Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1238/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1238/2023 (Açar sözlər: “üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi”) Bakı şəhəri 05 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası vətəndaşının xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Şəmkir rayonunda doğulmuşdur.
2. İddiaçı aid xidmət dəftərçəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.1993-xx.xx.1997-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində müdavim, xx.xx.1997-xx.xx.1997-ci ildə Azərbaycan Respublikası MYN X3 sərəncamında, xx.xx.1997-xx.xx.1999-cu ildə Azərbaycan Respublikası MTN SQBİ 5-i sərhəd dəstəsində maliyyə xidmətinin zabiti, xx.xx.1999-xx.xx.2001-ci ildə MTN SQBİ “Gəncə” ƏMBM-də maliyyə xidmətinin rəisi, xx.xx.2001-xx.xx.2003-cü ildə MTN SQBİ 6-cı s/d-də (2015 saylı h\h) maliyyə xidmətinin rəisi, xx.xx.2003-xx.xx.2008-ci ildə DSX SQ 7-ci s/d-də (2007 saylı h/h) maliyyə bölməsini baş zabiti, xx.xx.2008- xx.xx.2011-ci ildə DSX Akademiyasında (2022 saylı h/h) maliyyə bölməsinin baş zabiti, xx.xx.2011-xx.xx.2011-ci ildə DSX Akademiyasında (2022 saylı h/h) maliyyə bölməsinin rəisi, xx.xx.2011-xx.xx.2014-cü ildə DSX SQ 8-ci SD-də (2008 saylı h/h) maliyyə bölməsinin rəisi, xx.xx.2014xx.xx.2016-cı ildə DSX Aparatında Maliyyə-Plan İdarəsinin pul təminatı şöbəsinin rəisi, xx.xx.2016-xx.xx.2017-ci ildə DSX Aparatında (2000 h/h) Maliyyə-Plan İdarəsinin təftiş şöbəsinin rəisi, xx.xx.2017-xx.xx.2017-də sərəncamda, xx.xx.2017-xx.xx.2019cu ildə DSX Aparatında (2000 h/h) Maliyyə-Plan İdarəsi rəisinin müavini- təftiş şöbəsinin rəisi işləmiş,Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1560e/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
3. Silahlı Qüvvələrin ehtiyatında olan polkovnik İddiaçı xidmətdə olarkən sonuncu pul təminatının ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixə MPİ İdarə rəisinin müavini TŞ-nin rəisi İddiaçı 22 il 2 ay 6 gün xidmət ili, 30% olmaqla vəzifə maaşı 1065,0 manat, rütbə maaşı 159,00 manat, xidmətə görə əlavə faiz 367,20 manat, SM xidmətə görə əlavə 10% 106,50 manat, məxfiçilik 213,00 manat, KƏK f.g % əlavəsi 426.00 manat, məharət dərəcəsi 266.25 manat, ərzaq kompensasiyası 64.00 manat, cəmi 2666.95 manat ödənilmişdir.
4. Dövlət Səhrəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Dövlət Səhrəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2017-ci il tarixli Arayışından (Qərarı) görünür ki, xəstəliyin (travmanın) səbəb əlaqəsi qiymətləndirilmişdir:1.Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır.2.Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.
5. Dövlət Səhrəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı DSX Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il tarixli, 533 №-li göndərişinə əsasən xx.xx.2019-ci il tarixdə şəhadətləndirilmişdir. Diaqnozu: 1) Funksiyaların mülayim dərəcədə pozulması ilə şəkərli diabet, ikinci tip, orta ağır gedişli, subkompensasiya mərhələsi. OD-Dərəcəsi 1,5 D olan sadə miopik astiqmatizm. OS-Dərəcəsi 2,0 D olan, ümumi ametropiyası 0,75 D olan mürəkkəb miopik astiqmatizm. OU-Görmə itiliyi 0,3 korreksiya ilə = 0,8. OU-Qeyri proliferativ diabetik retinopatiya. Düyünlü eutireoid ur. Etmoidit. Xroniki qeyri-spesifik uretrit. Qaraciyərin piy disirofiyası. 2) Funksiyaların cüzi dərəcədə pozulması ilə sağ aşıqbaldır oynağının artrozu. Hərbi həkim komissiyasının qərarı: a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1)13 “b”, 35, 12 “c”, 49 “c”, 2) 65 “c" maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.b) 1.Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır.2.Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.
6. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kəşfiyat və əkskəşfiyyat fəaliyyətinin subyektlərin əməkdaşlarına kompensasiya təyin edən komissiyaya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ona kompensasiya verilməsi məsələsinə baxılması üçün aidiyyatı üzrə komissiyaya göstəriş verilməsini xahiş etmişdir.
7. Kompensasiyanın təyin edilməsi üzrə Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0305 nömrəli əmri ilə yaradılmış komissiyanın 207 nömrəli, xx.xx.2021-ci il tarixli iclas protokolunun surətindən görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbayucan Respublikası Qanununun və “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarını rəhbər tutaraq, əməkdaş (vətəndaş) ehtiyatda olan polkovnik İddiaçı ərizəsinə baxılmışdır. DSX MHHK xx.xx.2019-cu il tarixli, 1820N-li xəstəlik şəhadətnaməsinə əsasən ehtiyatda olan polkovnik İddiaçı A NK-nın 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “xəstəliklər cədvəlinin” 13 “b”, 35, 12 “c”, 49 “c” və 65”c” maddələrinin İİİ qrafaına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Komissiya qərara almışdır ki, ehtiyatda olan polkovnik İddiaçı aldığı xəstəlik və bunun nəticəsində xidmətdən təxris olunması onun xidməti vəzifələrinin icrası ilə əlaqəlidir. Lakin ehtiyatda olan polkovnik İddiaçı şəhadətləndirilən xəstəliklər Azərbaycan Respublikası NK-nın 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci maddəsində qeyd edilən bəndlərə şamil edilmir və kompensasiyanın ödənilməsi üçün əsas sayıla bilməz.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 5/208 №-li, xx.xx.2022-ci il tarixli, 10/9-22 №-li məktubların surətlərindən görünür ki, Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrinin icrası zamanı xəsarət almağı ilə əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.
9. Maliyyə-Plan İdarəsinin rəisi tərəfindən İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xidmət məktubdan görünür ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında maliyyə bölməsinin hər hansı bir vəzifəsi üzrə kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olması barədə Dövlət Sərhəd Xidməti rəisinin əmri mövcud deyil.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli qərarının Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarın 2.2. və 2.4-cü bəndin b və ç yarim bəndinə müvafiq olaraq 3 illik pul təminatı məbləğində hesablanaraq birdəfəlik ödənilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Araz oğluna xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsi mümkünsüzlüyü nəzərə alınmaqla qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın birdəfəlik ödənilməsinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə 27 il 4 ay 7 gün müddətdə xidmət etmişdir. 18 dekabr 2019-cu il tarixli müfaviq əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliklə əlaqədar (Əsas: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi DSX-nin X4 xx.xx.2019-cu il tarixli, 1820 №-li şəhadətnaməsi) X6 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12- ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfıyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Məhz həmin səlahiyyəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilmişdir. Bu qərara əsasən qərarın icrası ilə bağlı vəsaiti olan tələbat dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Yuxarıda qeyd olunanlara və həmin Qərarın 2.2-ci maddəsinə (xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödəilir.) əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün ərizə ilə tərəfindən 3 halda xx.xx.2020-ci il, xx.xx.2020ci il və xx.xx.2022-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Birinci müracəti Maliyyə Plan İdarəsinin rəisi Ceyhun Mirzəyev tərəfındən (DSX-nin xx.xx.2020-ci il tarixli 10/137№-İi, ünvanına çatma xx.xx.2020.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət Maliyyə Plan İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətiniz aidiyyatı üzrə araşdırılır. Hüququnuz olduğunuz təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır.” Daha sonra ikinci yazdığı müraciət DSX-nin komissiyasının katibi P.Muradova tərəfindən (DSX-nin xx.xx.2021-ci il tarixli 5/208 №-İi, ünvanına çatma xx.xx.2021.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət tərəfimizdən baxılmışdır. Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət almağınızla əlaqədar sağlamlığınıza dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.” Göründüyü kimi DSX-nin komissiyası tərəfindən ərizəsi imtina ilə cavablandınlmış lakin imtinanın hüquqi əsasları barədə ona izahlı məlumat verilməmişdir. Bununla bağlı 3-cü yazdığı müraciətindən imtina edilərək DSX-nin Maliyyə Plan İdarəsinin rəisi Ceyhun Mirzəyev tərəfindən (DSX-nin xx.xx.2022-ci il tarixli 10/G- 22№-İi, ünvanına çatma xx.xx.2022.) aşağıdakı kimi cavablandırılmışdır. “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciət tərəfimizdən baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrin icrası zamanı xəsarət almağınızla əlaqədar sağlamlığınıza dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır.” Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət keçərkən maliyyə bölməsinin 1-ci dərəcəli məsul icraçısı gizir X5 ilə Dövlət Sərhəd Xidməti Akademiyasında xidmət edən hərbi qulluqçuların dekabr ayı üçün pul təminatının kartlara köçürülməsi üçün Səbail rayonu, Xəqani küçəsi 36-da yerləşən 9 saylı xəzinadarlıq idarəsinin qarşısında yolu keçərkən yıxılaraq xəsarət almış, onunla birlikdə olan gizir X5 onu yerdən qaldıraraq taksi avtomobilinə əyləşdirərək Dövlət Sərhəd Xidməti Poliklinikasına aparmışdır. Dövlət Sərhəd Xidməti Poliklinikasında müayinə etdikdən sonra “Sağ topuğun oynaq yarığı səviyyəsində yer dəyişmiş sınığı” diaqnozu qoyulmuşdur. xx.xx.2010-cu ildə əməliyat olunmuş, sonradan dəfələrlə bununla bağlı Dövlər Sərhəd Xidmətinin Hərbi Hospitalında uzun müddət müalicə almışdır. Sağlamlığında yaranmış vəziyətlə bağlı xidmət etməsində çətinliklər yaranmış, bununla bağlı tərxis olunması ilə əlaqədar müraciət etmiş, iki halda sıradan kənar xidmətə yararlı hesab edilmişdir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 1820 №-li XƏSTƏLİK ŞƏHADƏTNAMƏSİ Hərbi Həkim komisiyasının qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1) 13 “b”, 35, 12, “c”,2) 65 “c” maddələrinin İİİ qrafasına və ƏTC-yə əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. 1) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 2) Hərbi travmadır, hərbi xidmət vəzifələrinin yerinə yetirərkən alınmışdır. Göründüyü kimi hərbi xidmətdən tərxis olunma səbəblərindən biri də xidmət zamanı hərbi travma alınması göstərilir. İnzibati orqanın müraciətindən imtina etməsini əsassız hesab edir.
13. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verildiyini, məhz həmin səlahiyyəti həyata keçirmək məqsədi ilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq olunduğunu və həmin qərarın 2.2-ci maddəsinə əsasən (xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir) nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsini göstərmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına qeyd olunan qanun şamil olunur. Lakin İddiaçı öz iddia ərizəsində qeyd etdiyi travmanı xx.xx.2010-cu il tarixdə DSX Akamademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən almışdır. DSX Akademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edən hərbi qulluqçular kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları sayılmır. Bu səbəbdən də həmin ödəniş ona şamil oluna bilməz. Həmçinin İddiaçı 2021-ci il tarixdə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları“nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarını rəhbər tutaraq DSX rəisinin xx.xx.2018-ci il tarixli 0305 nömrəli əmri ilə yaradılmış komissiyaya müraciət etmişdir. Komissiyanın katibi polkovnik Pərvanə Muradova tərəfindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarının 2.4-cü və 2.5-ci maddələrinə əsasən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifələrinin icrası zamanı xəsarət almağı ilə əlaqədar sağlamlığına dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmadığı bildirilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə yaradılmış komissiyanın rəyi olmadığı üçün ödəniş olunmamışdır. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddiasının əsassız olmasını hesab edirlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.
16. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1997-ci il tarixdən Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlamışdır. O, xx.xx.2010-cu il tarixdə DSX Akamademiyasının maliyyə bölməsinin baş zabiti vəzifəsində xidmət edərkən xəsarət – travma almışdır. xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsi ilə şəhadətləndirilərək sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, travmanın hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması təsdiq edilmişdir. İddiaçının kəşfiyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar ona kompensasiya verilməsi ilə bağlı cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Cavabdeh inzibati orqanda yaradılmış müvafiq komissiyanın 207 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı şəhadətləndirilən xəstəliklərin Azərbaycan Respublikası NK-nın 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci maddəsində qeyd edilən bəndlərə şamil edilməməsi əsas gətirilərək kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Hazırda iddiaçı xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı sağlamlığına dəymiş zərərə görə xidmətinin davam etdirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə müvafiq olaraq ona şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.
19. Hazırkı mübahisə üzrə İddiaçı xidmətdən ehtiyata buraxılan zaman kəşfiyyat və əkskəşfiyyat subyekti olsa da xx.xx.2010-cu il tarixdə xəsarət alan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olmamış, o cümlədən xidmətdən buraxılan zaman şəhadətnaməsində qeyd edildiyi kimi onda “funksiyaların mülayim dərəcədə pozulması ilə şəkərli diabet, ikinci tip, orta ağır gedişli, subkompensasiya mərhələsi. OD-Dərəcəsi 1,5 D olan sadə miopik astiqmatizm. OS-Dərəcəsi 2,0 D olan, ümumi ametropiyası 0,75 D olan mürəkkəb miopik astiqmatizm. OU-Görmə itiliyi 0,3 korreksiya ilə = 0,8. OU-Qeyri proliferativ diabetik retinopatiya. Düyünlü eutireoid ur. Etmoidit. Xroniki qeyri-spesifik uretrit. Qaraciyərin piy disirofiyası. funksiyaların cüzi dərəcədə pozulması ilə sağ aşıqbaldır oynağının artrozu” diaqnozlu xəstəliklər müəyyən edilmişdir ki, bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci bəndində nəzərdə tutulan hallara aid deyildir.
20. İddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarına uyğun kompensasiyanın ödənilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
21. Birinci instansiya məhkəməsi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci, 14.1-ci, 20.1-ci, 20.12-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 1.1-ci, 2.2-ci, 2.4-cü, 2.5-ci, 3.1-ci bəndlərinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı və iddiaçının mümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
28. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu:
- 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. - 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. - 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. - 20.12-cı maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları:
1.1-ci bəndinə əsasən bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövürdə kəşfiyyat və əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götrülmüş zaman. 3.1-ci bəndinə əsasən kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 2.2.7-inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. Birinci instansiya məhkəməsi öz mövqeyini məhkəmə iclasında tədqiq edilmiş sənədlər və iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin təqdim eldiyi etirazda göstərilənlər, həmçinin də imtina məktublarında qeyd etdikləri ilə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edir ki, İddiaçı xidmətdən ehtiyata buraxılan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olsa da xx.xx.2010-cu il tarixdə xəsarət alan zaman kəşfiyyat və əks-kəşfiyyat subyekti olmamış, o cümlədən xidmətdən buraxılan zaman funksiyaların mülayim şəkildə pozulması, şəkərli diabet, astiqmatizm və digər xəstəliklər müəyyən olunmuşdur ki, bu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-ci il 23 noyabr tarixli, 180-24 nömrəli qərarının 2.5-ci bəndində nəzərdə tutulan hallara aid deyildir və bu səbəbdən də iddia təmin edilməməlidir.
35. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək birinci instansiya məhkəməsinin iş üzrə qənaəti ilə razılaşmır.
36. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı xidmətdən ehtiyata buraxılandan əvvəl də, yəni 2014-cü ildən kəşfiyyat və əks-kəşfiyyat subyekti olmuş və bu sahədə mövcud qanunlarla ona şamil edilən hüquqlardan istifadə etmişdir.
37. İşin hallarından (1-5 bəndlərdə sadalanan işin halları) göründüyü kimi, iddiaçı 2010-cu ildə hərbi xidmət vəzifələrini icrası zamanı xəsarət almış və uzun müddət müalicə almışdır.Bundan sonra hərbi xidmətini davam etdirmiş, 2014-cü ildə kəşfiyyat və əkskəşfiyyat subyekti olmuş və qanunla onlara şamil edilən hüquqlardan istifadə etmiş, kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətini davam etdirmişdir.
38. İşin hallarından görünür ki, iddiaçı həmçinin kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xx.xx.2017-xx.xx.2017 tarixlərdə sərəncamda olmaqla müalicə olunmuş və yenidən kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətini davam etdirmişdir.
39. Lakin, hərbi xidmət zamanı aldığı xəsarət tədricən özünü göstərmiş, bunun nəticəsi olaraq ayrı-ayrı vaxtlarda iki dəfə sıradan kənar hesab edilməyi ilə bağlı rəy verilmişdir.Səbəb kimi isə hərbi xidmət zamanı iddiaçının aldığı xəsarət nəticəsində ağırlaşma müşahidə edilməsi əlaqəsi istisna olunmamışdır.
40. Belə ki, Dövlət Səhrəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Dövlət Səhrəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2017-ci il tarixli Arayışından (Qərarı) görünür ki, xəstəliyin (travmanın) səbəb əlaqəsi qiymətləndirilmişdir:1.Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır.2.Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.
41. Dövlət Səhrəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2019-cu il tarixli, 1820 №-li xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı DSX Hərbi Hospitalının hərbi həkim komissiyası tərəfindən Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il tarixli, 533 №-li göndərişinə əsasən xx.xx.2019-ci il tarixdə şəhadətləndirilmişdir. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır hesab olunmuşdur.Həmçinin, şəhadətləndirmə aşağıdakı iki bənd üzrədir: 1.Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır.2.Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.
42. Göründüyü kimi, iddiaçı hərbi travma aldıqdan sonra müalicə olunaraq xidmətini davam etdirmiş, lakin alınmış travma sonradan aparılan müalicə və sağlamlıq tədbirlərinə tabe olmamış, getdikcə kəskinləşmiş, 2017 və 2019-cu illərdə kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi müayinədən keçmiş və xəstəliklərin ağırlaşması nəticəsində həmin hərbi travma əsas olması da göstərilməklə digər əlaqəli xəstəliklərlə kəşfiyyat və əks-kəşfiyyat subyekti olaraq xidmətdən ehtiyata buraxılmışdır.
43. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən- xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.( 20.12-cı maddəsinə)
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra- əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir.(Qaydaların 1.1-ci bəndi)
45. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.
46. 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: .....b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı;.....ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı;
47. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbi “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci bəndinin və 2.4-cü bəndinin b) və ç) yarımbəndlərinin dispozisiya şərlərinə uyğundur.
48. Məhkəmə Kollegiyası iddiaçının üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsinə dair iddia tələbini əsaslı saymaqla yanaşı, kompensasiyanın birdəfəlik ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddia tələbinin həmin hissədə təmin olunmaması qənaətinə gəlir.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunaraq iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi kompensasiyanın birdəfəlik ödənilməsi hissəsində rədd edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7733/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.