Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1240/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. Cavabdehin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən əmək pensiyası təyin olunmuşdur. xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 dekabr 2013-cü il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar iddiaçıya rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat olmaqla onun 80 faizi - 1189,80 manat pensiya təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat olmaqla onun 80 faizi-1670,80 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/237 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Qazax rayon Qeydiyyat Şöbəsində işlədiyi müddət 2007 – 2009-cu illər ərzində onun əmək haqqısı cəmi 18.884,42 manat məbləğində olmuş, işlədiyi müddətdə hər il iddiaçı rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 2010-2015-ci illərdə hər il rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. İddiaçı ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2020-ci il tarixli və **********7 saylı xx.xx.2020-ci il tarixli eyni məzmunlu imtina məktublarında qeyd edilmişdir ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 2382,56 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (1487,25 manat) 80 faizi - 1189,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5736,96 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (2088,50 manat) 80 faizi-1670,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019- xx.xx.2020- ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 1197,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 5203,77 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 13323,29 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə pensiyasının (1670,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ona ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü il tarixdə anadan olmuş, 1971-ci ilin oktyabr ayından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1982-ci il tarixdə Qazax rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 18.1 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmağı ilə əlaqədar ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya pensiya təyin olunarkən dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması, əlavə müavinatlar nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, müraciətləri cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla cavablandırılaraq yalnız xx.xx.2017 - xx.xx.2020-ci illər aralığında olan əskik ödənilməli olan əmək haqqının məbləğinin yenidən hesablanaraq hissə-hissə iddiaçıya ödəniləcəyi, xx.xx.2013-xx.xx.2017-ci illər arasında olan müddət ərzində iddiaçıya əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 44, 32.1 və 37-ci maddələrində xx.xx.2017-ci ildə edilmiş dəyişikliyin 2017-ci ildən əvvəlki münasibətlərə şamil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə yenidən cavabdehə müraciət edərək iddiaçıya əvvəl əskik ödənilmiş əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən sonra əmək pensiyası təyin edilən tarixdən və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin xx.xx.2007-ci il tarixdən ödənilməsi, rütbə maaşına və qulluq stajına əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsində, həmçinin, hazırki iddia ərizəsindəki tələbləri təmin edilməlidir. Cavabdeh iddiaçıya yalnız son 3 ilə görə əmək pensiyasına nəzərə almadıqları maaşına əlavəni, qulluq stajına görə, vəzifə və rütbə maaşının 50 % miqdarında əlavəni, məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğinin hesablanan pul təminatı və mükafatlara görə əlavələr hesablanmaqla 13.323.29 manat fərq məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməsinə başlamışdır. Cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissəhissə ödənilməsi əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən ədliyyə əməkdaşlarının vəzifə maaşları 01 dekabr 2013-cü il, 01 mart 2018-ci il və 01 sentyabr 2019-cu ildən artırılmış və qeyd edilən sərəncamlar iddiaçıya münasibətdə də icra edilmişdir. Bu zaman iddiaçının əmək pensiyasi üzrə keçmiş müddət üçün hesablanmış 13.323,29 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari ilin avqust ayından etibarən hissə-hisə (360,10 manat) pensiyasının (1670,80) manat üzərinə əlavə olunmaqla onun kart hesabına ödənilir. İddiaçının iddia ərizəsində göstərdiyi “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyasını qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması” iddia tələbi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd etdiyi dövr ərzində onun vəzifə və rütbə maaşına, pul təminatı və mükafatlara hansısa əlavələr və artımlar edilməsi barədə iş yerindən hər-hansı bir sənəd təqdim edilməmişdir. Onun pensiya çıxdığı vəzifənin vəzifə maaşında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə edilən artımlardan başqa digər hər hansı bir artımların edilməsi barədə nə iddiaçı tərəfindən, nə də ki onun iş yerindən hər hansı bir sənəd daxil olmamışdır. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yəni ƏPQ “birdəfəlik ödəməni” qadağan edir. Bununla əlaqədar həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/20 saylı qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı işlədiyi dövlət orqanı tərəfindən verilən müvafiq arayışlara görə ədliyyə orqanlarında qulluq etdiyi müddət ərzində hər il əmək haqqına qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr almışdır. Cavabdeh tərəfindən həmin əlavələrin alınmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən və iddiaçıya verilən əlavələr də nəzərə alınmaqla təyin edilmiş pensiya yenidən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya pensiyasının yenidən hesablamasından və yaranmış fərqin ödənilməsindən imtina etməkdə haqlı olmamışdır. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya qulluq stajına görə vəzifə və rütbə maşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması hissəsində iddia tələbi təmin olunduğundan birinci tələbdən bilavasitə doğan və ondan asılı olan ikinci tələbinin, yəni müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmağa lüzum görmədən həmin hissədə də iddia təmin edilməlidir . Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iş materiallarına, əlavə olaraq “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1344/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1805/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1344/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirkaçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçının “xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin ödənilməsi” barədə tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ona ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın mübahisələndirilən hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1—ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən b qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi–bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.3-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların: 3-cü bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır; 5-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür; 6-cı bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır; 12-ci bəndinə görə dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə görə mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma; 8-ci bəndinə görə dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır; 12-ci bəndinə görə dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci i ltarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 2-ci bəndinə görə dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq əlavə haqq verilir. Həmin Qaydaların 3-cü bəndinə görə dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq aylıq dövlət qulluğunda maaşına nisbətən faizlə müəyyən edilir və hər ay ödənilir. Sadalanan normalardan görünür ki, əvvəla, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluqçusunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Hazırki işdən görünür ki, iddiaçıya xx.xx.2007-ci ildə əmək pensiyası təyin olunarkən qulluq dövrünün, yəni dövlət qulluğunun son 24 ayı nəzərə alınmışdır. Bu fakt iddiaçıya məxsus pensiya işinin materiallarından da müəyyən olunur. İddiaçı hesab edir ki, ona xx.xx.2007-ci il tarixdən pensiya təyin olunduqdan sonra xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyaya qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr cavabdeh orqan tərəfindən hesablanmamış və ona ödənilməmişdir. Odur ki, iddiaçının tələbi həmin əlavələr də nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik qaydada ona ödənilməsi barədədir. İddiaçının qeyd olunan tələbi ilə bağlı kassasiya instansiyası məhkəməsinə təqdim etdiyi xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli ərizələrlə bağlı iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunmuşdu ki, “.....iddiaçı qeyd edilən tarixlərdə cavabdehə müraciət etmiş və pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Hazırkı qərarın 23-cü bəndində qeyd olunan Konstitusiya Məhkəməsinin mövqeyində göstərilir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər..... Buna görə də apellyasiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana sorğu göndərilməli, iddiaçının cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı ərizə ilə müraciətinin xx.xx.2017-ci il tarixindən əvvəl, yoxsa sonra təqdim edildiyi araşdırlmalıdır.” İşin təkrar apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi iddiaçıya məxsus pensiya işinin materiallarından müəyyən olundu ki, iddaçı tərəfindən ona təyin edilmiş pensiyanın təqdim etdiyi sənədlərə əsasən yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana dəfələrlə müxtəlif tarixlərdə müraciətləri olmuşdur. Belə ki, iddiaçının əlavə sənəd təqdim edərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə müraciətləri olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X5 haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X4 izahatında bildirmişdir ki, İddiaçı ilk dəfə xx.xx.2007-ci il tarixdə işləyən dövlət qulluqçusu kimi pensiya təyin edilmiş, 2013, 2014 və 2015-ci illərdə iddiaçı DSMF-nin Qazax rayon şöbəsinə əlavə sənədlər təqdim edərək pensiyasının yenidən hesablanması məqsədilə müraciətlər etmiş, lakin həmin müraciətlər və təqdim etdiyi sənədlər əsasında əlavələrin də nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması və ona verilməsi pensiya işindən dəqiq müəyyən olunmur. İddiaçının sonuncu dəfə 25 iyun 2020-ci ildə etdiyi müraciət əsasında inzibati orqan tərəfindən araşdırma aparılarkən müəyyən olunmuşdu ki, onun pensiyasına qeyd olunan əlavələr hesablanmamış, buna görə də son üç il- 2017-2020-ci illər üzrə əskik pensiyası hesablanaraq ona hissə-hissə ödəniləcəyinə dair məktubla ona cavab verilmişdir. Hazırda həmin 2017-2020-ci illər üzrə əskik qalan pensiya məbləği tam olaraq iddiaçıya ödənilib başa çatmışdır. Beləliklə, aparılmış araşdırmalar zamanı müəyyən olundu ki, hazırki işdə İddiaçı xx.xx.2017-ci il tarixədək əmək pensiya hüququ yaranan, lakin dövlət qulluqçu kimi əmək pensiyasının təqdim etdiyi sənədlər əsasında əlavələr də nəzərə alınmaqla yenidən hesablanması üçün inzibati orqana xx.xx.2019-cu il tarixədək (yəni 2013, 2014, 2015-cı il tarixlərdə) müraciət edən şəxs olmuşdur. Lakin cavabdeh inzibati orqan iddiaçının sosial təminat hüququnun xx.xx.2017-ci il tarixədək mövcudluğu ilə bağlı olub, yenidən hesablanmanın aparılması ilə bağlı inzibati orqana xx.xx.2019-cu il tarixədək müraciət etməsini nəzərə almadan ona tələb etdiyi fərq məbləğinin müvafiq müddət üzrə ödənilməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın bu hərəkəti onun 2017-2020-ci illər üzrə müvafiq əlavələr də nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanıb əskik fərq məbləğinin həmin müddət üzrə könüllü ödəməsi ilə ziddiyyət təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.1-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1- 1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqedən yanaşılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (dövlət qulluğundan azad olunduğu günə olan 24 aylıq əmək haqqı və ona əlavələri) almış olsun; Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Göründüyü kimi, Qanunda şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlərin nəzərə alınması məcburi şərt kimi nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq növdə pensiya xx.xx.2017-ci il tarixədək təyin olunduğundan (xx.xx.2007-də) və onun həmin pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti də xx.xx.2019-cu il tarixədək (2013, 2014, 2015 və 2016-cı illərdə) olduğundan İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci il tarixədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə, rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ödənilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əksinə, yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2017-2020ci illər üzrə müvafiq əlavələr də nəzərə alınmaqla pensiyasının yenidən hesablanıb əskik fərq məbləğinin könüllü olaraq ödənilməsi bir daha məntiqi olaraq onu sübut edir ki, iddiaçıya həmin əlavələr də nəzərə alınmaqla pensiyası onun təyin olunduğu xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə hesablanıb ödənilməmişdir. Bu fakt həm də iddiaçıya məxsus pensiya işinin materialları ilə də təsdiq olunur. Belə olan halda hazırki işdə iddiaçının “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona ödənilməsi” barədə iddiası əsaslı olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən də təmin olunmuşdur. İddiaçının “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona birdəfəlik ödənilməsi” ilə bağlı tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin tələb qanunvericilikdə əmək pensiya məbləğinin “birdəfəlik” ödənilməsi ilə bağlı müddəa olmadığından təmin edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərarı “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi” barədə tələbin təmin olunduğu hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğvi və iddianın təmin edilməməsi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı qismən, “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və qərar iddianın təmin edildiyi - “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı qismən, “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2671/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərarı iddianın təmin edildiyi - “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması, xx.xx.2007-ci il tarixdən xx.xx.2017- ci il tarixədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1240/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1240/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver