Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1235/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “bəyannamənin rəsmiləşdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “**********8953 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10496/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (alıcı) ilə “Pidilite İndustries” LTD şirkəti (satıcı) arasında bağlanmış 1 iyun 2021-ci il tarixli müqaviləyə əsasən satıcı elektron və ya yazılı formada müqavilədə göstərilən məhsulları müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə iddiaçının ünvanına tədarük etmək, alıcı isə malları qəbul etmək, qiymətlərin satıcının cari qiymət siyahısına əsasən ABŞ dolları ilə verilmiş qiymətlər olması, ödəniş şərtlərinin hesab fakturanın verilməsindən sonra 90 gün ərzində ödənilməsi barədə razılığa gəlmişlər. “17 avqust 2021-ci il tarixli **********8953 nömrəli gömrük bəyannaməsinə əsasən mal qəbul edən/idxalatçı (iddiaçı) mal göndərən ixracatçı “Pidilite İndustries LTD” şirkətindən 12412 kq həcmində 1795 qutu Hindistan istehsalı olan, invoys qiyməti 11826,85 ABŞ dolları, gömrük dəyəri 35.871,70 manat, statistik dəyəri 21,101 manat olan yapışdırıcı aldığını bəyan etmişdir. Həmin məbləğlər əsasında cəmi 13.172,0 manat məbləğində gömrük ödənişi hesablanmışdır. Gömrük rəsmiləşdirilməsi barədə gömrük əməkdaşlarının qeydinə əsasən təqdim olunan invoysun tərtibatında risk ehtimalı yaranmışdır. İdxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq, fərqli təyinata və xüsusiyyətlərə malik mallar olduğu aşkar edilmişdir. Həmçinin, idxal olunan malların daxili və xarici bazar qiymətləri haqqında məlumatlar əldə edilmiş və iddiaçının təqdim etdiyi invoysdakı qiymətlərlə əldə edilən məlumatlar arasında uyğunsuzluq yaranmışdır. Odur ki, gömrük dəyərinə düzəliş edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 8 sentyabr 2021-ci il tarixli 08/09- 21VH nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 17 avqust 2021-ci il tarixdə Hindistan Respublikasından yapışdırıcı mal idxal edilmişdir. İdxal edilən mal üzrə 17 avqust 2021-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilsə də, bu günə qədər həmin mallar rəsmiləşdirilməmiş, eləcə də bununla bağlı heç bir əsaslandırıcı rəsmi cavab verilməmişdir. İdxal edilən mallar daşıyıcı şirkətə məxsus nəqliyyat vasitəsi ilə birgə gömrük postunda saxlandığı üçün iddiaçı hər ötən gün üçün əlavə muzd ödəyir və bu hal şirkətə ziyan vurulmasına gətirib çıxarır. Məktubda həmçinin, idxal edilən yapışdırıcı malların bu günədək rəsmiləşdirilməməsinin, sözügedən gömrük orqanının hərəkətsizliyinin, xüsusilə də mallar üzrə tərtib edilmiş **********8953 nömrəli gömrük bəyannaməsinin təsdiq edilməməsinin əsası və səbəbləri barədə ətraflı məlumatın verilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi bəyannamə üzrə malların rəsmiləşdirilməsi həyata keçirilmədiyi üçün İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “**********8953 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə Hindistan şirkəti olan “Pidilite İndustries” LTD şirkəti ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu şirkət tərəfindən iddiaçıya yapışdırıcı mallar göndərilmiş, həmin mallara dair verilmiş 13 iyul 2021 tarixli, 90024470-1 nömrəli invoys və digər zəruri sənədlər əsasında 17 avqust 2021 tarixli, **********8953 nömrəli bəyannamə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Təqdim edilən yük gömrük bəyannaməsinə görə, idxal edilən malın invoys dəyəri 11.826,85 ABŞ dolları təşkil edir. Lakin cavabdeh heç bir əsas olmadan malların yük gömrük bəyannaməsində göstərilən invoys dəyəri ilə razılaşmayaraq gömrük rəsmiləşdirilməsini həyata keçirməkdən imtina etmişdir. Halbuki, eyni mallar, eyni invoys qiyməti ilə başqa şirkətlər tərəfindən idxal edilmiş və həmin qiymətlər üzrə gömrük hesablamaları aparılmaqla rəsmiləşdirilmişdir. Cavabdeh orqan qeyd olunan məsələ ilə bağlı qiymətlərin azaldılmasına dair hər hansı sübut, dəlil gətirmədən, öz mövqeyini əsaslandırmadan şifahi qaydada malların alış qiymətinə müvafiq düzəlişlər edilməsinə təkid edir. Halbuki, qanunvericiliyin tələbinə əsasən bu kimi hallarda gömrük orqanı tərəfindən yazılı bildiriş verilməli və verilən yazılı bildirişdə gömrük qiymətləndirilməsinə düzəlişlər qanuni şəkildə əsaslandırılmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Qeyd edilən normaya əsasən idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların invoys üzrə bir adda bəyan edilməsinə baxmayaraq, fərqli təyinata və xüsusiyyətlərə malik mallar olduğu aşkar edilmiş, həmçinin gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmışdır. Belə ki, mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmiş və cədvələ əsasən “Fevicol” və “Fevicol MR” markalı yapışdırıcılar ayrı-ayrı qiymətlər üzrə təqdim olunmuşdur. Bundan əlavə, araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olunmuş və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsi müəyyən olunmuşdur. Həmçinin, “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində, ünvan 4 ünvanında satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına (www.unimac.az) baxış keçirilmiş, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanılmış, məhsulun daxili və xarici bazar qiymətləri əldə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10469/2021 saylı 8 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının adına və ünvanına göndərilən yapışdırıcı mallara dair 17 avqust 2021 tarixli **********8953 nömrəli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar verərkən iddiaçının iddia tələbinin nə olduğunu düzgün müəyyənləşdirə bilməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələblərini pozaraq iddia tələbindən kənara çıxmışdır. Məhkəmə qərarında qeyd edir ki, “Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı Qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, göründüyü kimi, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır.” (10-cu səh., 4-cü abzas). Halbuki, iddiaçı cavabdehə təqdim etdiyi gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsi üsulu kimi heç də sövdələşmə qiymətinin tətbiq edilməsi üsulunu deyil, ehtiyat üsul seçərək bəyan etmişdir. Qərarın 13-cü səhifəsində məhkəmə gömrük orqanının diskresion səlahiyyətinə müdaxilə edərək “müəyyənləşdirmişdir” ki, "Şərh olunan qanunvericiliyin müddəalarının hazırkı iddia tələbinə tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuş, zəruri olan gömrük rüsumu ödənilmişdir. Əks halın olması, yəni gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirməklə cavabdeh gömrük orqanının rəsmi olaraq iddiaçıdan müvafiq düzəlişlərin aparılmasını tələb etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir...” Daha sonra məhkəmə qərarında cavabdeh tərəfindən “Elektron imza və elektron sənəd haqqında Qanunun tələblərinə riayət edilmədiyini göstərmişdir. Bu məsələ ilə əlaqədar qeyd edirik ki, Qanunverici orqan tərəfindən Gömrük Məcəlləsinin 8-ci Fəsli "Gömrük orqanlarının elektron Məlumat sistemi” adlandırılmışdır. Həmin Məcəllənin 42-ci maddəsində göstərilir ki, 42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi və mübadiləsi, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir. Məhkəmə inzibati orqan olan cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları daima şübhə altına almış, ancaq iddiaçının təqdim etdiyi invoysun əslinin tələb edilməsi barədə şifahi vəsatətlərinə heç bir münasibət bildirməmişdir. Belə ki, malları göndərən PİDİLİTE İNDUSTRİES LTD şirkətinin Azərbaycan Respublikasının digər rezidentinə göndərdiyi və gömrük orqanının elektron informasiya sistemində qeydə alınmış invoys (konfidensial məlumatların üzərindən xətt çəkilməklə) məhkəməyə təqdim edilmiş, həmin invoysun iddiaçının təqdim etdiyi invoysdan kəskin fərqləndiyi bildirilmiş, bütün bunlara məhkəmə tərəfindən reaksiya verilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1093/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10469/2021 saylı 8 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1562/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1093/2022 saylı 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq İddiaçı MMC nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı “Pidilite İndustries” LTD şirkəti ilə arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə bəyannaməni qaytarmışdır. Belə ki, cavabdehin dəlillərinə görə mövcud əməliyyat üzrə xarici tərəfdaş kimi çıxış edən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilmiş, cədvələ əsasən yapışdırıcıların ayrı-ayrı qiymətlər üzrə təqdim olundugu, şirkət tərəfindən daha öncə eyni invoys tərtibatı ilə digər idxalatçının ünvanına eyni markalı malların idxal olundugu, invoys üzrə malların bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən gömrük baxışı nəticəsində eyni bəyannamə üzrə fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğunun müəyyən olundugu, araşdırma zamanı BMT-nin rəsmi ticarət statistikasına da istinad olundugu və əsasən 2020-ci il ərzində Hindistandan eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “PİDİLİTE İNDUSTRİES LTD” şirkətindən idxal edilməsinin müəyyən olundugu, “Fevicol” markalı yapışdırıcıların ölkə ərazisində satışını həyata keçirən “Unimac” şirkətinin rəsmi internet saytına baxış keçirildiyi, əməkdaş tərəfindən nümayəndəsi ilə əlaqə saxlanıldıgı, məhsulun daxili və xarici bazar qiymətlərinin əldə edildiyi, həmçinin də Rusiya Federasiyasında və Ukrayna Respublikasında fərqli qiymətlərlə satıldığının məlum olundugu əsas gətirilmişdir. Hazırda iddiaçının tələbi “**********8953 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd etmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Qanunvericiliyə əsasən, yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, cavabdeh gömrük orqanı invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, heç bir əsas olmadan malın qiymətinin azaldılmasına istinad etmişdir. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilsə də, iddiaçının adına və ünvanına göndərilən yapışdırıcı mallara dair verilmiş 13 iyul 2021 tarixli, 90024470-1 nömrəli invoysun əsli iş materiallarında mövcud deyil və işin birinci instansiya və apellyasiya icraatları zamanı invoysun əsli məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən əsaslı və qanuni hesab edilməsi tələb edilən xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin tərtib edilməsinə əsas olmuş invoysun əsli təqdim edilmədiyindən, onun surətinin mötəbərliliyi isə istisna olunduğundan iddia tələbi əsassızdır. Lakin işə kassasiya qaydasında baxmış məhkəmənin mövqeyi fərqli olmuşdur. Bu səbəbdən birinci apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş məhkəmə qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya icraatına qaytarılmışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.23-cü maddəsinə əsasən gömrük tarifi – gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Həmin Məcəllənin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Gömrük qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətləri özündə ehtiva edir, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud qanunda nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Gömrük Məcəlləsinin maddələrinə əsasən gömrük sərhəddindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. (GM 1.0.19, 104, 146.1 və 146.2-ci maddələri) Hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin də qərarında göstərilmişdir ki, “məhkəmə araşdırmasının predmetini iki məsələ- yəni invoysun əslinin tələb edilməsinin qanunauyğunluğu və invoysdakı qiymətlərinin həqiqətə uyğunluğunun yoxlanılması təşkil edir. İnvoysun əsli malların alqı-satqısı müqaviləsinin tərəflərində olur ki, iddiaçı da həmin tərəflərdən biridir və həmin sənəd onda olmalıdır. Əgər iddiaçı bu və ya digər səbəbdən sənədi təqdim edə bilmirsə, bu halda sübutun əldə edilməsi üçün prosessual qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə edə bilər. Bundan əlavə, prosessual qanunvericilik məhkəməyə də təqdim edilmiş sənədlərin mötəbərliliyini yoxlamaq və qiymətləndirmək səlahiyyəti vermişdir. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin də iddiaçıdan invoysun əslinin məhkəməyə təqdim edilməli olması ilə bağlı mövqeyi əsaslıdır. Lakin iş materiallarından qeyd edilən sənədin əslinin məhkəmə tərəfindən iddiaçıdan tələb edilməsi və invoysun həqiqiliyinin məhkəmə iclasında müzakirə edilməsi müəyyən edilmir. Odur ki, invoysun əslinin tələb edilməməsi əsası ilə iddianın rədd edilməsi natamam məhkəmə araşdırmasının nəticəsi olmaqla İPM-in 12 və 58-ci maddələrinin tələblərinə ziddir. İnvoysun əslinin tələb edilməsi qanunauyğundur və təkrar apellyasiya baxışında İPM-nin 12 və 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla sənədin əsli əldə edilməlidir. Cavabdeh invoysda əks olunmuş qiymətlərin həqiqətə uyğun olmamasını mübahisələndirir və bu zaman “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılaraq qiymət cədvəli əldə edilməsinə və cədvələ əsasən “Fevicol” və “Fevicol MR” markalı yapışdırıcıların ayrı-ayrı qiymətlər üzrə təqdim olunmasına, o cümlədən, yapışdırıcıların daxili və xarici bazar qiymətlərinin invoysdakı qiymətlərlə müqayisədə fərqli olmasına istinad etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən xüsusatlar tam, hərtərəfli və obyektiv olaraq araşdırılmamış, cavabdehin “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlamasına dair məlumatlar əldə edilərək məhkəmə tərəfindən yoxlanılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlanılması ilə bağlı rəsmi sənədləri tələb etməli, həmin sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmalı, yalnız bundan sonra cavabdehin etirazındakı dəlillərə qiymət verməli olduğu halda, bunu etməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçı MMC-dən 00024470-1 saylı xx.xx.2021-ci il tarixli invoysun əsli tələb edilmiş (25 may 2023-cü il tarixli məhkəmə bildirişi ilə, xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir), lakin İddiaçı MMC tərəfindən tələb edilmiş sənəd nəinki məhkəməyə təqdim edilməmiş, həmçinin MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını belə təmin etməmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən inzibati icraatın materialları, o cümlədən cavabdehin “PİDİLİTE İNDUSTRİES LTD” şirkəti ilə əlaqə saxlamasına dair məlumatlar, həmçinin sözügedən invoysun təsdiq olunan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmin materiallara baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati icraat materiallarındakı invoysla iş materiallarında (i.v.29) olan invoysun tarixi xx.xx.2021-ci il və nömrəsi 00024470-1 olmaqla eyni olsa da, onların məzmunu və oradakı idxal olunan malların qiyməti fərqlidir. Belə ki, iş materiallarında olan (i.v. 29) invoysda malın ümumi qiyməti 11826.85 ABŞ dolları göstərilsə də, inzibati icraat materiallarına əlavə olunmuş, təsdiq olunmuş invoys nüsxəsində bu məbləğ ümumi olaraq 49797.68 ABŞ dolları kimi qeyd edilmişdir. Məlum olmuşdur ki, məhkəməyəqədər inzibati icraat aparılarkən təqdim olunan gömrük bəyannaməsinin rəsmiləşdirilməsi tələbi üzrə gömrük əməkdaşları tərəfindən bəzi qeydlər aparılmışdır. Həmin qeydlərdən görünür ki, “bəyannaməni bəyannaməçiyə qaytarmaq üçün səbəb: 31-ci qrafada düzəliş; müvafiq araşdırma aparılması üçün GB ilə əməliyyatları dayandırmaq; invoysun tərtibatında (nümunə bəyannamə **********3738) risk ehtimalı yaranmışdır. İnvoys üzrə mallar bir adla bəyan olunmasına baxmayaraq, həyata keçirilən gömrük baxışı nəticəsində eyni bəyannamə üzrə aşağıda göstərilən fərqli təyinatlı və xüsusiyyətli malların idxal olunduğu müəyyən olunmuşdur: Fevicol 1k Pur, 500 g-1500 qutu (hər qutuda-12 ədəd) Fevicol 1k Pur, 150 g-62 qutu (hər qutuda-48 ədəd) Fevicol 1k Pur, 70 g-23 qutu (hər qutuda-48 ədəd) Fevicol SH, 1 kg-210 qutu (hər qutuda-12 ədəd), BMT-nin rəsmi ticarət statistikasına əsasən 2020-ci il ərzində Hindistan ölkəsindən eyni XİFMN kodu altında olan malların 1 kq-4,01 USD (FOB şərti ilə) dəyəri ilə göndərilməsi və eyni həcm üzrə yalnız “Pidilite" şirkətindən idxal edilməsi müəyyən olunmuşdur. İdxal olunan malların daxili və xarici bazar qiymətləri əldə edilmişdir: Fevicol 500 g - 6,96 AZN, Fevicol 150 g-3,12 AZN, Fevicol 70 g - 1,86 AZN, Rusiya Federasiyasında Fevicol 500 g-8 AZN, Ukrayna ölkəsində Fevicol 500 g - 20 AZN civarında satıldığı məlum olmuşdur. Bununla əlaqədar "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük dəyərinə düzəliş etdirilməsi məqsədəmüvafiq hesab edilir.” Göründüyü kimi, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi malların bəyannaməsindəki qiymət (11826,85 ABŞ dolları) həmin malların inzibati icraat zamanı əldə olunan həqiqi invoys nüsxəsindəki (xx.xx.2021-ci il və nömrəsi 00024470-1) qiyməti (49797,68 ABŞ dolları) əks etdirmir. Məhkəmə kollegiyası inzibati icraat zamanı əldə olunan xx.xx.2021-ci il və nömrəsi 00024470-1 olan invoysun həqiqi nüsxəsi (əslinin təsdiq olunmuş surəti) olması qənaətinə gələrkən onun həm də inzibati icraat zamanı həmin şirkətin (“PİDİLİTE İNDUSTRİES LTD” şirkəti) verdiyi, başqa analoji münasibətlərlə bağlı təqdim etdiyi invoys sənədlərinin forma və tərtibatı ilə eynilik təşkil etdiyini nəzərə alır. Bununla yanaşı, apellyasiya baxışı zamanı məlum oldu ki, iddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Bakı Baş Gömrük İdarəsinin rəisinə müraciət edilərək, MMC-nin adına gələn **********8953 saylı bəyannamə ilə rəsmiləşdirilən malların məhkəmə qərarına əsasən gömrük prosedurunun dəyişdirilməsi üçün bəyannamənin ləğvinə köməklik göstərilməsi xahiş edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı bildirmişdir ki, iddiaçının qeyd olunan müraciətinə əsasən sözügedən bəyannamə ləğv edilmiş, iddiaçının adına idxal olunan mallar saxlanc üçün saxlanc bəyannaməsilə iddiaçıya verilmiş, lakin sonradan MMC tərəfindən saxlanc yerinin qıfılın qırılaraq mallar özgəninkiləşdirilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, hazırki vəziyyətdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi malların bəyannaməsi, əsasında verilmiş xx.xx.2021-ci il və nömrəsi 00024470-1 olan invoys sənədinin məlumatlarını əks etdirmədiyi üçün **********8953 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin əsaslı və qanuni hesab edilməklə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10496/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10496/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1235/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1235/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver