Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1232/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "piket keçirilməsinə icazə verilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-15636/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1, İddiaçı7 və İddiaçı8 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçının xeyrinə 10 000 manat pulun tutulması, işə 2 gün müddətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iş üzrə iddiaçılar Bakı şəhər İcra Hakimiyyətinə sərbəst toplaşmaq hüqununun təmin edilməsi ilə bağlı cavabdehə müraciət ünvanlamışlar. Müraciətdə aşağıkalar qeyd edilmişdir”: həll edilməyən problem, məmur biganəliyi, nəticədə qanuni qüvvəsini almış məhkəmə qərarının iki ildən artıq müddətdə icra edilməməsi, çoxsaylı müraciətlərə cavab verilməməsidir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 78/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək əmək müqavilələrinə xitam verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, xx.xx.2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı4 cavabdehə həvalə edilmişdir. Dövlət qurumlarına əlliyə yaxın müraciətlər nəticəsiz qalmışdır. Halbuki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmə qərarının icrası məcburidir. Bu səbəbdən iddiaçılar tərəfindən Ədliyyə Nazirliyinin qarşısında piket keçirilməsinə dair qərar verilmişdir. Piketdə 20 nəfərədək adam iştirak edəcək. Piketin keçirildiyi vaxt: 10 noyabr 2024, saat 12-00 Piketin keçirildiyi yer: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qarşısı. Müddət: yarım saat. Səsləndiriləcək şüarlar: "Məhkəmə qərarı icra edilsin. Dövlətin adından çıxan sənədə hörmət edilsin."Piketdə səsgücləndiricidən istifadə ediləcəkdir. Piketin sonunda müvafiq bəyanat Nazirliyin rəhbərliyinə çatdırılacaqdır. Bakı şəhər İcra Hakimiyyəti 5/11/2024-ci il tarixli məktubda aşatğıdakıları bildirdi: “Sizin piket keçirilmə barədə müraicətənizə baxıldı. Ərizədə qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edə bilərsiniz. Bildiririk ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən 10 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.” İddiaçılar cavabdehin cavabını-hərəkətini qanunsuz hesab edirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15636/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarıına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. 5-ci maddəsinin İİ hissəsinə əsasən, yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında planlaşdırılmış piketin keçirilməsinə icazə verilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini və cavabdeh inzibati orqandan vurulmuş mənəvi zərərə görə hər birinə kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə kollegiyası tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur. Belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir və buna istinadən iddiaçılar iddiada inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu (hüquqlarının pozulmasını) əsaslandıra bilməmişlər. Kollegiya tələbin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıların hər birinə mənəvi zərərin ödənilməsi tələbin birinci hissəsindən asılı olduğundan, həmçinin iddiaçıların müvafiq tələblə cavabdeh inzibati orqana ilkin müraciətinin olması barədə məhkəməyə hər hansı dəlil təqdim olunmadığından həmin hissədə də mümkünlük şərtləri ödənilmir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçılarnın müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15636/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1232/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1232/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver