Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-124/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi Bələdiyyəsi) “torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarı ilə 7-ci mikrorayon, S.S, Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımi sənədləri toplayıb qanuni istifadəsində olan 2850 kv.m torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.20022-ci il tarixdə ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli **********46 saylı cavab məktubunda torpaq sahəsinə sair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmaması və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı” qaydalarına əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydada əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o möhürlə təsdiq edilir. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olması ilə bağlı torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 10 saylı qərar ilə 7-ci mikrorayon S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtlı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4367/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaçıya məxsus torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı ilə bələdiyyəyə təhvil verilmiş torpaq sahəsi daxilində olduğunu, həmin torpaq sahəsinə görə iddiaçının illik 285 manat torpaq vergisi ödədiyini, torpaq sahəsinin ümumilikdə 2850 kv.metr olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış **********46 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 №-li qərarı ilə Binəqədi rayonu, 7 mkr. ,S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 2850 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vət. İddiaçı alqısatqı yolu ilə ayrılmışdır (hər kv.m. üçün 25.000 manat ödəmək şərtilə). - Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 09 saylı, xx.xx.2005ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 2850 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər kv.m üçün 25000 manat ödəmək şərtilə İddiaçı satılmışdır. Müqaviləyə əlavə edilmiş torpaq sahəsinin situasiya planında torpaq sahəsinin eni 50metr və 40metr, uzunluğu 66.3 metr və 20 metr+46.3 metr qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 1200 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər kv.m. üçün 25.000 manat ödəmək şərti ilə İddiaçı alqı-satqı yolu ilə ayrılmışdır. Qərarda göstərilmişdir ki, ayrılmış torpaq sahəsində inşaat tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılmalıdır. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılmışdır ki, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlansın. İddiaçı tapşırılmışdır ki, ona ayrılmış sahənin sanitar-texniki və digər normaların tələblərinə uyğun saxlanmasını təmin etsin. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya təqdim olunmuş BRB/514 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı mülkiyyətində olan 10 N-li, xx.xx.2005cı il tarixli qərara əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi, X4 arxasında yerləşən 2850 kv.mdən ibarət torpaq sahəsinin xx.xx.2022-ci il tarixədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergi borcu yoxdur. - Binəqədi Bələdiyyəsi 157802 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı eskizə və ərizəyə baxılması üçün 80 000 manat pul məbləği ödəmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-2F-00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-2F-00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 1200 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər kv.m. üçün 25.000 manat ödəmək şərti ilə İddiaçı alqı-satqı yolu ilə ayrılmışdır. Qərarda göstərilmişdir ki, ayrılmış torpaq sahəsində inşaat tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılmalıdır. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılmışdır ki, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlansın. İddiaçı tapşırılmışdır ki, ona ayrılmış sahənin sanitar-texniki və digər normaların tələblərinə uyğun saxlanmasını təmin etsin. - Cavabdehin 3-21-3-30/2- 2859/2023 **********59 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadsatr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "Sənaye, nəqlıyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq, göstərilən ərazidə Bakı Metropoliteninin havalandırma qurğusu yerləşir. Həmçinin torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahə yaşıllıq ərazisidir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının təqdim etdiyi və dövlət arxivində saxlanılan eyni tarixli, eyni nömrəli fərqli müqavilə və qərarlarda torpaq sahəsinin ölçüləri və bununla da yerləşdiyi yer fərqli olmaqla, eləcə də həmin qərarlar və müqavilələrə əlavə edilmiş torpaq sahəsinin situasiya planında da qeyd edilən fərqlər və ziddiyyətlər mövcuddur. Həm iddiaçının təqdim etdiyi , həm də dövlət arxivində saxlanılan alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti hər kv.m üçün 25000 manat müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilən alqı-satqı müqaviləsində torpağın ümumi sahəsi 2850 kv.m, alqı-satqı müqaviləsinin arxiv nüsxəsində isə torpaq sahəsi 1200 kv.m ölçüdə göstərilmiş, hər iki müqavilədə qiymət hər kv.m torpaq sahəsi üçün 25000 manat müəyyən edilmişdir. Belə olan halda müqavilələrdə təkcə torpaq sahəsinin ölçüsü deyil, alqı-satqı obyektinin dəyəri də fərqlidir. İddiaçının mülkiyyət hüquqlarının bələdiyyə qərarı və alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq, göstərilən ərazidə Bakı Metropoliteninin havalandırma qurğusu yerləşir. Həmçinin torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahə yaşıllıq ərazisidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarı ilə 7-ci mikrorayon, S.S, Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Daha sonra iddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmiş və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının müraciətinin təmin olunmaması barədə imtina məktubundan və iddiaya dair yazılı etirazının məzmunundan görünür ki, cavabdehin əsas dəlilləri kimi aşağıdakılar qeyd edilmişdir:
1. Sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir.
2. Mübahisələndirilən torpaq sahəsi vahid elektron kadsatr baza məlumatlarına əsasən "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir.
3. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
4. Göstərilən ərazidə Bakı Metropoliteninin havalandırma qurğusu yerləşir.
5. Torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahə yaşıllıq ərazisidir. Cavabdehin ilkin dəlili ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə kollegiyası cavabdehin ikinci və üçüncü dəlilləri olan mübahisələndirilən torpaq sahəsinin vahid elektron kadsatr baza məlumatlarına əsasən "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur “İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” İstirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış ərazi hüdudlarında yerləşirmi?” Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7269 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 31 avqust 2000-ci il tarixli 809 saylı Sərəncamı ilə, “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin torpaqları haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanını, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən yerləşmə mövqeyini nəzərə alaraq, İddiaçı mülkiyyətinə verilmiş Bakı Şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.metr torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.” Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak etmiş bələdiyyənin nümayəndəsi iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı ilə bələdiyyəyə təhvil verilmiş torpaq sahəsi daxilində olmasını, həmin torpaq sahəsinə görə iddiaçının illik 285 manat torpaq vergisi ödəməsini və torpaq sahəsinin ümumilikdə 2850 kv.metr olması öz izahatı ilə təsdiq etmiş, həmçinin İddiaçı 7 Mkr., S.S.Axundov küç., X4 arxasında yerləşən torpaq sahəsinə görə Binəqədi bələdiyyəsində yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında bildirişi təqdim etmişdir. Beləliklə, işin hazırkı apellyasiya icraatı zamanı həm təqdim edilmiş müvafiq ekspert rəyinə, həm də Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsinin izahatına və təqdim etdiyi sənədlərə əsasən iddiaçıa ayrılmış torpaq sahəsinin bələdiyyə ərazisi olması öz təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsində Bakı Metropoliteninin havalandırma qurğusunun mövcudluğu ilə bağlı qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” İstirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi həmin ərazinin yaxınlığında yerləşən "xxxx" QSC-yə məxsus havalandırma sisteminin mühafizə zolağına düşüb-düşməməsi barədə məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, "xxxx" QSC-nin 13-19/2-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Sorğuda İddiaçı məxsus olduğu qeyd olunan Binəqədi rayonu, 7-ci mikrorayon S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən sxemdə göstərilən 2850 m² torpaq sahəsinin "xxxx" QSC-nin havalandırma köşkünün ərazidə düşməsini müəyyən etmək üçün Markşeyder qrupunun mütəxəssisləri tərəfindən ərazidə müvafiq ölçmə işləri aparılmışdır. Ölçmə işləri əsasında müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi “Azadlıq prospekti”-Dərnəgül” mənzilinin І yolu PK 98+12-də yerləşən 9 saylı havalandırma köşkünün texniki zonası daxilindədir. Bildiririk ki, "xxxx" QSC ölkənin nəqliyyat sənayesində xüsusi çəkisi olan, infrastruktur quruluşuna, idarəetmə sisteminə, insanların təhlükəsizliyinin təmin edilməsi və mülki müdafiə əhəmiyyətinə, habelə bir çox spesifik xüsusiyyətlərinə görə digər müəssisələrdən, o cümlədən digər nəqliyyat növlərindən fərqlənən dövlət dövlət müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 91 nömrəli Qərarına əsasən "xxxx" QSC-nin bütün obyektləri “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na daxildir.Nazirlər Kabinetinin 25 iyun 2021-ci il tarixli 183 nömrəli qərarı ilə “Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin Siyahısı” təsdiq edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 511 nömrəli Qərarı ilə “Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilmişdir ki, bu siyahıya metropolitenin digər əmlakları ilə yanaşı metropoliten xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər, metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya şaxtaları, bütün təxliyə keçidləri və s.) və onların avadanlıq və qurğuları da daxildir. Dövlət əmlakı olan və strateji əhəmiyyət daşıyan metropoliten obyektlərinin qorunması, metro nəqliyyatı ilə kütləvi daşınan sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi ən vacib məsələlərdəndir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 113 nömrəli qərarına əsasən tikintidə normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə dövlətlərarası Elmi-Texniki Komissiyası (TNDETK) tərəfindən qəbul edilmiş MCH 3.xx-xx-2005 “Метрополитены” normativ sənədi Azərbaycan Respublikası ərazisində xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Həmin normativ sənədə əsasən tunellərin havalandırılması üçün quraşdırılmış yerüstü ventilyasiya köşklərindən magistral yollara, açıq və bağlı avtonəqliyyat dayanacaqlarına, ticarət yerlərinə, bina və tikililərin pəncərələrinə qədər məsafə 25 metrdən, yanacaqdoldurma stansiyalarından, neft və neft məhsulları, meşə materialları anbarlarından, neft-qaz borularından, neft emalı və kimya sənayesi obyektlərinə qədər isə 100 metrdən az olmamalıdır. Metro stansiyalarına və tunellərə təmiz havanın fasiləsiz daxil olmasında havalandırma şaxtalarının böyük rolu var. Yuxarıda qeyd olunan məsafələrin müəyyən edilməsinin mahiyyəti həmçinin onunla bağlıdır ki, ətrafdakı sənaye-istehsalat, ticarət, ictimai iaşə və s. təyinatlı obyektlərdən havaya buraxılan zəhərli qazların, ətraf əraziyə atılan zərərli maddələrin, tullantılarının yaratdığı kəskin qoxuların, habelə yanğın və ya tüstülənmənin havalandırma şaxtaları vasitəsilə metro tunellərinə daxil olmasının, sərnişinlər arasında narahatlıq, təşviş, zəhərlənmə və ya digər problemlərin yaranması hallarının qarşısı alınmış olsun. Metropoliten obyektləri üçün mühafizə və texniki zona məsafələrinin müəyyən edilməsinin mahiyyəti də bunlarla bağlıdır.” Cavab məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi “Azadlıq prospekti”- “Dərnəgül” mənzilinin І yolu PK 98+12-də yerləşən 9 saylı havalandırma köşkünün texniki zonası daxilində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarı ilə ayrılmış, Bakı Metropoliteninin “Azadlıq prospekti” metrostansiyası 2009-cu il tarixdə, “Dərnəgül” metrostansiyası isə 2011-ci il tarixdə tikilərək istifadəyə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Metropoliteninin 9 saylı havalandırma köşkü mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmasından sonra tikildiyindən cavabdehin göstərilən dəlili torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina üçün əsas qismində çıxış edə bilməz. Həmçinin qeyd edilməlidir ki, cavab məktubunda istinad edilən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 113 nömrəli qərarına əsasən tikintidə normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə dövlətlərarası Elmi-Texniki Komissiyası (TNDETK) tərəfindən qəbul edilmiş MCH 3.xx-xx-2005 “Метрополитены” normativ sənədi Azərbaycan Respublikası ərazisində xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçıya isə torpaq sahəsi daha əvvəl xx.xx.2005-ci il tarixdə ayrılmışdır. Eyni zamanda göstərilən normativ sənəd tikililərin (avtonəqliyyat dayanacaqlarınım, ticarət yerlərinin, binaların və s.) metro tunellərin havalandırılması üçün quraşdırılmış yerüstü ventilyasiya köşklərindən yerləşmə məsafələrini tənzimləyir ki, hazırkı mübahisənin predmetini tikilinin deyil, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təşkil edir. Göründüyü kimi hazırkı iş üzrə cavab məktubunda qeyd edilən MCH 3.xx-xx-2005 “Метрополитены” normativ sənədinə istinad edilməsi əsassızdır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh mübahisəli torpaq sahəsinin yaxınlığında (2-3 metr məsafədə) Bakı Metropoliteninin havalandırma qurğusunun yerləşməsinə istinad etsə də, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən başqa Bakı şəhəri ərazisində metropolitenin havalandırma qurğusunun yanında hündürmərtəbəli yaşayış binasının mövcud olması müəyyən edilir. Kollegiya cavabdehin sonuncu dəlili olan “torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahənin yaşıllıq ərazi” olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində ağacların olması, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının ikinci bəndində qeyd edilmişdir ki, “..bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının istifadəsində olan torpaq sahəsində ağacların olması mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinə görə, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə “Yaşıllıqların götürülməsi” Qaydalarının 1.2-ci bəndinə görə, yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə. 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. Yuxarıda sadalanan normalardan müəyyən edilir ki, fiziki şəxslər istifadələrində olan torpaq sahələrində yaşıllıqların götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməli, müraciət edərkən isə götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədi təqdim etməlidir. Göründüyü kimi, fiziki şəxsin onun yalnız mülkiyyətində deyil, həmçinin istifadəsində və icarəsində olan torpaq sahəsində yaşıllığın götürülməsi ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Yəni iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınaraq mülkiyyət hüququna dair sənədin verilməsi ona mülkiyyətində olan torpaq sahəsinin həyətində yerləşən yaşıllıqların götürülməsi ilə bağlı əlavə bir imtiyaz vermir. Qeyd olunan qaydalar torpaq sahəsi ilə bağlı fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olması ilə bağlı fərqli prosedur təsbit etməmişdir. Yəni iddiaçı hazırkı halda da həmin yaşıllıqların götürülməsi ilə bağlı müvafiq prosedurlara tabedir. Eyni zamanda qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində müayinə həyat keçirilmişdir. Müayinə zamanı qeyd edilən yaşıllığın torpaq sahəsinin bütün ərazisində deyil, yalnız müəyyən hissəsində olması, həmçinin göstərilən sahəyə texniki yardım göstərilməsi üçün avtomobil yolunun mövcud olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası “iddiaçı tərəfindən təqdim edilən qərarda və alqı-satqı müqaviləsində torpağın ümumi sahəsinin 2850 kv.m, alqı-satqı müqaviləsinin arxiv nüsxəsində isə torpaq sahəsinin 1200 kv.m ölçüdə göstərilməsi” ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Binəqədi Bələdiyyəsinin nümayəndəsi torpaq sahəsinin ümumilikdə 2850 kv.metr olduğunu və iddiaçının həmin torpaq sahəsinə görə illik 285 manat torpaq vergisi ödədiyini bildirmiş və yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında bildirişi təqdim etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bir şərtlə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasını həyata keçirmiş səlahiyyətli bələdiyyə torpağın ümumi sahəsinin 2850 kv.metr olduğunu və iddiaçının göstərilən sahəyə görə vergi ödəməsini təsdiq edir, arxiv nüsxəsində torpaq sahəsinin fərqli ölçüdə göstərilməsi iddiaçının səlahiyyət sferasına aid məsələ deyildir və bu hal iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi bələdiyyə qərarının və onun əsasında bağlanmış müqavilənin etibarsızlığına təsir edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan daşınmaz əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.