Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1233/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımovdan və X1 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçı MMC-nin qanuni nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********635700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti reklam üçün yerlərin verilməsindən ibarətdir. İddiaçı Əqli Mülkiyyət Agentliyinin N2024 0467 nömrəli şəhadətnaməsi əsasında İddiaçı əmtəə nişanını almışdır. Müəssisənin əsas fəaliyyəti İddiaçı internet saytı ilə bağlı olmuşdur. Belə ki, iddiaçı xidmət göstərdiyi müəssisələrə İddiaçı saytı üzərindən xidmətlər göstərməsinə baxmayaraq cavabdeh əsassız olaraq reklam sahəsində xidmətlərin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığımızı bildirmişdir. Halbuki, İddiaçı saytına daxil olarkən müvafiq reklamların sayta yerləşdirildiyi görünür. İş üzrə təqdim olunmuş protokollardan da göründüyü kimi, iddaçı tərəfindən "xxxx" ASC-yə İddiaçı saytında reklam bannerlərinin yerləşdirilməsi, digital marketing ilə bağlı reklamların hazırlanması, “google adwords” xidmətlərini göstərmişdir. Göründüyü kimi aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında müqavilələr bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Belə ki, həmin Qanunun 61.1-ci maddəsinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmçinin cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, onun satış dövriyyəsini olduğu kimi qəbul edir. Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur və cavabdeh bəyannamələrdə həmin məbləğləri də azaltmalı idi. Göründüyü kimi, cavabdehin əməliyyatı əmtəəsiz hesab etməsi onun öz yanaşması ilə də ziddiyyət təşkil edir.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 228,9 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “Reklam sahəsində xidmətlər" adlı xidmətlərin satışda qeyd olunduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən qeyd edilən xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı müəyyən edilmişdir ki, bu da həmin əməliyyatların faktiki olaraq yerinə yetirilmədiyini deməyə əsas verir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin müddəalarına əsasən bu cür əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilir. Qeyd edilən hal nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş, xx.xx.2024-cü il tarixli **********635700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq cəmiyyətin elektron qutusuna göndərilmiş və təqdim etdiyi eqaimələr AVİS-in risk alt moduluna əlavə edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********635700 qərar ləğv edilməsi qərara alınmışdır.
5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
8. Məhkəmədə iddiaçının qanuni təmsilçisi, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bundan başqa iddiaçının vəkili və nümayəndəsi izahat verərək, bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxsin barəsində mübahisə predmeti olan qərar qəbul edilərkən onun əmtəəsiz əməliyyat aparılması qeyd olunmuş, hərçənd ki, əmtəəsiz əməliyyatın hansı hallarla müşayət olunması ilə bağlı dəlillər məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, iddiaçının işçi qüvvəsinin az olmasına baxmayaraq reklam xidmətlərinin həyata keçirilməsi mümkün deyil. Belə ki, iddiaçının 5-6 nəfər işçisi var və onların heç biri reklam sahəsi üzrə mütəxəssis deyil. Qeyd olunanlar isə iddiaçı ilə “Unibank” KB arasında aparılmış əməliyyatların həqiqətən də olmasını şübhə altına alır.
10. Cavabdehin nümayəndəsi işçi qüvvəsi ilə bağlı iddiaçının qanuni təmsilçisi olan Elçin Dövlətovun gətirdiyi arqumentin əsassız olmasını bildirmiş və məhkəmədə həmin əməliyyatların həyata keçirilməsini əyani olaraq nümayiş etdirmişdir. Əməliyyatların nümayişi zamanı müəyyən edilmişdir ki, verilmiş reklam şifarişlərinin İddiaçı saytında yerləşdirilməsi qısa müddət ərzində 3-cü şəxsin köməyi olmadan həyata keçirilmişdir. Bundan başqa o da müəyyən edilmişdir ki, “Unibank” KB tərəfindən reklam çarxları hazır vəziyyətdə iddiaçıya göndərilir, iddiaçı isə gücləndirimiş proqram vasitəsi ilə reklam banerlərini və digər reklamları saytın ön səhifəsinə yerləşdirir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli **********635700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsini tələb edir.
20. Cavabdeh orqan isə vergi ödəyicisinin qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmadığı bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
21. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
22. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və "xxxx" MMC-yə sorğu göndərilmişdir.
23. Təqdim edilmiş sənədlər birinci instansiya məhkəməsində araşdırılan və tədqiq edilən sənədlərlə eynilik təşkil etmişdir.
24. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********635700 nömrəli qərarla, İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
25. Kollegiya qeyd edir ki, cavabdeh vergi orqanı qərarında vergi ödəyicisinin xidmətin həyata keçirilməsi üçün tələb olunan iqtisadi resurslara malik olmamasını qeyd etmiş və əməliyyatları əmtəəsiz kimi qiymətləndirmişdir. Halbuki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na xx.xx.2024-cü ildən öncə verilmiş redaksiyadan sonra verilən yeni redaksiya müvafiq iqtisadi resurs tələb edən iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan fəaliyyəti həyata keçirən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Nəzərə alınmalıdır ki, qeyd olunan müddəa Meyarlarda qərar qəbul edildiyi xx.xx.2024-cü ildə olmasa da cavabdeh təşkilat məhkəmədə iddia tələbinə verilmiş etirazda, o cümlədən Bakı İnzibati Məhkəməsinin qərarına qarşı verilmiş apellyasiya şikayətində iqtisadi resurslarının olmamasına istinad etmiş və bunun nəticəsi olaraq vergi ödəyicisinin apardığı əməliyyatı əmtəəsiz kimi qiymətləndirmiş, lakin əmtəəsiz əməliyyatın nədən ibarət olması ilə bağlı məhkəməyə hər hansı bir tutarlı dəlil təqdim etməmişdir.
26. Mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli qərarın əmtəəsiz əməliyyat aparılması qeyd olunsa da verilmiş etirazda iqtisadi resurslarla bağlı iddiaçının qanuni nümayəndəsinin eksperement yönümlü nümayişi iddiaçının məşğul olduğu fəaliyyətin həyata keçirilməsi üçün əlavə işçi qüvvəsinə zərurət olmamasına dəlalət edir.
27. Hesab olnur ki, vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir.
28. Belə ki, Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
29. Odur ki, Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
30. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il tarixli **********635700 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11096/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.