Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1240/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı (xx.xx.1972-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiаçı İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 1 saylı Bаkı İnzibаti- İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının işdən azad olunmağının qanunsuz hesab edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, xx xxxx 2019- cu il tarixli əmrinin ləğv edilməsi, əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi- baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün xx.xx.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq, iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəblərdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə əlavə və iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx xxxx 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı işdə olmadığı müddətdə əmək müqaviləsinə xitam verilməsi barədə əsası iddia tələbinin əsaslarından çıxarıb, xəstəlik vərəqəsinin təsdiqlənmiş surətinin qaytarılması, iddia tələbinə isə digər əsaslarla qiymət verilib, tam təmin edilməsini xahiş etmiş, iddiaçının vəsatəti təmin edilmiş, xəstəlik vərəqəsinin təsdiqlənmiş surəti iddiaçıya geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə iş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı xx xxxx 2019-cu ildə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir.İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi E.Cəfərovun xx xxxx 2019-cu il tarixli, **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X7 "xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə daxil olmuşdur. Həmin müraciətə yerində baxıb vətəndaşların müraciətinin cavablandırılması məqsədilə xx xxx 2019-cu il tarixdə 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə 4 saylı region üzrə DƏM-ə daxil olmuş materialların araşdırılması baş əmək müfəttişləri X1 və İddiaçı tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşları M.Məmmədov və İddiaçı tərəfindən müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə dəvət olunması üçün məktub hazırlanmış, lakin məktub poçt ilə göndərilməmişdir, həmin müfəttişliyin əməkdaşı Telman Alıyevə verilmiş və ona məktubu müəsisənin rəhbərliyinə təqdim etmək tapşırılmışdır. Məktub müəssisənin mühasibi tərəfindən qəbul edilməkdən imtina edildikdən sonra poçt vasitəsilə həmin müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşərək müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar AR İXM-nin 192.1-ci maddəsinə əsasən 20000--25000 manat inzibati tənbeh olunacağını bildirərək məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Göründüyü kimi 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişləri X3, İddiaçı və əmək müfəttişi X8 vətəndaşın müraciətinin araşdırılması zamanı nöqsanlara yol vermişlər, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişlər, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər barəsində sözügedən əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də xx xxxx 2019-cu il tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlar iş materialları ilə təsdiq olunmamaqla yanaşı cavabdeh orqan tərəfindən də iddiaya etirazın əsası kimi istinad olunan hallar məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə iddia tələbini əsassız hesab edərkən qərarında bu və ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir, iddia tələbinin təmin edilməməsi barəsində qərar qəbul edən məhkəmə nəzərə almamışdır ki, barəsində olan əmr ümumi ifadələrlə, yəni əmək funksiyalarının icraatı zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandırılmışdır. Əmrdə əmək funksiyasını hansı qaydada icra edə bilmədiyi, hansı nöqsana yol verdiyi göstərilməmişdir. Barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilmir ki, tərəfindən hansı nöqsanlara yol verilmişdir. Məhkəmə iclası zamanı tərəfindən yazılı məruzənin tərtib edilməsinə əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsinin təmin olunması məhkəmədən xahiş edilsə də, məhkəmə materiallarını tələb etməmiş, cavabdeh orqan isə həmin materialları məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh orqanın məhkəməyə təqdim edilən etiraz mülahizələrinin məzmunundan, eləcə də barəsində olan əmrin verilməsinə əsas olmuş yazılı məruzənin məzmunundan ümumilikdə belə anlaşılır ki, işdən azad edilməyinə iki hal və iki haldan biri səbəb olmuşdur. 1. T. Əliyevin dəvət məktubunu təqdim edərkən rüşvət tələb etməsi. 2. Dəvət məktubunu poçt vasitəsi ilə deyil, T.Əliyev vasitəsi ilə “xxxx” MMC-yə göndərilməsi. Hansısa təşkilatın, hansısa əməkdaşından rüşvət tələb edilmişdir və guya o da rüşvətin tələb edilməsində iştirak etmiş, onda bu xüsusat onun işdən azad edilməyinə, eləcə də barəsində cinayət işinin başlanmasına əsas olmuşdur. “yazılı məruzə”də ifadə edilən bu xüsusat yalnışdır və xidmət rəisinin subyektiv mülahizəsi olmaqla heç bir araşdırmanın nəticəsinə əsaslanmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, yuxarıda istinad “yazılı məruzə”nin mətnində bu xüsusat araşdırmanın nəticəsi kimi dəqiq ifadə olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, işdə olan “xxxx” MMC-nin direktoru S.M.Səfərov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, Cənab S.Babayevə ünvanlanmış, eləcə də qeyd edilən məktubda göstərilənlərin təsdiqi barədə həmin cəmiyyət tərəfindən Bakı İnzibati Məhkəməsinin hakimi Aytən Oruczadəyə ünvanlanmış xx/xx-2020-ci il tarixli, 06/20 nömrəli məktubun məzmunundan görünür ki, nə onun, nə də ki, digərləri tərəfindən həmin cəmiyyətdən hər hansı orqana qanun pozuntusu barədə müraciət olunmamışdır. Sözügedən məktublarda həmçinin göstərilmişdir ki, tərəfindən bu müəssisəyə qarşı korrupsiya və ona şərait yaradan hər hansı bir hala da yol verilməmişdir. İşdən azad edilməyinə ehtimal edilən digər əsas “xxxx” MMC-yə bu cəmiyyətdən şikayət etmiş Şəki şəhər sakini A.M.Əhmədovun şikayətinin araşdırılması ilə bağlı dəvət məktubunun xidmətin əməkdaşı T.Əliyev vasitəsi ilə təqdim etməyi hesab edilə bilər. Bununla əlaqədar qeyd edir ki, vətəndaş müraciətinin obyektiv araşdırılması həm də onun qısa zamanda araşdırılmasını da ehtiva edir. Bu baxımdan vətəndaş şikayətinin operativ araşdırılmasını təmin etmək üçün əməkdaş vasitəsi ilə dəvət məktubunun təqdim edilməsi hər hansı bir qanun pozuntusu hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, mülki və digər prosessual qanunvericilikdə bu cür təqdim etmə prosessual norma kimi təsbit olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə tərəfindən iddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş X2 ( Abşeron rayon Vəkil Bürosu) məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 nömrəli xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında Əmrdən göründüyü kimi “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət əmək Müfəttişliyində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx xxxx 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş (1.3 bəndi), əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi E.Cəfərovun xx xxxx 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi E.Cəfərovun xx xxxx 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş şifahi məlumat əsasında Şəki şəhər sakini X7 “xxxx Ltd” MMC-də əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən araşdırılması zamanı qanun pozuntusuna yol vermələri Xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmış, araşdırma zamanı 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi İddiaçı vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində dövlət qulluğunda baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləmişdir, cavabdehin xx xxxx 2019-cu il tarixli əmrinin 1.3-ci bəndi ilə onunla xx.xx.2012-ci ildə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********7 saylı əmrinin iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə xx xxxx 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini tələb edir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu "Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri- maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bir dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, vətəndaşın müraciəti əsasında icra etdiyi məktubu şöbənin digər əməkdaşı vasitəsilə haqqında şikayət daxil olmuş quruma göndərməklə, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermiş, Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində araşdırma aparılmış, izahat alınmış, yazılı məruzə hazırlanmış, daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı ilə İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi müzakirə edilmiş, təqdim edilmiş rəylə İddiaçı vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verdiyi, qanunvericiliyin tətbiqini düzgün həyata keçirmədiyi, vəzifə səlahiyyətlərini aşaraq quluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdiyi nəzərə alınmaqla onun əmək müqaviləsinin “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz edilməmiş, qeyd edilənlərlə bağlı işin materiallarına həmkarlar ittifaqı təşkilatının, həmkarlar ittifaqı Komitəsinin Rəyasət heyəti iclasının protokolları və X5 təşkilatının razılığının təqdim edilməsi haqqında rəy əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən onun imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1240/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1240/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver