Məhkəmə qərarları › İş №2-1(103)-1239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1239/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1239/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlavə mənzilin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “əlavə mənzilin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona əlavə bir otaqlı mənzilin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 01.03.2002-ci il tarixdə mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində növbəyə durmuşdur. O, 2019-cu ildə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilmişdir. İddiaçının ailə tərkibinin 5 nəfərdən ibarət olmasına baxmayaraq o, 80 kv.m deyil, normadan artıq sahə 84 kv.m yaşayış sahəsi ilə təmin edilmişdir. Ailə tərkibi 5 nəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa birotaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçının ailə üzvü 5 nəfərdən- oğlu, gəlini və 2 nəvəsindən ibarətdir. Ona şəhid ailəsi olması ilə bağlı iki otaqlı mənzil verilmişdir. Lakin iddiaçı bununla razılaşmayıb, əlavə olaraq ona bir otaqlı mənzilin də, ümumilikdə 3 otaqlı mənzilin verilməsini istəyir. İddiaçının 3 otaqlı mənzillə təmin olunması barədə müraciətinə baxılıb imtina verilmişdi, ona görə ki, iddiaçının ailə tərkibinə uyğun olaraq adambaşına düşən 16 kv.m-lik norma nəzərə alınmaqla iki otaqlı mənzil verilmişdi, ona artıq olaraq bir otaqlı mənzilin də verilməsi qeyri-mümkündür. İşdə olan imtina məktubu iddiaçının məhz 3 otaqlı mənzillə bağlı müraciətinə münasibətdə verilmişdi. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçının mənzillə bağlı şikayətinin olmadığını, iki ailənin birlikdə yaşamasının, mənzili üç otaqlıya çevirməsinin qeyri-mümkün olmasını, Bakı şəhəri, Sabunçu rayonu, Ramana ərazisində təklif edilən mənzillin şəhərdən uzaqda olması səbəbindən iddiaçının həmin təkliflə razı olmadığını, iddiaçının oğlunun 18 yaşına çatmamış əlillik qazandığını, oğlunun da həmin imtiyazlı olduğunu, iddiaçının şəhid ailəsi kimi qeyddiyyata durduğunu, agentlik tərəfindən iddiaçıya iki şəhid ailəsi kimi 84 kv.m-lik mənzilin verilməsinin nəzərdə tutulmasını bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında 30 ildir ki, Nizami rayonunda da işləyərək yaşadığını bildirmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən “həmin ünvanda ona 3 otaqlı mənzilin verilməsi”ni xahiş etmişdir. İddiaçı sonradan 04.11.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ona bir otaqlı mənzilin verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının izahatından məlum olmuşdur ki, əslində onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi ona həmin ünvanda (iki otaqlı mənzilin yerləşdiyi Nizami rayonu ərazisində) əlavə bir otaqlı mənzilin verilməsi barədədir. Beləliklə, iddiaçı hüquqi marağının yönəldiyi- 3 otaqlı mənzillə təmin olunması barədə cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 05 mart 2020-ci il tarixli və **********0 saylı imtina məktublarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 saylı 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 01.01.2014-cü il tarixədək üçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilmişdir. Qeyd olunanları iddiaçının nəzərə alması xahiş olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının 105 saylı 01.03.2002-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailəsidir və o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 1993-cü ildən Ə.Hacıyev küçəsindəki 50/28 saylı evin, sahəsi 36.0 kv.m olan 2 otaqlı 9-cu mənzilində daimi pasport qeydiyyatındadır və həmin ünvanda 7 nəfər ailə tərkibi ilə (özü, 2 qızı, 2 nəvəsi, qaynanası) yaşayır. Mənzil özəldir, sahibi özüdür. İddiaçı 3 nəfər ailə tərkibində (özü, qızı-İlhamə, oğlu-Mehralı) mənzil növbəsinə qəbul edilməsini xahiş edir. Rayon İcra Hakimiyyəti başçısı aparatının mənzil məsələləri üzrə ictimai komissiyası şəhid ailəsi İddiaçı mənzil-uçot işini nəzərdən keçirərək 52 nömrəli 14.02.2002-ci il tarixli protokolla rəsmiləşdirilmiş qərarı ilə onu mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab etmiş və bu qərarı baxılmaq üçün RİH-nin başçısına təqdim edir. İddiaçı şəhid ailəsi 3 nəfər ailə tərkibi ilə (özü, qızı İlhamə, oğlu Mehralı) imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin **********1 saylı 10.09.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nizami rayon İcra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəsinə alınmış imtiyazlı şəxslər barədə 2014-cü il 03 mart tarixli 03/123 nömrəli məktubda 2002-ci il 01 mart tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mənzil nömrə 12, mərtəbə 4, giriş 1, otaq sayı 2 olan 83.03 kvadratmetrlik mənzil təhvil verilmişdir. 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunmuşdur. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84.17, 83.03, 91.03, 81.92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07, 121.73 kvadratmetrdr. Əlavə olaraq bildirilmişdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 459 nömrəli qərarı ilə yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İşdən müəyyən olunur ki, iddiaçı əlavə mənzillə təmin olunma barədə tələblə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilərək, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin olunması məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının mənzillə təmin edilməsi zamanı cavabdeh tərəfindən onun ailə üzvlərinin sayının düzgün dəqiqləşdirilməməsinə və bu baxımdan iddia tələbində qeyd olunan məsələyə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalı olmasına istinad etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilərək, İddiaçı Bakı şəhəri, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mərtəbə 11, giriş 1, otaq sayı 2 olan 84.17 kvm-lik 12 saylı mənzilin verildiyi, qeyd olunan mənzilin təhvil verilərək əvəzinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində iddiaçıya 3 otaqlı mənzil təklif edildiyi bildirilmişdir. Beləliklə, apellyasiya şikayətinin və iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş məktubların məzmunundan görünür ki, iddiaçı 2 otaqlı ümumi sahəsi 84 kv.m olan mənzillə təmin olunarkən cavabdeh orqan tərəfindən onun 5 nəfər ailə üzvündən ibarət tərkibdə olması nəzərə alınmışdır. Lakin iddiaçının bundan narazı qalıb, əlavə olaraq ona bir otaqlı mənzilin verilməsi ilə bağlı müraciətinə də cavabdeh inzibati orqan tərəfindən faktiki olaraq baxıldığı müəyyən olunur, belə ki, iddiaçıya ünvanlanmış məktubla cavabdeh iddiaçının məhz üç otaqlı mənzillə bağlı müraciətinə münasibət bildirmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək bir otaqlı mənzillə təmin olunmasını tələb edərkən onun hüquqi marağının üç otaqlı mənzillə təmin olunmasına yönəldildiyi işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı iki otaqlı mənzillə təmin olunduğu halda bununla razılaşmayıb ona əlavə olaraq bir otaqlı mənzilin də verilməsini tələb edir və ona cavabdehin Ramana qəsəbəsində 3 otaqlı mənzilin verilməsi barədə təklifini qəbul etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının məhz 3 otaqlı mənzillə təmin olunması barədə müraciətinə baxılıb imtina verildiyini, iddiaçının ailə tərkibinə uyğun olaraq adambaşına düşən 16 kv.m-lik norma nəzərə alınmaqla iki otaqlı mənzil verildiyi üçün ona artıq olaraq bir otaqlı mənzilin də verilməsinin qeyri-mümkün olduğu və işdə olan imtina məktubunun bu müraciətlə bağlı olduğunu təsdiqləmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya qaydasında baxan məhkəmə iddiaçının hüquqi marağının 3 otaqlı mənzillə təmin olunmasına yönəldildiyini, bu barədə tələbinə münasibətdə cavabdeh inzibati orqanın imtina məktubunun mövcudluğunu nəzərə almadan İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən mənzillə təmin olunma məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, qanunvericilik məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilmə öhdəliyini iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığı hal ilə şərtləndirmişdir. Hazırki işdə isə iddiaçının mənzillə təmin olunma barədə müraciətinə münasibətdə cavabdehin mövqeyi artıq mövcud olduğu üçün məhkəmə iddiaçının müraciətinə yenidən baxılma öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmamış, bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPMnin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək iddiaçının hüquqi marağının nədən ibarət olmasını aydınlaşdırdıqdan sonra iddiaya mahiyyəti üzrə baxmaq imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının mənzillə təmin olunma müraciətinə cavabdeh tərəfindən baxılıb münasibət bildirildiyi üçün işə birinci instansiya qaydasında yenidən baxılarkən həmin müraciətlə bağlı cavabdehin imtinasının qanuniliyi və əsaslılığı yoxlanılmalı və iddiaya mahiyyəti üzrə baxılıb qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 25.11.2020-ci il tarixli qərarı inzibati prosessual qanunvericiliyin normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar