Məhkəmə qərarları › İş №2-1(103)-1238/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1238/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1238/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Nağıyeva (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu Həmidov və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4, İddiaçı və onun nümayəndəsi və vəkili X1 (“Femida” Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1949-cu il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 2-1(82)-346/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 10.10.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək pensiyanın düzgün hesablanaraq yenidən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxx 1949-cu il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. O, 1971-ci ildən 2016-cı ilədək kiçik vaxt fasilələri ilə müxtəlif yerlərdə işləmişdir. Bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Hal hazırda ona güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Lakin pensiya təyin olunan zaman müəyyən faizlər, müəyyən illər aralığında pensiya kapitalı düzgün hesablanmamışdır. O (iddiaçı), bununla bağlı cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 21 sentyabr 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina olunmuşdur. Məktubda qeyd olunmuşdur ki, ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya təyin edilmişdir, həmin pensiya düzgün hesablanmışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Ona görə ki, pensiya məbləğində onun işlədiyi müəyyən illər aralığında vaxtların pensiya kapitalı əlavə edilməmiş, faizlər düzgün hesablanmamışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 31-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) əmək pensiyasının düzgün şəkildə yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 2-1(82)- 346/2019 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. 28.01.2021-ci il tarixində iddiaçı ərizə verərək qərardadın rəsmi qaydada ona verilməsini xahiş etmişdir. 18.02.2021-ci il tarixli məhkəmə qəbzi ilə qərardad iddiaçı tərəfindən qəbul edilmişdir. 22.02.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 2-1(82)-346/2019 nömrəli qərardadının ləğv edilməsini və işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmiş və iddiaçıya ünvanlanmış bildirişdə “Məhkəmənin 28 yanvar 2019-cu il tarixli məhkəmə qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 22 fevral 2021-ci il tarixində verildiyindən prosessual müddətin ötürülməsi ilə bağlı münasibət bildirməyiniz məqsədilə apellyasiya şikayətinin mümkünlük məsələsinə (prosessual müddətin ötürülməsi ilə bağlı) baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunur.” qeyd edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin onun iddiasının mümkün sayılmaması barədə 28.01.2019-cu il tarixli 2-1(82)-346/2019 saylı qərardadını qanunvericiliklə müəyyən olunan müddətdə rəsmi olaraq təhvil almamış və qeyd olunan qərardadla şəxsən tanış olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan iş üzrə qərardadını almaq üçün isə özü şəxsən rəsmi şəkildə məhkəməyə ərizə ilə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli № 2-1(821-346/2019 saylı qərardadı ona rəsmi olaraq 18.02.2021ci il tarixində təqdim edilmişdir. Qeyd olunan qərardadla tanış olduqdan dərhal sonra 22.02.2021-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli № 2-l(82)-346/2019 saylı qərardadından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Daha sonra isə vəkili ilə birlikdə işin hallarını araşdırarkən məlum olmuşdur ki, qeyd olunan inzibati işin sənədlərində sözügedən qərardadın guya ona İddiaçı çatdırılması ilə bağlı xəbərnamə vardır. Bu xəbərnamə isə onun tərəfindən imzalanmamışdır. Qeydiyyatda olduğu ünvanda isə faktiki olaraq o və qızı yaşayır. Əgər qeyd olunan qərardad həqiqətən də olduğu ünvana çatdırılsaydı, qızı qərardadı ona təqdim edərdi. Hazırkı vəziyyətdə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.01.2019-cu il tarixli № 2-1 (82)-346/2019 saylı qərardadının guya ona çatdırılması barədə xəbərnamə onun qeydiyyatda olduğu ünvana çatdırılmamış, nə ona, nə qızına təqdim edilməmiş və xəbərnamə nə o, nə də qızı tərəfindən imzalanmamışdır. Qeyd olunan qərardad, doğurdan da, ona vaxtında çatdırılmış olsaydı, o, daha sonra məhkəmədən qeyd olunan qərardadın ona təqdim olunması barədə rəsmi olaraq ərizə ilə müraciət etməzdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd olunan hərəkətsizliyi nəticəsində ona qanunla müəyyən olunmuş qərardaddan apellyasiya şikayəti etmə hüququnu həyata keçirməyindən məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili ərizənin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdilər. Sədrlik edənin sualına cavab olaraq iddiaçı ünvan 2 ünvanında qeydiyyatda olduğunu və həmin ünvanda onun qızının da yaşadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini vermə müddətini ötürüldüyündən mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 28.01.2021-ci il tarixdə ərizə verərək, iddianın mümkünsüzlüyü barədə qərardadın rəsmi qaydada ona verilməsini xahiş etsə də, iş materiallarında olan məhkəmə xəbərnaməsindən (ştrix kod- SS584501299AZ) görünür ki, iddiaçı qərardadı 08.04.2019-cu il tarixdə rəsmi qaydada almışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya rəsmi qaydada 08.04.2019-cu il tarixdə ünvan 2 ünvanına çatdırılmışdır. Göründüyü kimi məhkəmə zərfi hər hansı qeyd ilə geri qayıtmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin birinci instansiya icraatı materiallarında olan 28 yanvar 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçı məhkəmə qərardadının elan edilməsi zamanı məhkəmə iclasında iştirak etmişdir. Qeyd edilən Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının elan olunduğu 28.01.2019-cu il tarixdən (iki il müddət keçdiyindən) və ya qərardadın iddiaçı tərəfindən alındığı 08.04.2019-cu il tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür, yəni iddiaçı 1 il 10 ay sonra məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməməli, buraxılmış prosessual müddət bərpasından imtina edilməli, apellyasiya qeyrimümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1- 90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Buraxılmış prosessual müddətin bərpasından imtina edilsin. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli, 2- 1(82)-346/2019 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar