Məhkəmə qərarları › İş №2-1(103)-1241/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1241/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1241/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, nümayəndəsi vəkil X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4202/2022 saylı xx.xx.2022-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun iddiaçının xx.xx.1979-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər, xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixə qədər 32 illik ümumi əmək stajını nəzərə alaraq xx.xx.2019-cu il tarixdən 62 yaşdan yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş (şəxsiyyət vəsiqəsi: №-0******* Ağdam RPŞ xx.xx.2012), xx.xx.1979-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu 8 saylı TSMD-də (Tikinti Təmir Səyyar Mexanikləşdirilmiş Dəstədə) katibə, xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Ağdam rayon təhsil şöbəsinin 45 saylı məktəbində əvvəlcə kargüzar, sonradan isə müəllimə vəzifələrində çalışmışdır 32 il əmək stajı vardır. Əmək stajını nəzərə alaraq pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona imtina etmişdir. Filial imtinasını belə əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasına əsasən ümumi sığorta stajı tələb olunan müddətdən 25 ildən (18 il 8 ay) azdır. Belə ki, onun xx.xx.1979-xx.xx.1992-ci illərdə işlədiyi Ağdam rayonu 8 saylı TSMD-nin rayon ərazisində heç bir yerdə fəaliyyət göstərdiyi və hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Digər tərəfdən onun tələb olunan sığorta kapitalı da tələb olunan 28800 manat məbləğdən az (15.552,81 manat) tşəkil edir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz imtina cavabına uyğun əsaslandırılmış, eyni zamanda mübahisələndirilmişdir ki, iddiaçının təqdim etdiyi 10 fevral 1979-cu il tarixdə tərtib olunmuş əmək kitabçasının 42 və 43-cü səhifələrində qeyd olunmuş 1-ci və 2-ci qeydlərində müəssisənin möhürünün vanında “Kadro şöbəsi” yazılaraq imza qoyulmuşdur. Qeydlər və əlavə olaraq möhürdəki qeydlər isə kiriİ qrafikalı azərbaycan dilindədir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Əmək kitabçasının qeyd olunmuş səhifələrində qeydlərin kiril əlifbalı azərbaycan dilində yazılmasına baxmayaraq, sonra “kadro şöbəsi” qeydinin yazılması şübhəlidir. Həmin qeyd yarı rus, yarı azərbaycan dilində kiril qrafikası ilə edilmişdir. Nəzərə alanda ki, digər qeydlər və möhürdəki qeydlər kiril qrafikalı azərbaycan dilindədir, həmin qeydin kiril qarfikalı yarı rus, yarı azərbaycan dilində edilməsi əmək kitabçasının mötəbərliyinə şübhə yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş mənə məxsus əmək kitabçamın surətindən görünür ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonu 8 saylı TTSMD-katibə, xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixə qədər isə Ağdam rayon təhsil şöbəsində 45 saylı məktəbdə əvvəlcə kargüzar, sonradan isə müəllimə vəzifəsində çalışmışam. Lakin işlədiyim Ağdam rayonu 8 saylı TTSMD-yə dair sənədlərin arxivdə saxlanılmaması mənim günahım deyil və hesab edirəm ki, bu hal məni əmək pensiyası hüququmdan məhrum etməməlidir. Onu da qeyd edim ki, işlədiyim həmin idarə Ağdam rayon ərazisində hal-hazırda da fəaliyyət göstərən bir çox əhəmiyyətli idarələrin tikinti-quraşdırma işləri ilə məşğul olub. Hamıya bəllidir ki, Ağdam rayonu işğal altında olub və həmin idarə tərəfindən sənədlərin arxivə verilməməsi səbəbidə yalnız budur. Hesab edirəm ki, bu üzürlü səbəb də mənim pensiya hüququmu məhdudlaşdıra bilməz. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları’' nın 1.1 -ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını müəyyən edən sənədlərdən biri də əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1 -ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit edilmişdir. Həmin maddənin 1 -ci hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bır sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyyanamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin sturukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin 14.3-cü bəndinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mpvcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür…» Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, həqiqətən 1979-1993-cü illərdə Ağdam rayonu 8 №-li TSMD-də katibə işləmişdir. Tikinti idarəsi Ağdamda yerləşirdi, idarə müdiri Amil Quliyev idi. 1991-ci ildə həyat yoldaşı vəfat etmiş, üç uşaqla tək qalaraq çətin günlər yaşamış, 1992-ci ildə məcburi köçkün düşərək Ağcabədi rayonunda məskunlaşmışlar. Əmək kitabçasını idarənin müdiri Amil müllim ona vermişdir. Kadrlar şöbəsinin müdiri Əliyeva idi. Kitabçada hərf səhvi ola bilsin olub. Həmin vaxt “S” hərfi arada işlənirdi. Əmək kitabçası Ağdamda yazılıb, amma Amil müəllim gec görüşüb götürmüşdür. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifdəsində göstərmişdir ki, həmin dövrdə Ağdam rayonu 8 №-li TTSMD-nin 36 il direktoru olmuş, and içir ki, İddiaçı 13 il TSMD-də onun katibəsi vəzifəsində işləmişdir. Əmək kitabçasını 1993-cü ilin iyulundan qabaq ona vermişdir. Kitabçanı kadrlar şöbəsi yazıb və möhür vurub. Kadrlar şöbəsinin işçisi U.Əliyeva vəfat edib. Müəssisənin əmrlər kitabı vardı. Həmin vaxt əmr yazılıb, olmasa kitabçaya yazılmazdı. Bütün sənədələr və avadanlıqlar hamısı orda qalıb. 80 manat maaş olurdu. Hər gün tabelə qol çəkməsələr işçilərin günləri kəsilirdi.”(Audio-video yazı işə əlavə edilir). İddiaçının nümayəndəsi vəkil G.Quluzadə izahatında göstərmişdir ki, iddiaçı ilə məhkəmədə iddia qaldırmazdan əvvəl ətraflı söhbət etmiş, bütün həqiqəti ona danışmış, hazırda onun dedikləri səmimidir, birinci növəbədə o özü inanmalıdır ki, məhkəməni də inandıra bilsin. Əks halda onunla müqavilə bağlayıb müdafiə etməzdi. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşdən görünür ki, iddiaçının əmək fəaliyyəti üzrə iki əmək kitabçası mövcuddur: -10 fevral 1979-cu il tarixdə açılmış ******* №-li birinci əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdə 07 №-li xx.xx.1979-cu il tarixli əmrlə Ağdam rayonu 8 №-li TTSMDdə katibə vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə isə 79 №-li xx.xx.1992-ci il tarixli əmrlə işdən azad edilmişdir (1992.12.23 - 1979.01.10= 13 il 11 ay 13 gün). -xx.xx.2003-cü il tarixdə açılmış ******* №-li ikinci bir əmək kitabçasında isə onun xx.xx.1993-xx.xx.1995-ci illərdə Ağdam Rayonu Təhsil şöbəsinin 45 saylı məktəbində kargüzar (əmr №5, xx.xx.1993-cü il), xx.xx.1995-xx.xx.2012-ci illərdə müəllim (əmr № 53, xx.xx.1995-ci il) vəzifələrində işlədiyi təsbit olunmuşdur (1995.xx.xx-1993.12.01=1 il 9 ay ) + (2012.xx.xx-1995.09.02=17 il 1 ay 29)- cəmi,18 il 10 ay 29 gün. İki əmək kitabçası üzrə iş stajı ümumiləşdirildikdə iddiaçının ümumi iş stajı 32 il 10 ay 12 gün təşkil edir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən 1-ci əmək kitabçası üzrə iddiaçının əmək fəaliyyəti qəbul edilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin dövr üzrə iddiaçının əmk fəaliyyəti ilə bağlı araşıdırmalar üzrə aşağıdakı məlumatlar əldə olunmuşdur: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının xx.xx.2022-ci il tarixli 05 saylı məktubu ilə bildirilmişdir ki, Ağdam rayon TTSMD-nın arxiv sənədləri filialda saxlanılmır (sənədlər filiala təvhil verilməyib). Ona görə də iddiaçı X1 işləməsi təsdiq edən sənədi vermək mümkün deyil. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının cavabdehə ünvanlanmış məktubundan görünür ki, “Ağdam rayon 8 №-li TTSMD” müəssisəsinin hesabat məlumatları Mərkəzi Filial tərəfindən təhvil alınmamışdır. -Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının 02/266 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1992- ci il tarixədək Ağdam rayonu ərazisində fəaliyyət göstərmiş 8 saylı TTSMD haqqında, həmçinin İddiaçı həmin müəssisədə işləyib-işləməməsi barədə Ağdam rayon İcra Hakimiyyətində hər-hansı məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********984200 saylı məktubu ilə bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “Ağdam rayon 8 saylı TTSMD”nin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********014100 saylı məktubu bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində Ağdam rayon 8 saylı TSMD barədə hər hansı məlumat yoxdur. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-2445 saylı məktubu ilə bildirilmişdir ki, 1996-cı ildə yaradılmış AzərbaycanRespublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdam rayon 8 saylı TTSMD-yə dair məlumat mövcud deyildir. - “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə iddiaçıya aid **********528 saylı nömrəli fərdi şəxsi hesabından görünür ki, iddiaçıya dair 2006-cı ilin yanvar ayından 2012-ci ilin noyabr ayına qədər sığortaedən qismində Ağdam rayon İcra Hakimiyyətinin Manikli ərazi nümayəndəliyi və Ağdam rayon Təhsil Şöbəsi tərəfindən cəmi, 3897,21 manat məbləğində pul vəsaiti məcburi sığorta haqqı kimi ödənilmişdir. Beləliklə də məhkəmə iddiaçının Ağdam rayonu 8 №-li TTSMD-də əmək fəaliyyətinə dair əlavə mlumat əldə olunması mümkün olmamış, eləcə də onun, minmumum pensiya təminatı üçün pensiya kapitalının mövcudluğuda müəyyən edilməmiş, qeyd olunanları nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Hər bir halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiaya məhkəməsi tərəfindən birinci əmək kitabçası üzrə iddiaçının əmək fəaliyyətinin qeydləri hərtərəfli araşdırılmamış, həmin dövr üzrə onun fəaliyyətinə düzgün qiymət verilməmişdir. Birincisi, qeyd olunmalıdır ki, Ağdam rayonunun işğal altında olması, həmin dövrə aid istər Ağdam rayonu 8 №-li TTSMD olsun, istərsə də Ağdam rayon Dövlət Arxivi erməni millətçiləri tərəfindən məhv edildiyi halda, iddiaçının həmin dövrdəki əmək fəaliyyəti üzrə hər hansı arxiv məlumatının əldə olunması mümkünsüzdür. Cavabdehin iddia ərizəsinə etirzına və onun nümayəndəsinin hazırkı mərhələdə məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən isə müəyyən olunur ki, birinci əmək kitbçası üzrə iddiaçının 1979-1992-ci illər üzrə sözügedən 8 №-li TSMD-də katibə vəzifəsində işlədiyi dövrün nəzərə alınmamasının əsası ondan ibarətdir ki, həmin dövrdə «Kiril» əlifbasından istifadə olunduğu halda, əmək kitabçasının yazılarında «Latın» əlifbası üzrə hərf yazılışına yol verilmişdir. Mübahisəli əmək kitabçasının azərbaycan dili bölməsinin 42-43-cü vərəqləri tədqiq olunduqda, həqiqətən də iddiaçının işlədiyi - «Ağdam rayonu 8 №-li TTSMD» qurumunun «TTSMD» adında ən azından «S» həfinin «Kiril» əlifbası ilə deyil, «latın» əlifbası ilə yazıldığı aydın görünür. Həmin mübahisəli məqama aydınlıq gətirilməsi üçün hazırkı mərhələdə iddiaçı tərəfin nümayəndəsinə həm iddiaçının özünün, həm də onun işlədiyi müəssisə rəhbərinin məhkəməyə təqdim olunması təklif olunmuş və hazırkı məhkəmə iclasına gəlmiş İddiaçı yuxarıda qeyd edilən izahatından və şahid A.Quliyevin ifadəsindən göründüyü kimi, həqiqətən o, 1979-1992-cü illərdə 13 il Ağdam rayonu 8 №-li TTSMD-də katibə vəzifəsində işləmiş, erməni təcüvüzü nəticəsində məcburi köçkün düşərək Ağcabədi rayonunda məskunlaşmış, 1993-cü ilin birinci yarısında onun əmək kitabçasında işdən çıxması barədə qeyd aparılaraq, kitabça ona təqdim olunmuşdur. Beləliklə də iddiaçının izahatında və şahid ifadəsində təsbit olunan məlumatların bir-birini tamamlaması, həm də işdən çıxma ərəfəsinin həmin dövrün ağır məqamlarına təsadüf etməsi baxımından, məhkəmə kollegiyası 1979-1992-ci illərdə onun Ağdam rayonu 8 №-li TSMD-də katibə vəzifəsində çalışdığına inandırıcı yanaşır. Həmin əmək kitabçasının qeydlərində «TSMD» sözündə latın qrafikalı «S» hərfinin yazılması ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd edir ki, 25 dekabr 1991-ci il tarixində artıq "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 34 nömrəli Qərarı qəbul olunmuşdur. Bu baxımdan 1992-1993-cü illlərdə yazılarında latın qrafika ilə yazılara praktikada rast gəlinməsi qanunazidd və zamana münasibətdə belə yazılara rast gəlinməsi heyrət doğura və mümkünsüz hesab oluna bilməz. Eyni zamanda, həmin «qeydlərdə «Kadro şöbəsi» söz birləşməsində «Kadro» sözünün işlədilməsi, həmin dövrün xüsusiyyətlərindən, habelə, idarədə onu yazan kadrlar əməkdaşının dil və əlyazma vərdişlərindən irəli gələn bir subyektiv xətasının nəticəsi olması da istisna edilmir. Hər bir halda, burada sözün kökü azərbaycan dilində işlədilən mənanı ehtiva edir. Bu baxımdan, mübahisələndirilən söz birləşməsi iddiaçının həmin idarədə işələməsini qatı şəkildə istisna edən hal kimi qiymətləndirilə bilməz. Ən azından, əmək kitabçasının qeydlərdə iddiaçının Ağdam rayonu 8 №-li TSMMDyə işə qəbul tarixi, vəzifəsi və işə daxil olma və işdən çıxma tarxlərini əks etdirən əmrin tarixi və nömrəsinin mövcudluğu, bütün bu yazılar qaralamalara yol verilmədən təsbit olunmuş və müəssisənin «Kiril» əlifbasına malik dairəvi möhürlə təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Ağdam rayon İcra Hakimiyyətinin 26 yanvar 2023-cü il tarixli 02/67 №-li məktunda da bildirilsişdir ki, Ağdam rayonunun işğalda olmuş hissəsində Ağdam rayonu 8 №-li TTSMD adlı idarə 1979-1992-ci illərdə fəaliyyət göstərmiş və həmin idarə təmir-tikinti işləri aparmaq fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə də, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavadeh tərəfindən iddiaçının «Sovetlər» dövrünə düşən 13 illik əmək fəaliyyəti dövrünün tamamilə şübhə altına alınaraq, onun sığorta stajına daxil edilməsindən imtina edilməsi əsassız olmuş, onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, qeyd olunanlara məhkəmə tərəfindən diqqət yetirilməmiş, cavabdehin şübhə altına aldığı qeydin həqiqiliyinin müəyyən olunması istiqamətində natamam araşdırma aparılmamış, nəticədə, iddianın rədd olunması barədə səhv nəticəyə gəlinmişdir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2022 saylı xx.xx.2022-cü il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, həmin qərar ləğv edilməli və iddianın təmin olunması, xx.xx.1959-cü il təvəllüdlü iddiaçıya 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4202/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə ömürlük əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar