Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1237/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(112)-7363/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia ərizəsində göstərilmişdir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilməsindən 6 il tamam olduğuna görə pensiyanın artırılması ilə bağlı cavabdehə müraciət edilmişdir. Lakin, ona məktubla pensiyanın dayandırılması bildirilmişdir. Səbəb kimi isə onun işlədiyi peşənin güzəştli peşə hesab edilməməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının işlədiyi yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsi neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdən də pensiya dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə bağlı tədbirlər görülmüşdür. İddiaçı eyni zamanda Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər bir iş üzrə (2-1(112)-8831/2021 saylı iş) iddiaçı qismində iştirak etdiyi iş üzrə artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğv edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmənin 2-1(112)-8831/2021 saylı iş iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8831/2021 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7363/2021 saylı (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının yenidən heablanması və s.” tələbinə dair) inzibati işə birləşdirilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş 2-1(112)-7363/2021 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 11 iyun 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsini, əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsini, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(112)-7363/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh imtinanın və iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinə əlavə təqdim edərək, cavabdehin pensiyanın dayandırılması barədə 18 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı cavabdeh tərəfindən pensiyanın dayandırıldığı vaxtdan bərpa edilməsini xahiş etmiş, yuxarıda qeyd olunan qərarın ləğvi barədə tələbi olmamış, həmin qərar məhkəmə baxışının predmeti olmamışdır. Eyni zamanda, pensiyanın verilməsi xx.xx.2021-ci il tarixdə dayandırılmış, qeyd olunan qərar isə bir aydan çox müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Odur ki, iddia ərizəsinə əlavə qəbul edilməməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən pensiyaya çıxmış, həmin tarixdən sonra da işləməyə davam etmiş, pensiya ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Əmək pensiyasının bərpa edilməsi ilə bağlı iddia tələbi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası İddiaçı xx.xx.1993-cü il tarixdən əmək fəaliyyətini həyata keçirdiyi əmtəə operatoru peşəsinin Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı bölməsində nəzərdə tutulan əmtəə operatoru hesab edilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, onun işlədiyi yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsi Neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsi ilə bağlı deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək adıçəkilən maddənin qüvvədə olmuş redaksiyasından görünür ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Birinci instansiya məhkəməsinin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda SOCAR-ın Mərkəzi və Attestasiya Komissiyası tərəfindən keçirilən iş yerlərinin attestasiyasının nəticələrinə əsasən “SOCAR”-ın İdarəetmə strukturuna daxil olan qurumlarında əmək normalarının, onların təşkilatı strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiyası” xx.xx.2018-ci il tarixli qərara əsasən Marketinq və iqtisadi Əməliyyatlar İdarəsinin neft məhsullarının qəbulu və göndərilməsi bazası üzrə əmtəə operatoru əmək şəraiti ağır və zərərli peşə və vəzifələr siyahısına daxil edildiyi qeyd edilmişdir. Qərara əlavədən də görünür ki, əmtəə operatoru əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısında qeyd edilmiş, 1.08 əmək şəraitinə görə vəzifə maaşına artım əmsalı müəyyən edilmişdir Birinci instansiya məhkəməsinin sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının çalışdığı əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10-cu bölmədə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsində nəzərdə tutulan əmtəə operatoru peşəsi kimi güzəştli peşə olduğu qeyd edilmişdir. Eyni zamanda, müəssisə iddiaçının fəaliyyət göstərmiş olduğu yanacaqdoldurma sexinin (sahəsinin) neftin, qazın, qaz kondensatının emalı sahəsinə aid olub-olmaması sorğuda nəzərdə tutulan suala cavab təqdim edərək bildirmişdir ki, Bakı yanacaqdoldurma sahəsi Heydər Əliyev adına X7 əraizində yerləşir və orada çalışan bütün əmtəə operatorları xam neftin emalı prosesində bilavasitə iştirak edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçıya 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi güzəştli iş stajının minimum 12 il 6 ay olması tələb edilir ki, cavabdeh əksini iddia etsə də məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən güzəştli iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya ödənişinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə İPM-in 12.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, artıq ödəmə kimi cavabdehin müəyyən etdiyi pensiya ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş, xx.xx.2021-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsi dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. İddianın bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən pensiyaya çıxmış, həmin tarixdən sonra da işləməyə davam etmişdir. İş materiallarında olan sosial arayışdan görünür ki, iddiaçı 2015-ci il tarixdən 2021-ci il tarixi də daxil olmaqla işləmiş, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməli olan şəxslər kateqoriyasında olduğundan ona pensiya təyin edildiyi gündən sonra 6 il işləməsi səbəbindən xx.xx.2021-ci il tarixdən əmək pensiyası pensiya kapitalında toplanılan məbləğ nəzərə alınmaqla yenidən hesablanmalı və ödənilməmiş pensiya artımı da hesablanaraq ödənilməlidir. Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarda qeyd olunmuşdur ki, İddiaçı Fondun Xətai Rayon Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödəniş aparılmışdır. AR ƏƏSMN tabeliyində DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən aparılmış araşdırmaya əsasən İddiaçı xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 16699,63 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır. Cavabdehin 11 iyun 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə tələbə münasibətdə kollegiya qeyd edir ki, iddia güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpasına münasibətdə təmin edildiyindən, nəticə etibarı ilə hazırkı qərarın hüquqi əhəmiyyəti itirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır X8 Məhkəməsinin presedent hüququna əsasən: Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul etmişdir. Hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsaslarından biri artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın, hazırkı iş üzrə də iddiaçı barəsində qəbul edilmiş 26 aprel 2016-cı il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərarın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə mübahisələndirilən artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilib-edilməməsi, əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar və sərəncamların, o cümlədən cavabdehin faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, pensiyanın məbləği ilə bağlı səhv hesablama, o cümlədən pensiyasının ümumiyyətlə səhv təyin edilməsi məhkəmə hesab edir ki, hər bir halda artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması qərarının qanuni olmasına əsas yaratmır Mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan hər bir halda ləğv edilməlidir. Qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından həmin qərar əsasında iddiaçıdan pul məbləğinin tələb edilməsi qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması”barədə qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(112)-7363/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün xx.xx.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması”barədə qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1237/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1237/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver