Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1238/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu, həmçinin işlədiyi peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajının toplanmadığını, güzəştli iş stajının isə 05 il 01 ay 18 gün olduğunu, həmçinin iddiaçının işlədiyi çilingər peşəsinin Siyahıda nəzərdə tutulmuş texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə uyğun gəlmədiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 24 noyabr 1982-ci il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 23 iyun 2009-cu il tarixli güzəştli arayışında xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Yandırma” və “Xammal” sexlərində sement avadanlığının təmiri üzrə çilingər peşəsində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi peşə texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə uyğun deyildir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az ( 5 il 1 ay 18 gün, xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. İddiaçının pensiya kapitalı bugünə qədər cəmi 21927,02 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1960-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş aşağı həddən az olması, həmçinin, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının az olması, o cümlədən də, işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdən keçmişdir (02 il 01 ay 13 gün). Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək TTT TİSU-4 fəhlə (01 il 01 ay 04 gün); xx.xx.1983-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Omsk vilayəti “Dobrovolski” sovxozunda tikinti sahəsində fəhlə (04 ay 19 gün) ; xx.xx.1983-cü il tarixdən Qaradağ sement zavodunda imtahanın verilməsi ilə sement avadanlıqlarının təmiri üzrə çilingər qismində 2 saylı Yandırma sexinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 2 saylı Yandırma sexin sement avadanlıqlarının təmiri üzrə çilingərə 4-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixdə sement avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1993-cü il tarixdə çilingərə 6-cı dərəcə verilmiş, xx.xx.1995-ci il tarixdə tikinti sexinə sement avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər keçirilmiş, xx.xx.1995-ci il tarixdə qablaşdırma sexinə tarada sement yükvuran fəhlə keçirilmiş və xx.xx.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (16 il 10 ay 04 gün); xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “A&D” Company Birgə müəssisəsinin taxta sexində Quraşdırıcı vəzifəsində (02 il 10 ay 01 gün); xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Vüqar” kiçik müəssisəsində kamaz a/maşınına sürücü (03 il 12 ay); xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək 11 saylı Təmir Tikinti İdarəsində 6-cı dərəcəli çilingər (05 il 08 ay 24 gün); xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" X5raşdırıcı-çilingər vəzifəsinə (09 ay 11 gün); xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək “Qaradağ” X1raşdırıcısı vəzifəsində (02 il 09 ay 24 gün); xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də quraşdırıcı operator vəzifəsində işləmişdir (05 ay 17 gün). Birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi üçün 2006-cı ilin yanvar ayının 1-dək tələb olunan 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi staja malik olmasını əsas kimi göstərərək, həmçinin «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq müraciət tarixindən əvvəlki 3 il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏPQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajına münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun “Yandırma” və “Xammal” sexlərində sement avadanlığının təmiri üzrə işlədiyi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər peşəsinə uyğun olmamasını əsas gətirmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifənin Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" ASC və hazırki Holcim (Azərbaycan) ASC tərəfindən təqdim olunmuş güzəştli arayışlarda öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" ASC tərəfindən əvvəlki dövrlərdə təqdim olunmuş güzəştli arayışda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Yandırma-2” sexində sement avadanlığının təmiri üzrə çilingər peşəsi, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Xammal” sexində sement avadanlığının təmiri üzrə çilingər peşəsi 2№-li Siyahıda 2180100a-18559 kod altında nəzərdə tutulmuş; xx.xx.1995-ci il tarixdən 4.10.2000-ci il tarixədək “Yükləmə” sexində yükləyici kimi işlədiyi peşə isə sözügedən Siyahının 2180100a-11768 kodu altında nəzərdə tutulmuş, bununla da, onun ümumilikdə 16 il 10 ay 04 gün iş stajı mövcud olmuşdur. İşin birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi çilingər peşəsinin, eləcə də sement yükləyici peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi, o cümlədən iddiaçının işləmiş olduğu çilingər peşəsinin texnoloji və tozsuzlaşdırıcı avadanlığın xidməti və təmiri ilə məşğul olan təmirçiçilingər peşəsi ilə eyniyyət təşkil edib-etməməsi, həmin peşələr arasında fərq mövcuddursa, həmin fərqin nədən ibarət olması barədə məlumatın təqdim edilməsi ilə bağlı “Holcim (Azərbaycan) ASC”-yə sorğu ünvanlamış və cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək keçmiş Qaradağ sement zavodunun (hazırki “Holcim (Azərbaycan)” ASC) sement avadanlığının təmiri üzrə çilingər; xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək sement avadanlığının təmiri üzrə çilingər, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sement yükləyicisi peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının “14.Tikinti materialları istehsalı” maddəsinin “14.1 Sement istehsalı”i a) fəhlələr bəndinə əsasən “texnoloji və tozsuzlaşdırıcı avadanlığının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər” və “sement yükləməsi ilə məşğul olan yükləyicilər” peşələri güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Sorğuyaca cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, “Yandırma-2” sexində sement istehsalında əsas texnoloji avadanlıq hesab edilən firlanan soba, “Xammal” sexində isə xammal dəyirmanı fəaliyyət göstərir ki, bu işçi həmin texnoloji avadanlıqların təmiri ilə bir başa məşğul olmuşdur. “Yükləmə” sexində isə kisə sementlərinin maşın və vaqonlara doldurulması sement yükləyicisinin əsas əmək funksiyasına aiddir. Burada isə həm tozlanmanın çox olması, həm də fiziki əməyin (50 kq kisələr) mövcud olması bu iş yerinin zərərli iş qrupuna aid edilməsində əsas şərtdir. Əmək funksiyasının xüsusiyətlərinə həm təmirçi, həm də sement yükləyicisinə 6 təqvim günü əlavə məzuniyyət və iş yerlərinin attestasiyası nəzərə alınmaqla əmək şəraitinə görə işçinin əmək haqqına 12% artım əlavə edilir. Həmçinin, 1951-ci ildən fəaliyyət göstərən Qaradağ sement zavodunda fəaliyyət göstərən təmirçi çilingər və sement yükləyicisi vəzifəsini tutan bütün işçilər (müvafiq zərərli iş stajına malik olanlar) güzəştli şərtlərlə pensiya getmişlər. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən “Holcim (Azərbaycan)” ASC-yə sorğu verilmiş və 17 may 2022-ci il tarixli sorguya cavab məktubu birinci instansiya məhkəməsi baxışı zamanı verilən cavab məktubu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “Yandırma” və “Xammal” sexlərində sement avadanlığının təmiri üzrə çilingər peşəsi – Siyahıda nəzərdə tutulmuş texnoloji və tozsuzlaşdırıcı avadanlığının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingər peşəsi ilə eyni funksional xarakter daşıyır ki, bu da müvafiq olaraq güzəştli arayışlarda və məhkəmə sorğusuna cavab məktubunda əks olunmuşdur. Eləcə də, müəssisədə həmin peşələr üzrə fəaliyyət göstərən əməkdaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarının olduğu da müəyyən edilmişdir. Həmçinin, iddiaçının “Yandırma” və “Xammal” sexlərində sement avadanlığının təmiri üzrə çilingər peşəsi və sement yükləyicisi peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2180100a-18559 və 2180100a-11768 kodlar altında nəzərdə tutulduğundan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının “14.Tikinti materialları istehsalı” maddəsinin “14.1 Sement istehsalı”i a) fəhlələr bəndinə əsasən “texnoloji və tozsuzlaşdırıcı avadanlığının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər” və “sement yükləməsi ilə məşğul olan yükləyicilər” peşələrinə aid olduğundan, onun xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı” haqqnda Qanunun 13-cü maddəsinin b) bəndində nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7745/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1238/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1238/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver