Məhkəmə qərarları › İş №2-1(103)-1235/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1235/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1235/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8201/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, ev 2, mənzil 7B üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasın xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərelektroterm” BİB yataqxanasında yaşayış sahəsi almaq üçün ona 16 nömrəli, xx.xx.1995-ci il tarixli order verilmişdir və ünvan 1 ünvanda yerləşən mənzil ona ailə üzvlərilə birlikdə verilmişdir. 1988-ci ildə qeyd olunan ünvana qeydiyyata alınmışdır. Həmin vaxtdan da mənzil ona təhvil verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12/1 nömrəli, 19 mart 2021-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən mənzilinə 4 nəfər ailə üzvü olmaqla onun adına kirayə müqaviləsi bağlanılmış və o, mənzilin kirayəçisi hesab edilmişdir. Ailə üzvləri və o, müvafiq olaraq bu ünvana pasport qeydiyyatına alınmışlar. Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. O, mənzilin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir və bu barədə xx.xx.2021-ci il tarixdə cavab verilmişdir. Cavabda əsassız olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanunun 8.0.11. maddəsinə istinad edilmiş, lakin bu mənzilə dair orderin ona 1995-ci ildə verilməsi nəzərə alınmamışdır. Həmçinin sosial kirayə müqaviləsinin də yaxın zamanda bağlanması əmlakın reyestrdə qeydiyyatdan keçirilməməsi üçün əsas ola bilməz. Mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur, cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermişdir və çıxarışın verilməsi onun yaşayış sahəsi ilə bağlı hüquqlarımın həyata keçirilməsi üçün vacibdir. Təqdim edilən sənədlərdən də aydın görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona sərəncam verilmişdir və həmin sərəncam daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., məhəllə 3123, 2 saylı evin 7b saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı İdarəyə müraciət ərizəsinə əlavə etdiyi müvafiq mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 12/1 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********61 qeydiyyat nömrəli 9 iyun 2021-ci il tarixli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8201/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş və şikayətdə iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, ev 2, mənzil 7B üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əsasən dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalniz istifadəyə verilə bilər. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən mənzil (yataqxana) iddiaçının işlədiyi müəssisə tərəfindən ona həmin müəssisədə işlədiyi müddətdə yaşayış sahəsi ilə təmin olunması üçün ayrılmışdır. Həmin yaşayış sahəsinin hazırki balanssaxlayıcısı ilə iddiaçı arasında kirayə müqaviləsi isə xx.xx.2021-ci il tarixdə verilmiş sərəncam əsasında bağlanılmış və iddiaçı həmin tarixdən mənzilin kirayəçisi hesab olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Azərelektroterm” EİB Bakı Elektrik Termik Avadanlığı Zavodu müdiriyyəti və Həmkarlar İttifaqı komitəsinin xx.xx.1995-ci il tarixli birgə iclasının 82 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, müəssisənin işçisi İddiaçı ailəvi yataqxanada yaşayış sahəsi ilə təmin edilməsi, yataqxananın ünvanının Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr. 3123-cü məhəllə, yataqxana № 2, kirayə otağı kimi müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərelektroterm” EİB yataqxanasında yaşayış sahəsi almaq üçün 16 № li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan order İddiaçı ondan ötrü verilmişdir k, həmin müəssisədə işlədiyi müddətdə o, yataqxanada (7-ci mikr. 3123-cü məhəllə, yataqxana № 2) yaşayış sahəsi ilə təmin olunur. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr. 3123-cü məhəllə, 2 saylı evin 7B saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” 12/1 №li xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 2 saylı evin, yaşayış sahəsi 30,3 kv. metr olan 2 otaqlı 7B saylı mənzilinə 4 nəfər ailə üzvü ilə İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 355 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikr. 3123-cü məhəllə, 2 saylı evin 7B saylı mənzilin sahibi (kirayəşin) İddiaçı 4 nəfərdən ibarət ailəsi, onlardan özü, həyat yoldaşı X1, oğlu X3 və oğlu X4 həmin ünvanda daimi qeydiyyatdadırlar. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X1, X3 və X4 ünvan 7 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdırlar. İş materiallarında olan İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********61 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, məhəllə 3123, 2 saylı evin, 7B saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə İdarə tərəfindən baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, məhəllə 3123, 2 saylı evin, 7b saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, müraciətinizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 12/1 saylı sərəncamı xx.xx.2021-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ- İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. İşdən göründüyü kimi, iddiaçının cavabdehə müraciət ərizəsinə (1) mənzili özəlləşdirməyə razılığı barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxsin ərizəsi, (2) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və (3) mənzil sahəsinin orderi əlavə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən, etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatıq dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini iddiaçının adına müvafiq sərəncamın xx.xx.2009-cu il tarixdən sonrakı vaxtda xx.xx.2021-ci il tarixdə bağlanması ilə əsaslandırır. Lakin məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Çünki mənzilə dair iddiaçı ilə İH arasındakı müqavilə 2021-ci ildə bağlansa da, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə (1995-ci ilə) təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, 2 saylı evin, 7B saylı mənzilinə dair iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8201/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə, ev 2, mənzil 7B üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar