Məhkəmə qərarları › İş №2-1(103)-124/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-124/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-124/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-124/2023 (Açar sözlər: “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və s.”) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********86 saylı imtina bildirişində qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020- ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı ŞlHB-nın xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Həmçinin, bu məsələ ilə bağlı aidiyyəti üzrə göndərilmiş sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2021-ci il tarixli **********18 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 17 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, bağ sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli, **********86 nömrəli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli 1763 nömrəli mətkubdan görünür ki, İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciəti əsasında miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın verilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixli BA-01890-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki (arxiv çıxarışı), kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X6 qəsəbəsinin şimalqərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd: qərara adlı siyahı və digər sənədlər əlavə edilməmişdir.

4. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X4 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır.

5. Azərbaycan Neft və Kimya İnstitutu “Gülüstan” bağçılıq yoldaşlığı tərəfindən xx.xx.1991-ci ildə verilmiş 156 nömrəli üzvlük kitabçanın surətindən görünür ki, X9 bağçılıq yoldaşlığın üzvlüyünə xx.xx.1989-cu il tarixdə qəbul olunmuşdur, bağ sahəsi №17.

6. Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı və «Gülüstan-2» b/y-nin 20.10.198-cu il tarixli 11 saylı protokolu ilə 500 kv.m 17 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edlmişdir, X11 kitabında xx.xx.2013-cü il tarixdə 33386 nömrə ilə uçota alınmışdır (A №426807).

7. Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1982-ci ildə verilmiş İİİ-JQ seriyalı 273584 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

8. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 046987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür.

9. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla və Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2096/22 saylı sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********64 saylı məktubla məhkəməyə təqdim edilmiş «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair arxiv qovluğunda olan xx.xx.2005-ci il tarixli aktın və Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının surətindən görünür ki, Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989-cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsinə (500 kv.m) mülkiyyət hüququnun mərhum əri X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamı və keçmiş Azərbaycan Neft və X2 İttifaqının 20 oktyabr 1989- cu il tarixli, 11 saylı protokoluna əsasən Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan ərazidə, "Gülüstan-2" bağ sahəsində 17 saylı torpaq sahəsi (500 kv.m) mərhum əri X8 ayrılmışdır. Keçmiş Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 28 yanvar 2013-cü il tarixdə həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 08 oktyabr 2019cu il tarixdə əri X9 vəfat etmişdir. Bundan sonra o, həmin torpaq sahəsini vərəsəlik qaydasında öz adına keçirmək üçün 38 saylı notariat kontoruna müraciət etmişdir. Həmin notariat kontorunun cavabdehə ünvanladığı 30 dekabr 2019-cu il tarixli, 1763 saylı məktubla onun mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə xx.xx.2020-ci il tarixli məktubla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. İmtinaya əsas kimi Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamla verilmiş bağ sahələrinə dair kitabça və orderlərin ləğv edildiyi göstərilmişdir. Lakin imtina məktubuna xx.xx.1989-cu il tarixli, 11/387 saylı sərəncamın ləğvini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Buna görə də 02 fevral 2021-ci il tarixdə yenidən cavabdehə müraciət edərək 10 iyun 2020-ci il tarixli imtina məktubunda istinad olunan sənədlər verilmədiyi üçün imtinanın əsassız olduğuna görə göstərilən torpaq sahəsinə mərhum əri X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh yenidən 09 mart 2021-ci il tarixli məktubla göstərilən torpaq sahəsinə mərhum əri X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh guya Bakı ŞİHB-nın xx.xx.1992- ci il tarixli, 941 saylı sərəncamının icrası ilə əlaqədar tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv edildiyini bildirmişdir. Lakin dəfələrlə müraciət etsə də, həmin akt ona təqdim edilməmişdir. Həmin akt ümumiyyətlə yoxdur. Belə bir akt olsaydı cavabdeh bunu ona təqdim edərdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamının icrası ilə bağlı tərtib edilmiş və Bağlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Akta əsasən Azərbaycan Dövlət Neft Akademiyasına xx.xx.1989-cu il tarixdə 11/387 saylı qərarla verilmiş bağ sahələrinə dair kitabçaları və orderləri ləğv edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X6 qəsəbəsinin şimal-qərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokoluna əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X4 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. Bundan sonra «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilərək Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.

18. Göründüyü kimi, X8 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.7-ci, 12.1-ci, 15.1-ci, 15.1.1.ci, 15.1.2.-ci, 15.1.3.-cü, 15.1.4.-cü, 15.1.5.-ci, 15.1.6.-cı, 22.2-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətinə istinad etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, həmin sərəncamın surəti lazımi qaydada təsdiq edilməmişdir.Belə ki, həmin sənəddən görünür ki, sərəncamda həmin vaxt icra hakimiyyəti başçısının müavini Həsən Fətəliyevin imzası vardır, lakin icra hakimiyyətinin həmin vaxtkı möhürü yoxdur. Yalnız icra hakimiyyətinin "Sənədlərlə və vətəndaşların müracitərləri ilə iş şöbəsi"-nin möhürü vardır. Bu da həmin sənədin mötəbərliliyini şübhə altına alır. Belə ki, işə baxılan zaman məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamın surəti təqdim edilmişdir. Hər iki sərəncamın surəti müqayisə olunan zaman onlar arsında ziddiyyətin mövcud olduğu aşkar olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş nüsxədə "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq işləri görməyən belə vətəndaşlar barəsində yerində akt tərtib etsinlər" qeyd olunmuşdur. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş nüsxədə isə "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq işləri görməyən belə vətəndaşlar barəsində yerində akt tərtib etsinlər" qeyd olunmuşdur. Göründüyü kimi aktlar arasında ziddiyyət vardır. Həmin ziddiyyət isə işin mahiyyətinə təsir edir. Belə ki, əgər "iki və daha çox bağ sahəsi ilə təmin edilib" ifadəsi əsas götürülsə həmin sərəncam ümumiyyətlə iddiaçıya şamil oluna bilməz. Belə ki, iddiaçı bir bağ sahəsi ilə təmin edilmişdir. Lakin məhkəmə bu ziddiyyəti araşdımamış, həmin sərəncamın əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı tədbirlər görməmişdir. Bundan başqa, 3.07.1992-ci il tarixli 941 nömrəli sərəncamda "...vətəndaşlar barəsində yerində akt tərib etsinlər" ifadəsi də vardır. Hazırki iş üzrə müəyyən edilir ki, sərəncam verilən vaxt bu barədə akt tərtib edilməmişdir. Yalnız 03 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, kürdəxanı bələdiyyəsinin və bakı şəhər İcra hakimiyyəti X1 əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və akt Kürdəxanı bələdiyyəsinin sdəri tərəfindən təsdiq edilmişdir. Bununla bağlı bildirmək istəyirik ki, belə bir akt tərtib edilən zaman iddiaçının mərhum əri X8 heç bir məlumat verilməmişdir. Eyni zamanda aktı tərib edən və onu təsdiq edən şəxslərin buna səlahiyyətinin olub-olmadığı, həmin aktın sərəncamın verilməsindən 13 il sonra tərtib edilməsi aydınlaşdırılmamışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.Məhkəmə Kollegiyasının iddiaçıya verdiyi suala cavab olaraq iddiaçı bildirmişdir ki, bağ sahəsi hasarlanmamış, hər hansı abadlaşma və inşaat işləri aparılmamışdır.

24. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu:

-2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. - Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun: 64.2.-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir.

31. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia rədd edilməlidir.

32. Belə ki, işin faktiki hallarından (1-10-cu bəndlər) müəyyən edilir ki:Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən kollektiv bağçılığın yaradılması məqsədi ilə Azərbaycan Neft və X6 qəsəbəsinin şimal-qərbində bağçılıq yoldaşlıq massivinin ərazisində 50 üzv üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır.

33. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasının 11 saylı 20 oktyabr 1989-cu il tarixli protokoluna əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarına əsasən Nardaran qəsəbəsi yaxınlığında Ləhiş torpaq sahəsində «Gülüstan-2» bağ sahəsində 17 saylı torpaq sahəsinin (500 kv.m) X4 adına hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır.

34. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən Bağlar təsərrüfatı idarəsinin bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti apparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib etməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır.

35. Bundan sonra «Gülüstan-2» bağçılıq yoldaşlıq təsərrüfatına dair xx.xx.2005-ci il tarixli akt tərtib edilərək Ləhiş ərazisində Azərbaycan Dövlət Neft Akademiyasına ayrılmış torpaq sahələrinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamına əsasən baxış keçirilmiş və həmin bağ sahələrinə dair kitabçaların və orderlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir.

36. Göründüyü kimi, X8 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Bu səbəbdən də məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

37. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:İddiaçının şikayətinin dəlillərindən biri olaraq istinad olunmuşdur ki, birinci instansiya məhkəməsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının təsdiq edilmiş surətinə istinad etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, həmin sərəncamın surəti lazımi qaydada təsdiq edilməmişdir.Belə ki, həmin sənəddən görünür ki, sərəncamda həmin vaxt icra hakimiyyəti başçısının müavini Həsən Fətəliyevin imzası vardır, lakin icra hakimiyyətinin həmin vaxtkı möhürü yoxdur. Yalnız icra hakimiyyətinin "Sənədlərlə və vətəndaşların müracitərləri ilə iş şöbəsi"-nin möhürü vardır. Bu da həmin sənədin mötəbərliliyini şübhə altına alır. Belə ki, işə baxılan zaman məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamın surəti təqdim edilmişdir.

38. Apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, bu dəlil Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının nə qanunsuz inzibati akt, nə etibarsız inzibat akt olması dəlili kimi qəbul oluna bilməz.

39. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun 64.2.-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

40. Apellyasiya şikayətinin digər dəlili olaraq istinad olunmuşdur ki, hər iki sərəncamın (yəni cavabdehin təqdim etdiyi və məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilən) surəti müqayisə olunan zaman onlar arsında ziddiyyətin mövcud olduğu aşkar olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş nüsxədə "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq işləri görməyən belə vətəndaşlar barəsində yerində akt tərtib etsinlər" qeyd olunmuşdur. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş nüsxədə isə "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq işləri görməyən belə vətəndaşlar barəsində yerində akt tərtib etsinlər" qeyd olunmuşdur. Göründüyü kimi aktlar arasında ziddiyyət vardır. Həmin ziddiyyət isə işin mahiyyətinə təsir edir. Belə ki, əgər "iki və daha çox bağ sahəsi ilə təmin edilib" ifadəsi əsas götürülsə həmin sərəncam ümumiyyətlə iddiaçıya şamil oluna bilməz. Belə ki, iddiaçı bir bağ sahəsi ilə təmin edilmişdir. Lakin məhkəmə bu ziddiyyəti araşdımamış, həmin sərəncamın əslinin məhkəməyə təqdim edilməsi ilə bağlı tədbirlər görməmişdir.

41. Apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, bu dəlil məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.Belə ki, şikayətdə mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti başçısının «Bağ-tikinti kooperativlərinin tərkibində iki ildən çox bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə» xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamının cavabdeh tərəfindən təqdim edilmiş nüsxəsində də (i/v-36) "Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində “iki və daha çox bağ sahəsi ilə təmin edilib...” sözləri deyil “iki və daha çox il bağ sahəsi ilə təmin edilib...” sözləri yazılmışdır.

42. Apellyasiya şikayətinin digər dəlili olaraq istinad olunmuşdur ki, xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamda "...vətəndaşlar barəsində yerində akt tərib etsinlər" ifadəsi də vardır. Hazırki iş üzrə müəyyən edilir ki, sərəncam verilən vaxt bu barədə akt tərtib edilməmişdir. Yalnız 03 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri, kürdəxanı bələdiyyəsinin və bakı şəhər İcra hakimiyyəti X1 əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və akt Kürdəxanı bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, belə bir akt tərtib edilən zaman iddiaçının mərhum əri X8 heç bir məlumat verilməmişdir. Eyni zamanda aktı tərib edən və onu təsdiq edən şəxslərin buna səlahiyyətinin olub-olmadığı, həmin aktın sərəncamın verilməsindən 13 il sonra tərtib edilməsi aydınlaşdırılmamışdır.

43. Apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamda "...vətəndaşlar barəsində yerində akt tərib etsinlər" ifadəsi iddiaçının mərhum əri X4 iştirakı ilə akt tərtib edilməsi ilə şərtləndirilmədiyindən iddiaçının mərhum əri X8 məlumat verilmədiyi dəlili də təsdiqini tapmır.

44. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə Kollegiyasının iddiaçıya verdiyi suala cavab olaraq iddiaçının cavabından müəyyən olunmuşdur ki, ötən 30 ildən artıq müddətdə bağ sahəsi hasarlanmamış, hər hansı abadlaşma və inşaat işləri aparılmamışdır.

45. Göründüyü kimi, X8 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır.Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir, apellyasiya şikayətinin dəlilləri isə işin faktiki halları və işin faktiki hallarına tətbiq edilən hüquq normaları ilə təsdiqini tapmır.

46. Sonda məhkəmə Kollegiyası əlavə olaraq onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 adına Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 11/387 saylı qərarı və «Gülüstan-2» b/y-nin 20.10.198cu il tarixli 11 saylı protokolu ilə 500 kv.m 17 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edlib, X11 kitabında xx.xx.2013-cü il tarixdə 33386 nömrə ilə uçota alınsa da (A №426807) torpaq sahəsinin planı və ölçüsünün verilməsinə əsas hüquq müəyyənedici və hüquqi qüvvəsini saxlayan sənədlər mövcud deyildir.

47. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-847/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarı qanuni və əsaslı qəbul edilmişdir, odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar