Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1240/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13097/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək X2 Xidmətinin Qərarının ləğv olunması və qarşı tərəfin məsuliyyətə cəlb olunması barədə yeni qərarın qəbul edilməsi, inzibati protokol tərtib etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 9 iyul 2021-ci il tarixdən 6 fevral 2023-cü il tarixədək “Cebhe.info” saytında rəhbərliklə iddiaçının arasında heç bir rəsmi müqavilə olmadan, qanunsuz olaraq müxbir kimi işlədilmişdir. 2023-cü il yanvar ayının 15də X2 Xidmətinə bu barədə şikayət etmişdir. Müfəttişliyin işinə baxan əməkdaşı müxtəlif bəhanələrlə qarşı tərəfi inzibati məsuliyyətə cəlb etdirməkdən yayındırıb. Sözügedən iş yerində işləməyinə dair fotolar, imzalı yazılar təqdim etməyinə, eləcə də 2023- cü ilin yanvar ayında ilk müraciətindən sonra 2 dəfə yenidən şikayət etməyinə baxmayaraq, Müfəttişliyin işçiləri əsassız bəhanələr gətirir, qarşı tərəfin məsuliyyətə cəlb edilməməsi üçün canfəşanlıq nümayiş etdirirlər. Son iş günü 6 fevral 2023-cü il olduğu halda, həmçinin, həmin günü işdən çıxarılmağı ilə bağlı işə məxsus “messenger” qrupunda iş yoldaşları ilə sağollaşmağa aid yazışmalar real sübut olaraq təqdim edildiyi halda və bütün bunların öz adına məxsus şəxsi “Facebook” hesabından yazıldığı halda, bu, sübut olaraq qəbul edilmir. Bunun əvəzində isə sonuncu iş günü saxtalaşdırılır, təqdim etdiyi sübutların arasından 2022- ci ilə aid yazışma “seçilib”, son tarix kimi götürülüb qərar qəbul edilir. Son iş günü tarixinin 2022-ci ilə keçirilməsi məhz qarşı tərəfi inzibati məsuliyyətdən azad eləmək məqsədi daşıyır. 2023-cü il tarixdəki imzalı yazılarının isə faktın təsdiqlənməsi, həmin şəxsin olub- olmamasının təyin edilməsi üçün ekspertizaya ehtiyac olduğu bahanə edilir, müxtəlif məhkəmələrə üz tutmağı tövsiyə edilir. Halbuki müfəttişliyə şikayət etdiyi ilk gündən öz adına olan hesabından son iş gününə aid sağollaşma yazıları təqdim olunub. Nədənsə, bu sübuta baxılmayıb daha doğrusu baxmaq istəməyiblər. İddiaçının öz adına olan hesabından sonuncu iş gününü əks etdirən sübutlar, qrup yazışmaları var və buna məhəl qoyulmur. Çünki son tarix 2023-cü il qəbul etsələr sənədlə, gərək hazırda İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə qarşı tərəfi inzibati məsuliyyətə cəlb edələr. Ona görə də bunu sənədləşdirmir, şifahi başqa şey deyir, yazılı başqa şey yazırlar. Ümumiyyətlə, X2 Xidmətinin işimə baxan əməkdaşı haçan getmişəm məzuniyyətdə olub, qəbula gedərkən sübutlarım digər şəxslərin sübutlarına qarışmış halda rəisin qəbuluna gətirilib. Bu biabırçılıqdır, vətəndaşın şikayətinə məsuliyyətsiz yanaşmaqdır, başdan eləməkdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13097/2024 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddianın məzmunundan görünür ki, hazırki iddia inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. Belə ki, iddiaçı işəgötürəni barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini cavabdehdən tələb edir. Qeyd edilən hüququn inzibati məhkəmə icraatı qaydasında hüquqi müdafiəsi yoxdur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərinəvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənləri və apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırıldığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13097/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1240/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1240/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver