Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1236/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “Bakı Nəqliyyat Agentliyinə məxsus nəqliyyat vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin tələblərinə uyğun olaraq dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlanılmasının qadağan edilməsi və qanun pozuntusuna yol vermiş əməkdaşların inzibati məsuliyyətə cəlb edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3400/2020 saylı, xx xxxx 2020ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı Nəqliyyat Agentliyinə məxsus nəqliyyat vasitələrinin “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi ilə dayanma və durma qadağan olunmuş yerlərdə saxlanılmasının qadağan edilməsi və qanun pozmuş əməkdaşların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının qanunsuz hərəkətlərindən xx.xx.2019-cu il tarixində Agentliyə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətin əsası xx.xx.2019-cu il tarixində saat 08:30 radələrində Bakı şəhəri, Lermontov küçəsində BNA məxsus ** PV *** dövlət nömrə nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsi ilə dayanma və durma qadağan olunmuş yerdə parklanması olmuşdur. xx.xx.2019-cu il tarixində BNA tərəfindən göndərilmiş cavab məktubunda cavabdeh tərəfindən qanunvericiliyin açıq tələbinin pozulduğu etiraf edilməklə bərabər bununla bağlı müvafiq tədbir görülməyəcəyi qeyd edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası DİN-ə şikayət ərizə ilə müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş etmiş, lakin sonuncu tərəfindən qanunvericiliyin tələbi pozularaq şikayət Bakı Nəqliyyat Agentliyinə göndərilmiş və nəticədə Agentlik 07-6066/M-6328 nömrəli eyni məzmunlu cavab məktubu ünvanlamışdır. Daha sonra xx.xx.2019-cu il tarixində eyni avtomobil 90PV793 Lermontov küçəsində qanunun tələbini açıq şəkildə pozaraq "xidmət" aparmışdır. Agentlik tərəfindən təcili tədbirlər görülməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozulması ilə bağlı əməkdaşı inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə BNA əməkdaşlarının nəqliyyat vasitələrinin qanunsuz parklanması ilə bağlı şikayət ərizəsi iddiaçı tərəfindən göndərilmiş, şikayətə cavab olaraq BNA aşağıdakı məzmunda cavab məktubu göndərmişdir: “Sizin Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının hərəkətləri ilə bağlı müraciətinizə (daxilolma qeydiyyat: M-347-Ə-147 nömrəli, xx.xx.2020- ci il tarixli) aidiyyəti üzrə Agentlikdə baxılmış və bildirilmişdir ki, agentliyin parklanma, dayanma və durma qaydalarına əməl olunmasına nəzarət ədən əməkdaşları sayrışan işıqları və xüsusi rənglənmə sxemi ilə təhçiz edilmiş patrul avtomobillərində xidmət aparırlar. Müstəsna hallarda əməkdaşlara ərazidə törədilən qayda pozuntularını sənədləşdirmək məqsədilə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərtilə “Yol hərəkəti haqqında” Qanununun tələblərindən kənara çıxmağa icazə verilir. Bununla yanaşı ona bildirilmişdir ki, müraciətində toxunulmuş məsələ ilə bağlı qeyd edilən patrul avtomobilində xidmət aparan əməkdaşlar “Yol hərəkəti haqqında” Qanununun tələblərinə əməl edilməsi ilə bağlı təlimatlandırılmışdır”. Eyniliklə, BNA özünə məxsus formada qanunun pozulmasında özünün üstünlüyünün olduğunu qeyd edir ki, bu birbaşa qanuna və Konstitusiyaya ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı cavabdehin etirazında göstərilən əsasa görə mümkün saymamış, əlavə heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək hazırki mübahisənin inzibati xətalara aid mübahisə olduğunu nəzərə alaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. Həmin Nizamnamənin 1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh orqana müraciətin edilməsində əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı dayanma, durma və parklanma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi və onlar tərəfindən xidməti vəzifələrinin icrası zamanı “Yol hərəkəti haqqında” Qanununun tələblərinə əməl edilməməsindən ibarət olsa da, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. İnzibati-hüquqi mübahisə inzibati orqanla fiziki şəxs arasında qanunla qorunan maraqların münaqişəsindən, hüquqların pozulmasından irəli gələn ziddiyyətlərin mövcudluğu ilə xarakterizə olunan kompleks maddi-prosessual inzibati hüquq münasibətidir. Onun yaranması istənilən halda konkret inzibati hüquq münasibəti tərəflərinin birində digər tərəfin hərəkəti (hərəkətsizliyi) ilə özünün hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulması, yaxud gələcəkdə pozulacağı barədə təsəvvürün formalaşması ilə əlaqədardır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia subyektiv hüququn olmaması səbəbi ilə mümkün sayılmadığından iddia ərizəsində qaldırılan vəzifəli şəxslərin qanunsuz hərəkətləri barəsində inzibati qaydada yuxarı orqana və ya ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3400/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1236/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1236/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver