Məhkəmə qərarları › İş №2-1(103)-1241/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1241/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1241/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi abbaslı Əhməd Məmməd oğlunun iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İ. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan "986" saylı bağ sahəsinin koordinatlarını sxematik xəritəyə uyğunlaşdırılmaqla onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və İstismarı Birliyi tərəfindən Pirşağı qəsəbəsində 52 saylı order əsasında iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmışdır. Faktiki olaraq həmin sahə uzun illər boyu onun istifadəsində və sahibliyindədir. O, ərizə ilə cavabdehə müraciət edərək bağ sahəsinə hüququnun reyestrdə onun adına qeydə alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ona imtina edərək bildirmişdir ki, koordinatlarla göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ sahəsində yerləşən ümumi sahəsi 0,12 ha olan 986 saylı bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmaqla həmin bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı müvafiq torpaq sahəsinə dair hüququnun qeydiyyata alınmsı ilə bağlı idarəyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən sahə sxematik xəritəyə görə digər bağın (934t) ərazisinə uyğun gəlir. Habelə təqdim olunan orderin arxiv nüsxəsi idarədə aşkar edilməmişdir. Məhkəmə işi düzgün araşdırmamış, qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı şikayəti müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil B.İmanverdiyev onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarınının 30-31-ci vərəqlərində olan notarial qaydada təsdiq olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 1256 №-li sərəncamı ilə, o cümlədən, İddiaçı - Pirşağı 218 №-li X2 (BTK № 218), 986 №-li bağ sahəsi ayrılmış və həmin sərəncam əsasında da ona Bakı şəhər İcra Hakimiyyət Aparatının X3 və İstismarı Birliyi tərəfindən 0,12 ha olan 986 saylı bağ torpaq sahəsinə dair 52 saylı Order verilmişdir. Hazırkı apellyasiya mərhələsində cavabdehin apellyasiya şikayətində 218 saylı kooperativin nəzdində iddiaçıya bağ sahəsi ayrılmasına olan şübhələrini aradan qaldırmaq üçün məhkəmə sorğusu ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il 1256 №-li sərəncamı ilə torpaq sahəsi ayrılmış 218 №li Pirşağı BTK üzvülərinin tam Siyahısı tələb olunmuş və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş dur. Həmin sərəncamın tam mətnindən aydın olur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qərarları rəhbər tutularaq kooperativin 57 üzvünə, o cümlədən, 52-ci sırada yer alan X4 986 N-li bağ sahəsi ayrılmışdır. İddiaçıya verilmiş orderdə də məhz görünür ki, orderin nömərisi Siyahıda qeyd edilən sıra nömrəsi (“52”) ilə eynilik əşkil edir. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, Pirşağı bağlar massivində 218 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 986 saylı mübahisəli bağ sahəsi tam qanuni əsaslarla iddiaçının sahibliyində və istifadəsindədir. Belə olan halda, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, adıçəkilən 52 saylı Orderə əsasən mübahisəli bağ sahəsinin mülkiyyət hüququ ilə iddiaçının adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınması və ona çıxarış verilməsi üçün əsasdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən bağ sahəsinin iddiaçının adına qeydiyyata alınmasından və ona çıxarış verilməsindən imtina olunması qanunsuz olmuşdur. Cavabdehin imtina cavabının və onun apellyasiya şikayətinin bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və başqa yerə uyğun gəlməsi ilə bağlı dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası onu qeyd edir ki, həmin uyğunsuzluqları aradan qaldırmaqla bağ sahəsini rəsmiləşdirmək iddiaçının yox, məhz, cavabdeh inzibati orqanın üzərinə düşən bir öhdəlikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin və onun yerli qürumlarının vəzifəsidir. Beləliklə də mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasını zəruri edən faktiki şətlərin mövcudluğu sübuta yetirilir. Bu isə o anlamı verir ki, cavabdeh əsassız olaraq həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsindən imtina etmiş, bununla da onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9765/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar