Məhkəmə qərarları › İş №2-1(103)-1235/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1235/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1235/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli e-2-1(112)-9227/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1999-cu il tarixli 331 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Xətai rayonu ərzisindən ayrılmış 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1999-cu il tarixli 331 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Xətai rayonu ərazisindən ayrılmış faktiki 181 kv.m ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1999-cu il tarixli 331 saylı sərəncamı ilə Xətai rayonunun ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha ölçüdə olan torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2981-ci məhəllədə yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Xətai rayonu İHB-nın 331 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına dair xx.xx.2020-ci il tarixli, M-79 saylı arxiv çıxarışı və yerləşmə cizgisi təqdim olunmuşdur. Həmin sərəncamın və yerləşmə cizgisinin araşdırılıb məlumat verilməsi üçün Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti sorğuya cavab olaraq göstərilən torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətində hər hansı sənədləşmə işləri aparılmadığından müraciətin təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Xətai Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 nömrəli məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyətində bu barədə məlumat qeydə alınmadığına görə təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində möhür və imza saxtadır. Həmçinin sənədlər toplusuna əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamında ayrılmış torpaq sahəsi 600 kv.m, yerləşmə cizgisində 200 kv.m göstərilmiş, faktiki torpaq sahəsinin ölçüsü isə 194.4 kv.m təşkil edir. Bundan başqa elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi çoxmərtəbəli yaşayış binaları ilə yol arasında olan ümumi istifadədə olan ərazidə yerləşir. Həmçinin faktiki torpaq sahəsi ilə təqdim edilmiş yerləşmə cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli e-2-1(112)-9227/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi çoxmərtəbəli yaşayış binaları ilə yol arasında olan ümumi istifadədə olan ərazidə yerləşir. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2981-ci məhəllədə yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan RespublikasıDövlət Arxivinin Bakı filialı tərəfindən Xətai rayonu İHB-nın 331 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına dair xx.xx.2020-ci il tarixli, M-79 saylı arxiv çıxarışı və yerləşmə cizgisi təqdim olunmuşdur. Həmin sərəncamın və yerləşmə cizgisinin araşdırılıb məlumat verilməsi üçün Azərbaycan RespublikasıBakıŞəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Azərbaycan RespublikasıBakıŞəhər İcra Hakimiyyəti sorğuya cavab olaraq göstərilən torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətində hər hansı sənədləşmə işləri aparılmadığından müraciətin təmin edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Xətai Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 250 nömrəli məktubunda bildirilmişdir ki, Rayon İcra Hakimiyyətində bu barədə məlumat qeydə alınmadığına görə təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisində möhür və imza saxtadır. Bundan başqa, Sənədlər toplusuna əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının 331 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamında ayrılmış torpaq sahəsi 600 kv.m, yerləşmə cizgisində 200 kv.m göstərilmiş, faktiki torpaq sahəsinin ölçüsü isə 194.4 kv.m təşkil edir. Həmçinin faktiki torpaq sahəsi ilə təqdim edilmiş yerləşmə cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinə dair yerləşmə cizgisinin möhtəbərliyi ilə bağlı ekspertiza təyin edilməmiş, torpaq sahəsinin həqiqi yeri üzrə yerləşməsi müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1999-cu il tarixli 331 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Xətai rayonu ərazisindən ayrılmış faktiki 181 kv.m ölçüdə olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina məktubunda, iddia ərizəsinə yazılı etirazında və apellyasiya şikayətində aşağıda qeyd olunan hallara istinad etmişdir: - yerləşmə cizgisində möhür və imzanın saxta olması; - sərəncamda ayrılmış torpaq sahəsinin 600 kv.m, yerləşmə cizgisində 200 kv.m göstərilmiş, faktiki torpaq sahəsinin ölçüsünün isə 194.4 kv.m təşkil etməsi; -faktiki torpaq sahəsi ilə təqdim edilmiş yerləşmə cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcudluğu; - göstərilən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binaları ilə yol arasında olan ümumi istifadədə olan ərazidə yerləşməsi; Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 iyun 2022-ci il tarixdə Bakı Şəhər Baş Polis idarəsinə müraciət edərək İddiaçı təqdim etdiyi Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış, X2 təqdim etdiyi Xətai Rayon icra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış torpaq sahələrinin yerləşmə cizgilərinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən X1 təqdim etdiyi 5403 və 5404 saylı bağ sahələri, X4 təqdim etdiyi 5090 saylı bağ sahəsinə dair orderlərin, həmçinin Sadıqova (Qəmbərova) Nurə Xalid qızının təqdim etdiyi xx.xx.2007-ci il tarixli, 4Ə/1-218 reyestr nömrəli alqı-satqı müqaviləsinin həqiqiliyinə şübhə yarandığından həmin sənədlərlə bağlı araşdırmanın aparılmasını xahiş etmişdir. Qeyd olunan qərarla İddiaçı tərəfindən hüquqların qeydiyyatı üçün təqdim edilmiş sənədlərlə bağlı toplanmış materialda hər hansı bir cinayət hadisəsi müəyyən edilmədiyindən AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsasla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin qərarın məzmununda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində olan məlumatlar həmin torpaq sahəsinə dair sərəncamın arxiv çıxarışı ilə üst-üstə düşür va həmin cizgidə heç bir saxtalıq əlaməti yoxdur. AR İPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 iyul 2022-ci il tarixli qərarla İddiaçı təqdim etdiyi Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində saxtalıq əlaməti aşkar olunmadığından qeyd olunan əsasla torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “sərəncamda ayrılmış torpaq sahəsinin 600 kv.m, yerləşmə cizgisində 200 kv.m göstərilmiş, faktiki torpaq sahəsinin ölçüsünün isə 194.4 kv.m təşkil etməsi” və “göstərilən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binaları ilə yol arasında olan ümumi istifadədə olan ərazidə yerləşməsi” dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbindən də görünür ki, iddiaçı özü də sərəncamla ayrılmış 0.06 ha torpaq sahəsi üzərində deyil, faktiki istifadəsində olan 181 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyində də qeyd edilmişdir ki, iddiaçının nümayəndəsinin iddia etdiyi torpaq sahəsinin faktiki ölçüləri, koordinatları müəyyən edilmişdir (mərkəzi koordinatı 39T 411914.50,4469318.81). İddia olunan torpağın sahəsi 181 kv.m təşkil edir və elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Bakı şəhər Xətai rayonu İcra Hakimiyyətinin başçısının 331 saylı xx.xx.1999-cu il tarixli sərəncamı və həmin sərəncam ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçı Məmmədov iradə Oqtay qızının istifədəsinə ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyənləşdirməyə imkan verən dəqiq istinad və məsafələr qeyd olunan cizginin təqdim edilməməsi səbəbindən sözügedən sərəncamla ayrılmış torpaq sahəsinin hüququ statusu (təyinatlı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir. Mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar cavabdeh tərəfindən təqdim edilə bilməmişdir, odur ki, kollegiya qeyd edilən dəlillərə münasibətdə də apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “faktiki torpaq sahəsi ilə təqdim edilmiş yerləşmə cizgisi arasında perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcudluğu” dəlili ilə bağlı qeyd edir ki, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, şəxsin istifadəsindəki torpağın dövlət qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, torpaq sahəsinin faktiki olaraq ölçüsü 181 kv.m olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil, Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 03 sentyabr 1999-cu il tarixli 331 saylı sərəncamı hazırda qüvvədədir, ləğv edilməmişdir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli e-2-1(112)-9227/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar