Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1241/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “əmrlərin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2-1(112)-3357/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) iddiaçının 17 avqust 2020- ci il tarixdən “ştatdankənar işçi” kimi təyin olunması və 20.11.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunması, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsi, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmasına və Fondun əmrinə əsasən 17.08.2020-ci il tarixdən işə başlaması nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçün nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliklərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2-1(112)-3357/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası tərəfindən də iddia ərizəsinin aidiyyatı məhkəməyə təqdim olunmadığı müəyyən edilərsə, o halda İPM-in 8.2-ci maddəsinə əsasən sənədlərin aidiyyatı məhkəmə dəqiq müəyyən olunaraq həmin məhkəməyə göndərilməsinin təmin olunması barədə qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona göndərilən qərardadın 2-ci səhifəsinin 2-ci abzasında İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım haqqında məktub təqdim edilərək cavabdehin və cavabdehə qarşı yönəldilmiş iddia tələbinin inzibati məhkəmə İcraatında baxılan iddiaya uyğun dəqiqləşdirilməsinin təklif edilməsi bildirilir. Onun ardınca isə qaldırılan iddialarda yol verilən bütün formal xətaların aradan qaldırılmasında məhkəmənin yardım etməyə borclu olması bildirilir. İlk məhkəmə prosesi 01.02.2021-ci il tarixində keçirilib və guya ona hüquqi yardım haqqında tərtib olunmuş 01.02.2021-ci il tarixli məktub məhkəmə prosesi vaxtı təqdim olunub. O həmin məktuba əsasən münasibəti barədə tərtib olunmuş ərizəni 05.02.2021-ci İl tarixdə poçt vasitəsi ilə göndərmişdir. Ona təklif olunan hərəkətlər barədə tərtib edəcəyi ərizənin hazırlanması və göndərilməsi hər halda 3-4 gün vaxt aparır. Lakin cənab Elvin Əliyevin imzaladığı qərardaddan görünür ki, həmin qərardad 01.02.2021-ci il tarixdə elan olunub. Qanunvericiliyə əsasən məhkəmə qəbul etdiyi bütün qərarları məhkəmə baxışının sonunda elan etməlidir. Lakin 01.02.2021-ci il tarixdə məhkəmə prosesində heç bir qərar elan olunmayıb, əks təqdirdə ona hüquqi yardım haqqında həmin tarixdə tərtib olunmuş məktub təqdim olunmazdı. İddianın və cavabdehin dəqiqləşdirilməsi barədə təklifə gəlincə isə bir daha bildirir ki, tələbi qəbul olunmuş inzibati aktın ləğv olunması və ona dəyən ziyanın ödənilməsidir. İddia tələbi isə məktubda göstərildiyi kimi tək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməyib. İddia ərizəsinin əvvəlində cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, üçüncü şəxs kimi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu göstərildiyi kimi iddia ərizəsinin “xahiş edirəm” hissəsində də iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yönəlib. Qərardadın 3-cü səhifəsinin 7-ci abzasında qeyd olunur ki, guya onun iddiası mülki hüquq münasibətlərinə aiddir. Yəqin iddia ərizəsi dəqiq araşdırılmayıb. O iddia ərizəsində qəbul edilmiş əmrlərin ləğv olunmasını (inzibati aktın) və nəticədə ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Hakim qərardadda hüquqi yardım göstərilməsi barədə məlumat verir. Lakin, onun iddiası aidiyyəti üzrə başqa məhkəməyə aid olsa da, qərardadda həmin məhkəmə dəqiq göstərilməyib. Qərardadda qeyd edildiyi kimi hətta onun iddiası bu məhkəməyə aid olmasaydı da İPM-nin 8.2 maddəsində göstərilir ki, iddia ərizəsində göstərilən predmet və ya ərazi aidiyyatı (fikir verin: predmet-yəni qaldırılan iddia) həmin məhkəməyə aid olmasa, məhkəmə aidiyyatı məhkəməni müəyyən edib, sənədləri ora göndərməlidir. İPM-nin 8.3 və 8.4 maddələrində hətta mübahisənin bir neçə məhkəməyə aid olduqda və ya tərəflər arasında fikir ayrılığı olduqda aidiyyatı məhkəmənin həmin məhkəmə tərəfindən müəyyən olunub həll olunması qeyd olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). Azərbaycan Respublikası İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı işin hallarından görünür ki, iddiaçı onun 17 avqust 2020-ci il tarixdən “ştatdankənar işçi” kimi təyin olunması və 20.11.2020-ci il tarixli əmr ilə işdən azad olunması barədə əmrlərin ləğv olunaraq müddətsiz müqavilə ilə ən azı mütəxəssis vəzifəsinə təyin olunmasını, göstərilən tarixdən əmək haqqı arasındakı fərqin ödənilməsini, Nazirliyin əmrinə əsasən 29.07.2020-ci il tarixdən işdən azad olunmasına və Fondun əmrinə əsasən 17.08.2020-cı il tarixdən işə başlaması nəzərdə tutulsa da faktiki olaraq 30.07.2020-ci il tarixdən 17.08.2020-ci il tarixə kimi işə çıxdığı üçün həmin müddətin əmək haqqını mütəxəssis vəzifəsi üçun nəzərdə tutulan əmək haqqı ilə ödənilməsi öhdəliklərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olduğundan, iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında yaranan hazırkı mübahisə publik hüquq sahəsindən deyil, xüsusi (xüsusi) hüquq sahəsindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı dövlət qulluçusu olmadığından hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. İddia ərizəsinin giriş hissəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilsə də, iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəldilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, cavabdehin və cavabdehə qarşı yönəldilmiş iddia tələbinin inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı cavabdehi və cavabdehə qarşı yönəldilmiş iddia tələbini inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirməmiş, iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2-1(112)-3357/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1241/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver