Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1240/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2835/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ehtiyat kadrlar siyahısına götürülməyi üçün yazdığı 21.05.2009-cu il tarixli ərizəsindən imtina etdiyi üçün həmin ərizənin etibarsız sayılması və ərizə əsasında Komissiyanın 05.08.2009-cu il tarixli 49 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib icraata götürülməsini xahiş etmişdir. Şikayətin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuş, şikayətdə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına istinad olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddia bu tələbə bilavasitə cavab verməli olan subyektə yönəldilməli; 3. iddiaçıya münasibətdə qəbul edilmiş əlverişsiz inzibati akt olmalı;
4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli (İPM-in 38.1-ci maddəsi); 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 6. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-in 32 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Lakin işdən görünür ki, iddianın qeyd olunan mümkünlük şərtlərindən bəziləri yerinə yetirilmir. İlk olaraq, iddiaçının ləğvini tələb etdiyi 05.08.2009-cu il tarixli 49 nömrəli qərar Azərbaycan Respublikası Prezidentinin yanında X1 üzrə Komissiya tərəfindən qəbul edilmişdir ki, bu da iddia tələbə bilavasitə cavab verməli olan subyektə qarşı qaldırılmamışdır deməkdir. Bundan əlavə, iddia ərizəsi, iş materialları və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı mübahisəli qərarın qəbul edilməsindən 2009-cu ildə məlumatlı olmuşdur. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsinə vurulan məhkəməyə daxil olma ştampına görə, ərizə 23.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 10.06.2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Oxşar qaydalar Azərbaycan Respublikasının 28.12.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşürülən, Azərbaycan SSR-in 11.09.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-ində də nəzərdə tutulmuşdu (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər). Adıçəkilən Məcəllənin “Məhkəməyə şikayət verilməsi üçün müddətlər” adlı 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə məhkəməyə müraciət etmə müddətləri nəzərdə tutulmuş, MPM-lər bu müddəti “şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən” və “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Bu baxımdan, mübahisə açan tərəf MPM-lərin verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28.12.2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. ... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi, iddiaçının 2008-ci ilin avqust ayından aparılan tikinti işləri barədə xəbərdar olması məhkəmələr tətərəfindən müəyyən edilmişdir. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli tikinti işləri ilə bağlı 2008-ci ilin avqust ayından 2011-ci ilin iyun ayına kimi iddiaçının çoxsaylı müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırılmışdır.” Beləliklə, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti də ötürmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasən isə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23.07.2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, şikayət qərardadın ləğvinə əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2835/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn