Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1237/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3596/2014 nömrəli iş üzrə xx xxxxxxx 2014-cü il tarixli qərarından cavabdeh tərəfindən və Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından ərizəçi AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.2007-ci ildən əmək pensiyası təyin edilməklə, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin əmək haqqından hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və həmin qərar 2015-ci ildə cavabdeh tərəfindən icra edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə xx.xx.2014-cü il tarixli qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət faktiki cəhətdən əsaslandırılmamışdır. Bundan sonra, ərizəçi xx.xx.2020-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə müraciət edərək, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, iddiaçı rəsmi məlumatlara əsasən xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanda, xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsı ev 447/36 ünvanda qeydiyyatda olduğu halda, pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi xx.xx.2014-cü il tarixdə Şöbədə qeydiyyatdan keçirilmişdir kı, bununla da Şobə tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 30.1-ci bəndinin tələbləri pozulmuşdur. Belə nəticəyə gəlmək olar ki, məhkəməyə təqdim edilən şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiya işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli KŞ-02/28 nömrəli arayışda xx.xx.1984-xx.xx.2000-ci illərdə vətəndaşa güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmişdir. Lakin pensiya işinə tikilmiş əmək kitabçasının surətinin 4-cü vərəqində vurulmuş ştampın içindəki rus dilində yazılmış yazıda vətəndaşın işlədiyi təşkilatın adında kobud səhvlərin olduğu aşkar edilmiş, həmin yazıda yuxarıda qeyd olunan təşkilata aidiyyəti olmadığı müəyyən edilmişdir Həmçinin, əmək kitabçasının surətinin 9-cu vərəqində vurulmuş dairəvi möhürün həmin təşkilata aid olmasına əsaslı şübhələr yaranmışdır. Əmək kitabçasının surətini təsdiq edən notarius möhürü vətəndaşın şəxsiyyət vəsiqəsinin surətini təsdiq edən notarius möhürü ilə eynidir. “Azneft” İB “Neft Daşları” NQÇİ üzrə əmək kitabçasına qeyd olunmuş əmrlərin araşdırılması zamanı 164 nömrəli əmrin tarixinin, yəni xx.xx.1987-ci il tarixinin, habelə vətəndaşın əmək müqaviləsinin ləğv edilməsi barədə 24 nömrəli əmrin, yəni xx.xx.2000-ci il tarixinin həftənin bazar gününə düşməsi vətəndaşa güzəştli şərtlərlə pensiya hüququ yaradılması üçün əmək kitabçasının sonradan tərtib olunduğunu göstərir (əmək kitabçasının surəti əlavə olunur). Pensiya işinə tikilmiş, künc ştampı vurulmayan “Niçimen Korporeyşn” Azərbaycan nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edilməklə iddiaçının adına xx.xx.2000xx.xx.2002-ci illər üzrə pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışda (2 nömrəli əlavə) qeyd olunmuş əmək haqqı məbləğlərinə görə Fondun müvafiq yerli qurumundan həmin əmək haqlarına görə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə qanunvericiliklə tələb olunan təsdiqedici sənəd (1 nömrəli əlavə) alınmamışdır (arayışın surəti əlavə olunur). Məhkəmə qərarı ilə xx.xx.1975-ci ildən xx.xx.2000-ci ilədək hərbi xidmət daxil olmaqla həmin dövrü sosial sığorta stajı hesab edilmişdir. Sonuncu tarixdən sonrakı dövrdə vətəndaşın iş stajı barədə məhkəmə qərarında heç bir fakt sadalanmadığı halda pensiyasının aylıq məbləğinin 2004-2005-ci illərin əmək haqqından hesablanması Şöbənin üzərinə qoyulmuşdur. Pensiya işinə tikilmiş “Niçimen Korporeyşn” Azərbaycan nümayəndəliyinin dairəvi möhürü ilə təsdiq edilmiş əmək haqqı arayışı ilə hesablanması zərurəti barədə məhkəmə qərarında heç bir qeyd olmamışdır. Bundan əlavə, qərarda 2004-2005-ci illərin əmək haqqısı tələbi qoyulsa da, Şöbə tərəfindən 2000-2002-ci illərin müvafiq əmək haqqısı ilə təyinat aparılmışdır. Məlumat üçün, iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və cinayət işi açılmışdır (məktubun surəti əlavə olunur). Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün hesab edilməmişdir. Qərardadın əsaslarına görə, yeni açılmış hallara dair ərizə müddətin buraxılması ilə verilmişdir və həmin müddətin bərpasına yol verilmir. Qərardaddan şikayət faktiki cəhətdən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. xx.xx.2014-cü il tarixli qərardan cavabdehin apellyasiyası mümkün sayılmır. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən görünür ki, məhkəmə qərarı 2015-ci ildə rəsmi qaydada cavabdehə təqdim olunmuş və icra edilmişdir (iş vərəqi-28,31). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İstinad olunan normaların tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, 2015-ci ildə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən 5 ilə yaxın buraxılmışdır. İPM-in 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. xx.xx.2020-ci il tarixli qərardaddan verilmiş şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM) ilə daha geniş tənzimlənmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in: 432.2-ci maddəsinə görə, yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; 432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. İstinad olunan normanın mənasına görə, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ərizəçinin yeni açılmış hallarla bağlı ərizəsini əsaslandırdığı faktiki hallar sonradan aşkar olunmamışdır, həmin sübut və ya hallar ərizəçidən asılı olan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamışdır, bu sübut və hallar işə məhkəmədə baxılması zamanı mövcud olan, həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olan və ya məlum ola bilən yaxud məlum olmalı olan sübut və hallar olmuşdur. Yeni açılmış hallarla bağlı ərizənin özündə əks etdirilən “Şobə tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 30.1-ci bəndinin tələbləri pozulmuşdur”, “... qeyd olunmuş əmək haqqı məbləğlərinə görə Fondun müvafiq yerli qurumundan həmin əmək haqlarına görə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə qanunvericiliklə tələb olunan təsdiqedici sənəd (1 nömrəli əlavə) alınmamışdır”, “... qərarda 2004-2005-ci illərin əmək haqqısı tələbi qoyulsa da, Şöbə tərəfindən 2000-2002-ci illərin müvafiq əmək haqqısı ilə təyinat aparılmışdır” mülahizələri bir daha bu qənaətin doğruluna dəlalət edir. Çünki, ərizəçi ilə “Şöbə” eyni təşkilatdır. İPM-in 103-cü maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər (103.1). Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir (103.3). Bununla da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə İPM-lə nəzərdə tutulmuş 3 ay müddət buraxılmaqla verilmişdir ki, bu müddətlərin də bərpasına yol verilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “Hüquqi müəyyənlik res cudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan işlərdə mümkünlük institutu iddia ərizəsi ilə yanaşı digər ərizə və vəsatətləri də əhatə etdiyindən, birinci instansiya məhkəməsinin ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinin mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgün, bu barədə qəbul etdiyi qərardad isə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Odur ki, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş üzrə qərardan cavabdehin apellyasiyası mümkün sayılmamalı, ərizəçinin qərardaddan şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87, 94 və 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3596/2014 nömrəli iş üzrə xx xxxxxxx 2014-cü il tarixli qərarından cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1237/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1237/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver