Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1235/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “bakalavr diplomunun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-2884/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-2884/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Gürcüstan Texniki Universiteti tərəfindən verilən 17 aprel 2018-ci il tarixli, BD 007326 nömrəli bakalavr diplomunun tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Gürcüstan Texniki Universitetini 17 aprel 2018-ci il tarixdə Biznes Texnologiyaları fakültəsi, Biznes İdarəçiliyi ixtisası üzrə bitirib və BD 007326 nömrəli diplomu alıb. 25.09.2019-cu il tarixdə həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət edib. Həmin İdarənin 16.12.2019-cu il tarixli qərarı ilə iddiaçının tələbi rədd edilərək bildirilib ki, Gürcüstan Texniki Universitetinin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yetirməyi qeyri-mümkündür. Bu səbəblə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmağı mümkün deyil. Hesab edir ki, İdarənin tamamilə əsassız olaraq onun diplomunun tanınmağından imtina edib. İddiaçı bildirir ki, o, qiyabi təhsil alsa da, bütün imtahanlarda şəxsən iştirak edib və bütün fənlər üzrə kreditini tamamlayaraq məzun olub, diplom alıb. Bunu iş üzrə sənədlərə əlavə edilmiş ölkəyə girişçıxış tarixlərinin əks olunduğu pasport məlumatları da təsdiq edir. Bu diplomun tanınması ona peşə və gələcək təhsil fəaliyyəti ilə əlaqədar lazımdır. Hal-hazırda cavabdeh iddiaçının aldığı təhsili tanımayaraq onun nəticədə, Avropa İnsan hüquqları Konvensiyasının 8-ci maddəsi ilə də təminat altına alınan Şəxsi həyata müdaxilənin yolverilməzliyi hüququnu pozur. Bakı İnzibati Məhkəməsinin 21.05.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-2884/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında göstərmişdir ki, o rus dilində təhsil alıb və rus dilini mükəmməl bilir. O, Gürcüstan Respublikasında təhsil alıb, təhsil aldığı universitet boloniya sistemi fəaliyyət göstərir. Həmin universitetin diplomu bütün Avropa məkanında qeyd-şərtsiz tanınır. Universitet tələbənin imtahan balı ilə diplom verir. Yüksək göstərici əldə etmək isətəyən tələbə seminarlarda iştirak edə bilər. Məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalar uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olaraq imtina cavabı verilib. Həm cavabdehin, həm də məhkəmənin mövqeyi tamamilə qanunsuzdur. Apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş № BD № 007326 saylı, 20.03.2018-ci il tarixli bakalavr diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2018-ci ildə Gürcüstan Texniki Universitetinin Biznes-mühəndislik dərəcəsini bitirmiş və Biznes idarəetməsi bakalavr dərəcəsi ilə təltif edilmişdir. X3 Universiteti tərəfindən 02.07.2018-cı il tarixdə № **********48386 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Gürcüstan Texniki Universiteti Biznes-mühəndislik fakültəsi tərəfindən İddiaçı verilmiş 76 nömrəli, 11.02.2016-cı il tarixli arayışın Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 20 noyabr 2013-cü il tarixli 2959/05 saylı əmrə əsasən Gürcüstan Texniki Universitetinin Biznesmühəndislik fakultəsinin rus dilli “Biznesin idarə edilməsi” bakalavr təhsil proqramına qəbul olunmuşdur (təhsilin formasıtam yüklənmə ilə təhsilalma). Ali təhsil müəssisəsini bitirmə tarixi 2017-ci ilin iyul ayıdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Gürcüstan Texniki Universiteti tərəfindən 17 aprel 2018-ci ildə BD №007326 saylı bakalavr diplomu verilmiş, həmin X3 Universitetinin səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırkı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin səlahiyyətli orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikasının 15 aprel 1997-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 4-cü maddəsinə görə tərəflər hər iki dövlətin təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, elmi dərəcə və adlar barədə 1992-ci ilin yanvarın 1-dən sonra verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq üçün lazımi işlərin aparılması haqda razılığa gəldilər. Həmin Sazişin 8-ci maddəsinə görə tərəflərdən hər biri öz təhsil müəssisələrinə digər Tərəfin vətəndaşlarının mövcud qəbul qaydaları əsasında müsabiqə yolu ilə və ödənişli əsaslarla qəbul edilməsinə və onların kompensasiya əsasında təhsil almalarına etiraz etmir. Digər tərəfdən Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya razılığa gələn bir neçə dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9). Məhkəməyə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2011-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən təhsil aldığı 2013- 2017-ci illərdə təhsil müəssisəsinin yerləşdiyi ölkədə qısa müddət ərzində olmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olaraq imtina verilimişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-2884/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1235/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1235/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver