Məhkəmə qərarları › İş №2-1(103)-1236/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1236/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1236/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612547,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc DSMF-yə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehin borcu ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 2- 1(112)-9313/2023 nömrəli işi Bakı İnzibati Məhkəməsində olmuşdur və həmin işə baxılarkən cavabdeh tərəfindən ödəniş sənədləri həmin iş üzrə təqdim edilmişdir. Lakin yenə də məhkəmə hazırkı iş üzrə də qərar çıxararkən digər iş üzrə ödənilmiş məbləğləri nəzərə alaraq, iddianı təmin etməmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, bu yanaşma yanlışdır. Belə ki, bir dəfə ödənilmiş məbləğ cavabdehin bir necə borc məbləğinə münasibətdə nəzərə alınmamalıdır. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qərar çıxarılarkən yanlış nəticəyə gəlindiyi müəyyən olunur. Belə ki, maddi hüquq normalarına əsasən vergi ödəyicisi tərəfindən öhdəlik tam şəkildə və vaxtında yerinə yetirilmədikdə vergi ödəyicisinin əmlakı siyahıya alına bilər və siyahıya alınmış əmlakın satılması ilə dövlət büdcəsinə olan borc məbləği ödənilməlidir. Lakin məhkəmə tərəfindən qeyd edilmiş maddi hüquq normalarına məhəl qoyulmamış və nəticədə yanlış qərarın qəbul edilməsi halı baş vermişdir. Cavabdehin əmlakı xx.xx.2023-cü il tarixinə olan borcuna görə siyahıya alınmış və maddi hüquq normasına əsasən edilmiş ödənişlər cari rübə və cari rübdən sonrakı borc məbləğlərinə aid olur. Lakin məhkəmə işin hallarını düzgün araşdırmamışdır. Belə ki, şəxsi vərəqədə xx.xx.2023-cü il tarixdən sonraya 941298,53 manat hesablama olmuş və 637939,19 manat ödəniş olmuşdur. Göründüyü kimi, edilmiş ödənişlər xx.xx.2023-cü il tarixədək olan borcn müəyyən bir qisimini ödəyir və xx.xx.2023-cü il tarixindən əvvəlki borclara aid edilmir. Bütün bu deyilənlərdən də aydın olduğu kimi, məhkəməyə verilmiş iddia ərizəsi üzrə ödəyicinin borciu olduğu halda məhkəmə tərəfindən yalnızca edilmiş ödənişlər əsas götürülərək iddia ərizəsi rədd edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh MMC (bundan sonra – cavabdeh) ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun Dövlət Sosial Müdafiə Fonduna 720000 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2023-cü il tarixli bildiriş verilmişdir. Borc ödənilmədiyinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə dəyəri 120000 manat məbləğində 6 ədəd “DAEWOO BS 090 AVTOBUS” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, ........ cavabdeh tərəfindən 4.04.2023-cü il tarixli, **********6 № li protokol üzrə, xx.xx.2023-cü il tarixli qəbzlə 400000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 75000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 75000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 25000 manat, 6.11.2023-cü il tarixli qəbzlə 15000 manat və 7.11.2023-cü il tarixli qəbzlə 22547,19 manat, ümumilikdə 612547,19 manat DSMF-nin hesabına, X1 ödənişlər etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hazırkı iddia tələbi üzrə qəbul edilmiş qərarın predmeti olmuş borc məbləğləri ödənilmişdir. Borc məbləği ödənildiyindən, borcun təminatı qismində siyahıya alınmış əmlakın satılmasına dair iddianın təmin edilməsi üçün əsaslar yoxdur.” Qeyd edilələrlə razılaşmayan Kollegiya ilk növbədə aşağıdakı hüquq normalarına diqqət çəkir: Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2-1. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir. 88.3. Cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Göründüyü kimi qanunvericilikdə məcburi dövlət sosial sığorta üzrə yaranmış borcların ödənilmə ardıcıllığı müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən 1-ci yerdə sıra ardıcıllığına əsasən ödənişlər əsasında cari rüb üzrə olan məbləğlər, 2-ci ardıcıllıq üzrə cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar, 3-cü ardıcılıq yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği silinir və.s formasında davam edir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh xx.xx.2023cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 5.392,00 manat, xx.xx.2023-cü il tarixdə 400.000 manat, xx.xx.2023-cü il tarixdə 75.000 manat, xx.xx.2023-cü il tarixdə 75.000 manat, xx.xx.2023-cü il tarixdə 25.000 manat, xx.xx.2023-cü il tarixdə 15.000 manat və xx.xx.2023-cü il tarixdə 22.547,19 manat, ümumilikdə 637,939,19 manat DSMF-nin hesabına, X1 ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən ödənişləri nəzərə alaraq borc məbləğlərinin ödənildiyini hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, ödənilmiş ödənişlər ilk növbədə cari rüb olan borcları, daha sonra isə daha əvvəl yaranan borclar üzrə, ondan sonra artıq yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin və maliyyə sanksiyalarının silinməsinə hesablanır. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki; Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 10.000 manat borc məbləği ödənilmiş, lakin 875.993,13 manat qalıq borcu və 128.199,15 manat penya boru qalmışdır. xx.xx.2023-cü il tarixdə 10.000 manat borc ödənilmiş, 865.993,13 manat qalıq və 131.043,39 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 5.392,00 manat borc məbləği ödənilmiş, 860.601,13 manat qalıq borcu və 132,445,11 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 400.000 manat borc məbləği ödənilmiş, cavabdehin 460.000 min manat qalıq borcu və 181.581,32 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 75.000 manat ödəniş edilmiş, həmin tarixə 647.123,47 manat qalıq və 223.677,03 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 75.000 manat ödəniş edilmiş, 572.123,47 manat qalıq və 223.677,03 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 25.000 manat ödəniş olunmuş, 547.123,47 manat qalıq və 232.425,14 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 15.000 manat ödəniş olunmuş, 532.123,47 manat qalıq və 233.877,86 manat penya borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 22.547,19 manat ödəniş olunmuş, lakin 865.927,57 manat qalıq və 252.816.34 manat penya borcu qalmışdır. Ümumiyyətlə, qeyd edilənlərdən əlavə cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödənişlər edilsədə, şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin ümumi qalıq və penya borcu mövcud olmuşdur. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış 612547,19 manat borc məbləği xx.xx.2023-cü il tarixə qədər hesablanmış məbləğdir. Daha sonra isə cavabdehin borc məbləği artmağa davam etmişdir. Qeyd etmək lazımdır ki, cavabdehin hal-hazırda ümumi borc məbləği bir milyon manatdan artıqdır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdehin hazırkı vaxtadək borcu tam olaraq ödənilmədiyindən, borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsi barədə iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edlməli, iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612.547,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720.000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar