Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1237/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin (Abşeron rayonu, Xırdalan şəhəri ünvanında qeydiyyatdadırlar) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 23.07.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onların (iddiaçıların) ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 15 ildir ünvan 2 ünvanında yerləşən fərdi evi almışlar və bir neçə il istisna olmaqla həmin evdə mütəmadi olaraq yaşayırlar. Onların həmin ünvanda yaşamağı qonşular tərəfindən imzalanan aktla, evin kommunal xidmətləri üzrə ödəniş qəbzləri də təsdiqlənir. Hazırda iddiaçılar Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 11, mənzil 16 ünvanında qeydiyyatdadırlar. Lakin həmin ev alqı-satqı müqaviləsi ilə satıldığından, onların qeydiyyatdan çıxma təhlükəsi yaranmışdır. İddiaçılar yaşadıqları evə (ünvan 2 ünvanına) qeydiyyata alınmaları üçün hazırkı cavabdeh Bakı şəhəri Suraxanı RPİ-yə müraciət etmişlər. Lakin onlara cavab verilməmişdir. İşə əlavə olunmuş aktı imza edən qonşular həmin ünvanda qeydiyyatdadırlar. Bu isə, ona əsas verir ki, iddiaçılar da sözügedən ünvana qeydiyyata düşə bilərlər. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməmişdir. 22.02.2021-ci il tarixdə iddiaçılar qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Eyni zamanda apellyasiya şikayətinin imzalanma hissəsində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakı olmadan işə baxılması qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər iddiaçılar və cavabdeh Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. 01.04.2021-ci il tarixdə cavabdeh məhkəməyə 096-7981-1221 nömrəli, 29.03.2021-ci il tarixli məktub ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən iddiaçılara ünvanlanmış 27.07.2020-ci il tarixli, 096- **********20 nömrəli imtina məktubuna (məktub rəis polis polkovniki Namiq Həsənov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, sizin qeydiyyata alınmaq istədiyiniz evin heç bir hüquqi sənədi yoxdur, sizin həmin ünvana qeydiyyata alınmağınız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə ziddir, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilərsiniz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçıların müraciətinə verilmiş imtina cavabı qanunsuz hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşadıqları ünvan 2 ünvanında yerləşən evə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətinə əsasən məlum olur ki, iddiaçılar ünvan 7 ünvanında qeydiyyatdadırlar. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-5543/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1237/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1237/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver