Məhkəmə qərarları › İş №2-1(103)-1239/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1239/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1239/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977- 1982-ci illər ərzində təhsil dövrünü ümumi iş stajına hesablanmaqla ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.1964-cü ildə Naxçıvan MR Şahbuz rayonunda doğulmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Şahbuz rayon Uşaq Musiqi Məktəbində təhsil almışdır. xx.xx.1982-ci ildən Şahbuz rayon Avtobazasında çilingər kimi əmək fəaliyyətinə başlamaqla xx.xx.1983-cü ilədək işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1985-ci ildən yenidən işlədiyi Şahbuz rayon Avtobazasında öz peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ilədək həmin müəssisədə, xx.xx.1985-xx.xx.1986-cı ilədək Rusiya Federasiyasında çilingər işləmişdir. xx.xx.1986- xx.xx.1989-cü illərdə X5 əyani təhsil almışdır. xx.xx.1989-xx.xx.1990-cı illərdə texnikumu bitirdikdən sonra Topoqrafıya İdarəsində texnik işləmişdir. Həmin idarədən köçürmə yolu ilə xx.xx.1990-cı ildən “Aerogeodeziya” İstehsalat Birliyində texnik-topoqraf kimi əmək fəaliyyətinə başlamaqla xx.xx.2017-ci ilədək həmin müəssisədə işləmişdir. İşlədiyi dövrlər adına açılmış ИТ-1 ******* seriya nömrəli əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.2006-cı ilədək təhsil müddəti ilə birlikdə ümumi iş stajı 25 ildən çoxdur ki, bu müddətin 12 il 6 aydan çoxunu zərərli əmək şəraitində çalışmışdır ki, bu da ona 57 yaşından əmək pensiyası hüququ verir. Bu səbəbdən zəruri sənədlərini Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin cavabdeh təqdim etdiyi sənədləri geri qaytarmaqla ona xx.xx.2023-cü il tarixli S-17-1/2-R **********3 №-li məktubda pensiya təyinatından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - HB seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus xx.xx.1982-ci il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o; xx.xx.1982-ci ildə Şahbuz rayonu Avtomobil təmir zavoduna 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1983-cü ildə Sovet Ordusu sıralarına çağrılması ilə əlaqədar olaraq işdən azad edilmişdir; xx.xx.1985-ci ildə Şahbuz rayonu Avtomobil təmir zavoduna 2-ci dərəcəli çilingər işinə qəbul olunmuşdur; xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir; xx.xx.1985-ci ildə V.İ.Lenin adına “Nevskiy zavodu” İstehsalat Birliyinə dəzgah yığma sexinə mexaniki-montaj işləri 2-ci dərəcəli çilingəri vəzifəsinə qəbul edilmişdir; xx.xx.1986-cı ildə mexaniki-montaj işləri 2-ci dərəcəli çilingəri vəzifəsinə qəbul edilmişdir; xx.xx.1986-cı ildə öz istəyi ilə texnikuma qəbul olunduğu üçün işdən azad edilmişdir; xx.xx.1986-cı ildə X8 geodeziya ixtisası üzrə 2-ci kursa qəbul olunmuşdur; xx.xx.1989-cu ildə texnikumu bitirmişdir; xx.xx.1988-ci ildə istehsalat təcrübəsi müddətində 6 saylı sahə partiyasına topoqrafik-geodeziya işi üzrə 2-ci dərəcəli ölçücü vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1988-ci ildə istehsalat təcrübəsi bitdiyi üçün işdən azad edilmişdir; xx.xx.1989-cu ildə X9 bitirdikdən sonra mexanik geodezist vəzifəsinə qəbul edilmişdir; xx.xx.1990-cı ildə “Azərbaycan Aerogeodeziya” köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir; xx.xx.1990-cı ildə Azərbaycan Aerogeodeziya İstehsalat Birliyi “Azərbaycan Aerogeodeziya” 18 №-li müəssisənin 124 №-li istismarından köçürülmə qaydası ilə texnik qəbul edilmişdir; xx.xx.1993-cü ildə sahə partiyası 2-ci dərəcli texnik – yerölçən vəzifəsinə köçürülmüşdür; xx.xx.1993-cü ildə sahə partiyası 7-ci dərəcəli texnik - yerölçən vəzifəsinə köçürülmüşdür; xx.xx.1994-cü ildə sahə partiyası 8-ci dərəcəli texnik yerölçən vəzifəsinə köçürülmüşdür; xx.xx.1996-cı ildə imtahanları müvəffəqiyyətlə verdiyi üçün ixtisaslaşma komissiyasının qərarı ilə 10-cu dərəcəli texnik- yerölçən vəzifəsinə köçürülmüşdür; xx.xx.2002-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin geodeziya şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X10 Agentliyin tabeliyinə verilmişdir. xx.xx.2017-ci ildə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. - X12 tərəfindən verilmiş MT seriyalı 183072 №-li Diplomun notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1986-cı ildə geodeziya ixtisası üzrə 2-ci kursa daxil olmuş və xx.xx.1989-cu ildə mexanik-geodeziya peşəsi tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-14-28/2-R-1- ******* saylı arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixindən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin Azərbaycan X3 (“Azərbaycanaerogeodeziya”) 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı çöl partiyasına çöl işlərinə texnik qəbul edilmişdir (Əmr № 26-K, xx.xx.1990-cı il) (Əmr № 26-K, xx.xx.1990-cı il). “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 310 nömrəli əmrinə əsasən 01.01,1992-ci il tarixindən birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır. X3 xx.xx.1991-ci il tarixli, 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı ekspedisiya X4 çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 525 nömrəli Fərmanına əsasən xx.xx.1992-ci il tarixindən “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir. Bakı Aerogeodeziya Müəssisəsi və X1 tabeliyinə verilmişdir. Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixindən Bakı Aerogeodeziya Müəssisəsinin və X2 nəznində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 460 nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli, 78 saylı əmrinə əsasən "xxxx" İstehsalat Birliyinin adı dəyişdirilərək X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X10 Agentliyin tabeliyinə verilmişdir. xx.xx.2017-ci il tarixindən işdən azad edilmişdir (Əmr № 117-K, xx.xx.2017-ci il). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 29 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X10 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 1.3-cü yarımbəndinə əsasən pensiya almaq hüququ vardır. - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Şahbuz Rayon Mədəniyyət şöbəsinin xx.xx.2023-cü il tarixli, № 53 saylı arayışında göstərilmişdir ki, İddiaçı Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin 01 sentyabr 1977-ci il tarixli 2 nömrəli əmrinə əsasən kamança ixtisası üzrə həmin məktəbin 1-ci sinfinə daxil olunmuş və Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin 07 iyun 1982-ci il tarixli 81 nömrəli əmrinə əsasən həmin məktəbi kamança ixtisası üzrə bitirmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-2S/2- 5871/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və rəsm məktəblərini bitirən şəxslərə dövlət nümunəli sənəd verilmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - Cavabdeh tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 3- 17-1/2-H-132730/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq eıdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Ns-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə uyğn olaraq ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti sığorta stajına daxil edilir. Mərkəzi Filiala təqdim edilmiş Şahbuz rayon Mədəniyyət şöbəsinin 05 may 2023-cü il tarixli 53 nömrəli arayışında xx.xx.1977-xx.xx.1982-ci il tarixləri arasındakı dövrdə Şahbuz rayon Uşaq Musiqi Məktəbində iddiaçının təhsil aldığı qeyd olunmuşdur. Şahbuz rayon Uşaq Musiqi Məktəbi yuxarıda qeyd olunan təhsil müəssisələrinə aid deyil. Bu səbəbdən də həmin dövrü sığorta stajınıza daxil etmək mümkün deyil. Buna görə də 01 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 1 ay 25 gün (xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun: 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun: 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın: 109-cu maddəsinin “и” bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən. Yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) iddiaçının 57 yaşına çatması; 2) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının azı 12 il 06 aygüzəştli iş stajının mövcud olması; Hazırkı işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixində, yəni 57 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil (02 il, 06 ay, 29 gün) və hərbi xidmət müddəti (02 il, 10 gün) nəzərə alınmaqla ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 25 ildən az yəni, 22 il, 2 ay, 26 gün təşkil edir. Belə ki, iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının; Şahbuz Avto təmir zavodunda işlədiyi dövrdə (xx.xx.1982-xx.xx.1983; xx.xx.1985xx.xx.1985) əmək stajı – 11 ay, 27 gün; V.İ.Lenin adına “Nevskiy zavodu”nda işlədiyi dövrdə (xx.xx.1985-xx.xx.1986) əmək stajı – 09 ay, 22 gün; X7 işlədiyi dövrdə (xx.xx.1989-xx.xx.1990) əmək stajı – 08 ay, 26 gün; Azərbaycan Aerogeodeziya İstehsalat Birliyində (“Azərbaycanaerogeodeziya”) işlədiyi dövrdə (xx.xx.1990-xx.xx.2005) – 15 il, 09 ay, 02 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1977-1982-ci illər ərzində təhsil dövrünü ümumi iş stajına hesablanmasını xahiş etmişdir. Bununla bağlı qeyd qeyd edilməlidir ki, Şahbuz Rayon Uşaq Musiqi Məktəbində kamança ixtisası üzrə oxuduğu xx.xx.1977-xx.xx.1982-ci il dövrləri iddiaçının təhsil dövrü kimi nəzərə alınıb ümumi iş stajına daxil edilə bilməz. Belə ki, məhkəmə sorğusuna cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və rəsm məktəblərini bitirən şəxslərə dövlət nümunəli sənəd verilmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Şahbuz Rayon Uşaq Musiqi Məktəbi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir və Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən elmi müəssisə, təşkilat və təhsil müəssisəsi hesab edilə bilməz. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirilmir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün ümumi iş stajı ilə bağlı şərti ödənilmədiyi üçün güzəştli iş stajı ilə bağlı münasibət bildirilməsi məhkəmə araşdırmasının hazırki mərhələsində zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11507/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar