Məhkəmə qərarları › İş №2-1(103)-1235/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1235/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1235/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı İsgəndər oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı atası X1 1988-ci ildən vəfat etdiyi 2019-cu ilədək etdiyi qulluq müddətini sığorta stajına daxil edilərək 65 yaşının tamam olduğu 04 mart 2021-ci ildə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən sonra ona ödənilməli olan əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-11613/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası 2-ci qrup əlil X1 1988-ci ildən vəfat etdiyi 2009-cu ilədək etdiyi qulluq müddətinin sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsi, 65 yaşının tamam olduğu 04 mart 2021-ci ildən 20 iyul 2024-cü ilə qədər müddətində (40 ay) almadığı pensiyanın ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, habelə atası X1 1988-ci ildən vəfat etdiyi 2019-cu ilədək etdiyi qulluq müddətini sığorta stajına daxil edilərək 65 yaşının tamam olduğu 04 mart 2021-ci ildə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən sonra ona ödənilməli olan əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır. İlk öncə ticarət, daha sonra isə neft sənayesində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ildən sonra isə heç bir dövlət işində çalışmamışdır. Müxtəlif vaxtlarda xırda ticarət, kənd təsərrüfatı, daha sonra fəhlə kimi günəmuzd işlərdə fəaliyyəti olmuşdur. Belə ki, 18 dekabr 1974-cü ildən 11 may 1975-ci ilədək çörək mağazasında satıcı işləmişdir. Daha sonra 15 may 1975-ci ildən 24 may 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət bitirdikdən sonra yenidən çörək mağazasında köhnə işinə qayıdaraq 03 noyabr 1977-ci ildən 08 iyun 1979-cu ilədək işləmişdir. 08 iyun 1979-cu ildən 03 fevral 1983-cü ilədək ərzaq mağazasında satıcı işləmişdir. 19 aprel 1983-cü ildən 16 aprel 1985-ci ilədək asfalt zavodunda işləmişdir. Daha sonra yenidən ticarət sektoruna qayıdaraq 29 may 1985-ci ildən 02 yanvar 1986-cı ilədək ərzaq mağazasında satıcı kimi işləmişdir. 02 yanvar 1986-cı ildən 22 may 1987-ci ilədək sənaye malları mağazasının mağaza müdiri vəzifəsində, 22 may 1987-ci ildən 24 sentyabr 1988-ci ilədək sənaye malı mağazasında satıcı kimi işləmişdir. 24 sentyabr 1988-ci ildən 02 oktyabr 1989-cu ilədək sənaye malı bazasının anbardarı, 17 oktyabr 1989-cu ildən sənaye malı mağazasının anbardarı, 03 yanvar 1990-cı ildə ət balıq məhsulları mağazasının satıcısı, 26 iyun 1990-cı ildən 31 avqust 1993-cü ilədək dondurma və su mağazasında satıcı işləmiş, daha sonra ticarətdən ayrılaraq 01 mart 1994-cü ildən 31 avqust 1994-cü ilədək Kasparneftflotda fəhlə, 01 yanvar 1995-ci ildən 01 iyun 1996-cı ilə kimi X3 Xəzər Dəniz dalğıc və qəza xilasetmə idarəsinin xilasedici dalğıclar bölməsində xilasedici dalğıc kimi fəaliyyət göstərmişdir. Bunlardan əlavə vəfat etmiş atası 2-ci qrup əlil X5 1988-ci ildən vəfat etdiyi 2009-cu ilə qədər müddətdə iddiaçının himayəsində olub və onun bütün qulluğu, xərcləri və digər problemləri onun üzərində olmuşdur. İddiaçı hal-hazırda 68 yaşındadır və yaşa görə 220 manat müavinət alır. Onun əlavə heç bir yerdən gəliri yoxdur. İddiaçının himayəsində ağır şəkər xəstəsi olan həyat yoldaşı və 15 yaşında bir övladı var. Cavabdehin imtina məktubunda sığorta stajının 20 il, 2 ay, 2 gün olduğu əsas götürülərək, həmçinin vəfat etmiş atası 2-ci qrup əlil X1 1988-ci ildən vəfat etdiyi 2009-cu ilə qədər etdiyi qulluq müddətinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda sığorta stajına daxil edilməsinin mümkün olacağını əsas götürərək imtina etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq 3-17-1/2-C-150187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasının və digər sənədlərinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 2 ay 2 gün təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı ərizəsində 1988-2009-cu illər arasında atasına qulluq etdiyini qeyd etmişdir. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən ahıl yaşı 70-ə çatmış şəxs hesab olunur. İddiaçının ərizəsinə əsasən atası X6 1918-ci ildə anadan olmuşdur. İddiaçının ərizəsinə əlavə edilmiş 349302 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının atası xx.xx.2009-cü il tarixdə vəfat etmişdir. Cavabdehin məktubunda qeyd olunan yarımbəndin tələblərinə əsasən iddiaçının atası X6 vəfat etdiyi üçün ona 1988-ci il tarixdən xx.xx.2009-cü il tarixədək (vəfat etdiyi tarix) qulluq etdiyini iddia etdiyi dövrün məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun sığorta stajına daxil edilə biləcəyi qeyd olunmuşdur. Məhkəmə qərarı ilə qulluq faktı təsdiq edildikdən sonra belə iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasındakı əmək fəaliyyəti dövrləri ilə atasına qulluq etdiyini iddia etdiyi dövrlərin bir hissəsi üst-üstə düşür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11613/2024 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İsgəndər oğlu izahatında məhkəməyə bildirdi ki, o, 65 yaşından pensiya almaq istəyir. Hələ də pensiya almır. Ailəsi 3 nəfərdən ibarətdir. Həyat yoldaşı ağır xəstədir. Bir neçə dəfə DOST Mərkəzinə və digər müvafiq orqanlara məsələ ilə bağlı müraciət etmişdir. Ona bildirilmişdir ki, pensiyası DOST Mərkəzi tərəfindən verilməlidir və o, bununla bağlı müvafiq sənədlərlə müraciət edib. Ona bildirildi ki, qəyyumluqla bağlı təsdiqedici sənəd çatışmır. Lakin ev kitabında da göstərilir ki, 1986-cı ildən evə o baxmışdır. Yəni ana, ata, bacısına o baxırdı. 1996-cı ildən etibarən işləməyib. Daha dəqiq deyilsə, ata-anasını qoyub işə gedə bilmədiyinə görə başqa yerdə işləməyib. Bir hissə torpaq sahəsi vardı. Orada işləyirdi. Eyni zamanda iddiaçı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, atasına vəfat edənədək baxsa da, buna dair tələb olunan sənədləri atasının sağlığında almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçıya birinci instansiya məhkəməsində icraat zamanı da məsələnin rasional həlli yolu olduğunu bildirmişlər. Lakin iddiaçı buna baxmayaraq öz fikrini daha üstün tutaraq, məsləhətə əhəmiyyət verməmişdir. İddiaçının əmək kitabçasına əsasən sığorta stajının hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 20 il 2 ay 2 gün təşkil etdiyi müəyyən olunmuşdur. Heç bir dövr mübahisələndirilmir. İddiaçının ortalama 5 il stajı çatmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq da iddiaçı 1988- 2009-cu illər arasında atasına qulluq etdiyini qeyd edir. Qanunvericiliyin birbaşa mövqeyinə əsasən iddiaçının atası vəfat etdiyi üçün ona 1988-2009-cu illər arasında qulluq etdiyini iddia etdiyi dövrün məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun sığorta stajına daxil edilə biləcəyi qeyd olunur. Məsələ ilə bağlı iddiaçı ümumi məhkəməyə müraciət etməli və şahidlərlə bərabər onun müəyyən dövr üçün atasına qulluq etmə faktı məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmin məhkəmə qətnaməsi də inzibati orqana təqdim olunmalıdır. Lakin hazırkı vəziyyətdə isə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş iddiaçının əmək kitabçasından görünür ki, xx.xx.1974-xx.xx.1975-ci il tarixlərində Serebrovski adına Neftqazçıxarma İdarəsinin təchizat şöbəsində mağaza satıcısı; xx.xx.1977-xx.xx.1983-cü il tarixlərində Orconikidze rayonu Qarışıq Malları İdarəsində mağaza satıcısı, kassir; xx.xx.1983-xx.xx.1985-ci il tarixlərində X7 İstismarı İdarəsində 2-ci dərəcəli yol fəhləsi; xx.xx.1985-xx.xx.1993-cü il tarixlərində Orconikidze rayonu Qarışıq Malları İdarəsində; xx.xx.1993-08.1994-cü il tarixlərində “Xəzərdənizneftqazçıxarma” İdarəsində; xx.xx.1995xx.xx.1996-cı il tarixlərində Xəzər dəniz dalğıc qəza xilasetmə işləri idarəsinin “Qum adası” bölməsində dalğıc vəzifəsində işləmişdir. İş materiallarında olan НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 15 may 1975-ci il tarixdən 31 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 450 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Maqazin küçəsi, 44 saylı evdə yaşayır. Bacısı 1-ci qrup əlil X2 öldüyü günə kimi (xx.xx.2006-cı il, ö./ş. AZ-İ № 177271) qardaşı İddiaçı himayəsində olmuşdur. Atası 2-ci qrup əlil X8 öldüyü günə kimi (xx.xx.2009, ö./ş. AZ-İ № 349302) İddiaçı himayəsində olub. İş materiallarında olan AZ-İ seriyalı xx.xx.2009-cu il tarixli, 349302 №li ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə vəfat etmiş X4 vərəsəsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C- 150127/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 20 il 2 ay 2 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmin məktubla iddiaçıya izah edilmişdir ki, atası vəfat etdiyi üçün ona qulluq etdiyi dövr (dəqiq tarixlər göstərilməklə) məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra sığorta stajına daxil edilməsinə qanunverciliyə uyğun olaraq baxılacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd edilən müddəalarından göründüyü kimi orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə: patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd edilən normalardan göründüyü kimi iddiaçının atasına qulluq etdiyi dövrün onun sığorta stajına hesablanması üçün iddiaçı atasının sağlığında onun üzərində müvafiq qəyyumluq və himayəçilik orqanı tərəfindən patronaj təyin edilməli, yaxud atasının sağlığında bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi olmalı idi. Həmin sənədlərin mövcud olmaması və iddiaçının arasının hal-hazırda vəfat etməsi işin mübahisələndirilməyən hallarındandır. Yuxarıda qeyd edilən Qaydanın 4.1.8-ci bəndinin üçüncü hissəsində nəzərdə tutulmuş məhkəmə qərarına gəldikdə isə qeyd edilməlidir ki, həmin qərar dedikdə inzibati mübahisələrə dair məhkəmə icraatı çərçivəsində qəbul edilmiş məhkəmə qərarını deyil, mülki məhkəmə icraatı çərçivəsində, xüsusi icraat qaydasında qəbul edilmiş hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə məhkəmə qətnaməsini nəzərdə tutur. Belə ki, iddiaçının sığorta stajı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənədlə təsdiq edilərsə və inzibati orqan həmin stajı nəzərə almazsa, bu halda inzibati məhkəmə həmin orqanın üzərinə sığorta stajının nəzərə alınması və pensiya təyin edilməsi öhdəliyi qoya bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman da məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri nəzərə alınaraq iddiaçıya izah edilmişdir ki, atasının sağlığında onun üzərində müvafiq qəyyumluq və himayəçilik orqanı tərəfindən patronaj təyin edilmədiyi, yaxud atasının sağlığında bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizə olmadığı halda, o, xüsusi icraat qaydasında faktın təsdiqi ilə bağlı ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11613/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11613/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar