Məhkəmə qərarları › İş №2-1(103)-1237/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1237/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1237/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun adına aparılmış Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evə dair qeydiyyatın və bununla bağlı reyestr çıxarışının ləğv edilməsinə dair vəzifənin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9872/2022 nömrəli qərardadı ilə Ağayev (Muradov) Firidun Ağamirzə oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, 01.12. 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi iddiaçının anası X9 məxsus olmuşdur. İşə üçüncü şəxs qismində cəlb edilmiş Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun birinci nikahından bir oğlu vardır. İddiaçının anası F.Ağayevin ikinci arvadıdır. X14 və Ağayev (Muradov) Firidun Ağamirzə oğlu evləndikdən sonra F.Ağayev (Muradov) İddiaçının Bakı şəhəri, Yasamal rayon küçəsində yerləşən 49 saylı fərdi yaşayış evinə köçmüş və orada yaşamağa başlamışdır. X14 və Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun övladları olmadığından iddiaçını övladlığa götürmüşlər. İddiaçının anasının iddiaçıdan başqa övladı olmamışdır və anası yaşadıqları evi onun adına rəsmiləşdirmək istəmişdir. Lakin 2003-cü ildə X14 qəflətən vəfat etmişdir və evi iddiaçının adına rəsmiləşdirmək üçün işlər apara bilməmişdir. İddiaçının atası F.Ağayev (Muradov) ilə münasibətləri həmişə yaxşı olmuşdur. Sözügedən mənzil köhnə və təmirsiz olduğundan iddiaçı ailə qurduqdan sonra başqa mənzilə köçmüşdür. 2020-ci ildə ona məlum olmuşdur ki, üçüncü şəxs ona qarşı mənzildən istifadə hüquqlarının itirilməsinə dair iddia qaldırmışdır. O, həmin iddiaya etiraz edərək bildirmişdir ki, ev anasının əmlakı olmuşdur. Üçüncü şəxs və o, onun qanun üzrə birinci dərəcəli vərəsələridir. Lakin mülki məhkəmə işinin baxışı zamanı iddiaçıya məlum olmuşdur ki, F.Ağayev (Muradov) anasının sağlığında onun və anasının adından ərizələr yazaraq onları özü imzalamaqla qanunsuz vasitələrlə mənzili özəlləşdirmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2021-ci il tarixli, 4/792 nömrəli rəyi ilə sözügedən razılıq ərizələrində iddiaçının imzasının saxtalaşdırıldığı təsdiq edilmişdir. Həmin ərəfədə İddiaçı sənədlərin saxtalaşdırılması ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət etmişdir. Üçüncü şəxsin və digərlərinin əməlində cinayət faktının olmasına baxmayaraq, prokurorluğun xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra iddiaçının verdiyi şikayət əsasında, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)-33/2022 nömrəli qərarı ilə Prokurorluğun qərarı qanunsuz hesab edilərək ləğv edilmiş və iş ətraflı yenidən araşdırılması üçün Prokurorluğa göndərilmişdir. Bütün bu proseslərdən sonra iddiaçıya evin F.Ağayevin (Muradov) adına qanunsuz olaraq rəsmiləşdirildiyi, daha sonra F.Ağayevin (Muradov) evi ilk nikahından olan oğlunun adına keçirmək istədiyi məlum olmuşdur. Bu səbəbdən iddiaçı üçüncü şəxsin adına olan çıxarışın ləğv edilməsi üçün cavabdehə müraciət ünvanlamış, cavabdeh isə xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubla bu mübahisələrə məhkəmə qaydasında baxıldığını bildirərək, çıxarışı inzibati qaydada ləğv etməkdən imtina etmişdir. İddiaçı həmin imtina məktubunu xx.xx.2022-ci il tarixində əldə etmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxsin Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı fərdi yaşayış evə olan çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının iddiasını mümkün hesab etməyərək bu haqda qərardad qəbul etmişdir. İş materiallarında mövcud olan Bakı şəhəri Oktyabr XDS İcrayyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının sürətindən də görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 54.5 kv.m sahəsi olan mənzilin 3 nəfər ailə üzvü (İddiaçı, X14 və Ağayev (Muradov) Firidun Ağamirzə oğlu) ilə birlikdə Ağayev (Muradov) Firidun Ağamirzə oğlunun istifadəsinə verilmişdir. Məhz iddiaçı bu sənədə əsasən uzun illərdir həmin mənzildən istifadə hüququnun olduğunu bilmiş və bu sənədə etimad göstərmişdir. Lakin məhkəmə bu sənədin adını qərardadda çəksə də, həmin sənədə sübut olaraq istinad etməmiş, öz fikrini fərziyələr ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 şikayətin təmin olunmaması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********53 №-li məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evin, 4 saylı mənzilinə dair X3 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022- ci il tarixli müraciətinə baxılmışdır. Müraciətilə əlaqədar olaraq bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktuba əlavə edilmiş: - Bakı şəhəri, Oktyabr XDS İcraiyyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 54,5 kvm. sahəsi olan məzilin 3 nəfər ailə üzvü (özü, arvadı və oğlu) ilə birlikdə X3 istifadəsinə verilməklə sonuncu mənzilin kirayədarı hesab edilmişdir. - 51 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1998-ci il tarixli Forma 2 arayışın surətlərindən görünür ki, ünvan 2 ünvanında X11, həyat yoldaşı X14 və oğlu İddiaçı Firidun oğlu qeydiyyatdadırlar. - ünvan 2 ünvanında yaşayan Muradova Fəridə və İddiaçı tərəfindən Bakı şəhəri Texniki inventarizasiya bürosunun rəisinə ünvanlanmış xx.xx.1998-ci il tarixli ərizələrin surətlərin görünür ki, onlar yuxarıda göstərilən ünvandaki evin özəlləşdirilməsinə razılıqlarını imzaları ilə təsdiq etmişlər. - Bakı şəhəri, 5 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş 172284 nömrəli, 16 noyabr 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X11 Bakı şəhəri Tİ və MHQİ-nin kit. 924, səh. 138734, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən 4 otaqdan iki otağı 34,0 kvm. X1 - Bakı şəhər İH Tİ və MHQİ tərəfindən xx.xx.1998-ci ildə verilmiş ÖM seriyalı 139116 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Qorki küçəsi 49 saylı evin sahəsi 20.5 kv.m olan 2 yaşayış otağı X3, sahəsi 34.0 kv.m olan 2 yaşayış otağı X10 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,0163 ha torpaq sahəsində yerləşən 49 nömrəli, 2 mərtəbəli binada yerləşən 69,1 kvm. ümumi, 54,5 kvm. yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X3 2 otaq y/s- 20,5 kvm., X10 2 otaq y/s – 34,0 kvm. adlarına daşınmaz əmlakın dövlət reyestrində 936 nömrəli reyestr kitabının 86845 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 2 otaq y/s-20.5 kv.m hissəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Muradov Firudin Ağamirzə oğlunun adına, 2 otaq y/s – 34.0 kv.m. hissəsi xx.xx.2013-cü il tarixdə X2 adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28,3 kvm. olan mənzil X3 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 43,5 kvm. olan mənzil X2 xüsusi mülkiyyətindədir İş materiallarında olan 27 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanavr 2003-cü ildə vəfat etmiş X6 vərəsələri əri - X11 və oğlu - İddiaçı Firidun oğlu miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə reyestrdə 2V-1-244 № ilə qeyd edilib. Vərəsəlik işinin nömrəsi 274/2011 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/752 №-li ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, Bakı şəhəri texniki inventarizasiya bürosunun rəisi A.Qaraşova İddiaçı tərəfindən ünvanlanmış razılıqda “Muradov” soyadı önündəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 195-c-21 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş 28 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Firidun oğlunun qeydiyyatda olduğu ünvan 8 ünvanının özəlləşdirilməsi zamanı atası X5 1998-ci ildə onun adından saxta razılıq ərizəsi tərtib edərək aidiyyəti dövlət orqanlarına təqdim etməsi və sözügedən mənzili öz adına özəlləşdirilməsi barədə müraciəti əsasında Yasamal rayon prokurorluğunda aparılmış araşdırma zamanı hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5491/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı "evə köçürülmə və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı azyaşlı oğlu X20 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilərək, İddiaçı (yetkinlik yaşına çatmayan oğlu X20 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edillmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi və həmin məhkəmənin 27 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(102)-5491/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-311/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı üçüncü şəxs X5 oğludur. Mübahisəli ünvan 9 ünvanından yerləşən 4 otaqlı yaşayış sahəsi Oktyabr rayon XDS İcraiyyə Komitəsinin 19/1 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı əsasında X8 3 nəfər ailə tərkibi (özü, arvadı və oğlu) ilə birlikdə verilmişdir. Həmin ünvanda yaşayan Fəridə Muradovanın və İddiaçı xx.xx.1998-ci il tarixli razılıq ərizələri əsasında mübahisəli mənzil üçüncü şəxs X5 adına özəlləşdirilmiş və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır. 16 noyabr 2002-ci il tarixdə Muradov Firudin Ağamirzə oğlu ona məxsus olan ünvan 10 ünvanında yerləşən 4 otaqdan sahəsi 34,0 kvm. olan iki otağı X1. Hal-hazırda ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28,3 kvm. olan mənzil X3, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 43,5 kvm. olan mənzil X2 xüsusi mülkiyyətindədir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisəli daşınmaz əmlakla bağlı mülki məhkəmə icraatı qaydasında mübahisə olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən İddiaçı cavabdeh X7 qarşı evə köçürülmə və evə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı azyaşlı oğlu X20 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilmişdir. Hazırda İddiaçı xx.xx.1998-ci il tarixli mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsindəki imzanın ona məxsus olmamasına istinad edərək cavabdeh inzibati orqan tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı üçüncü şəxsin adına xx.xx.1998-ci ildə aparılmış qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin hallarından göründüyü kimi iddiaçı inzibati orqanın təxminən 24 il əvvəl həyata keçirdiyi hərəkətləri mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti xx.xx.1998-ci il tarixdə baş vermişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Hazırki işdə İddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı tərəfindən iddia müddətin buraxılmadığını bildirərək bunu onunla izah edir ki, qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə 2018-ci ilədək yaşamış, 2016-cı ilə kimi üçüncü şəxslə aralarında hər hansı problem olmamış, 2018-ci ildə aralarındakı mübahisə ilə bağlı xx.xx.2018-ci ildə cavabdehə müraciət edərkən mənzilin Firudin Ağayevin adına özəlləşdirilməsindən məlumatlı olmuşdur. Müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. Bundan başqa, iddiaçı yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı mübahisələndirilən hərəkətlər xx.xx.2011-ci ilədək olduğundan həmin hərəkətlərin mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır. İddiaçının 2018-ci ilə kimi yaşadığı mənzilin hüquqi rejimi ilə keçən müddət ərzində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mənzilə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Çünki iddiaçının mənzildən istifadə üçün məzmununa etimad göstərdiyi (və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya və ya ictimai maraqlara ziyan vurmadığı) hər hansı inzibati akt və ya oraya müvəqqəti məskunlaşmadan üstün hüquq tanıyan hüquqi əsas yoxdur. Yalnız bu cur əsas olduğu halda qəbul etmək olardı ki, iddiaçı həmin etimada əsaslanmaqla mənzilin sonrakı hüquqi rejimini araşdırmamışdır. Əksinə, mənzil üçüncü şəxsin adına özəlləşdiriləndən sonra ən azından 16 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı və 2 otağın onların istifadəsindən çıxdığı vaxtdan iddiaçıya bəlli olsa da (iddiaçı mənzilin 2 otağının satılması ilə bağlı razılıq ərizəsinin tərəfindən imzalandığını inkar etmir), o, bunu 20 il müddətində mübahisələndirməmişdir. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi hərəkətlərlə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd edir ki, hazırki iş üzrə iddia tələbini çıxarışın etibarsızlığı təşkil edir. Lakin iddia tələbindən görünür ki, iddiaçı üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir… Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9872/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar