şikayəti ilə müraciət etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatında “onun elektron kabinetinə xx.xx.2023-cü il tarixində də bildiriş gəldiyini və müddətin axımının həmin vaxtdan hesablandığını zənn etdiyi” dəlili ilə razılaşmır. Qanunvericilik məhkəmə aktlarından şikayət verilməsi ilə bağlı müddətləri konkret müəyyən etmişdir. Qanunvericilikdə məhkəmə aktlarının sonradan təqdim edilməsi halında müddətin axımının fərqli qaydada hesablanması ilə bağlı hər hansı bir norma, istisna hal mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası ötürülmüş müddəti üzürlü hesab etməyərək nəticəyə gəlir ki, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14256/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar