Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1241/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, həmçinin 2013-cü ildən müvafiq hüququnun yaranması nəzərə alınaraq həmin tarixdən pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başlamışdır. xx.xx.1984-cü il tarixdən (əmr 253, xx.xx.1984) xx.xx.2007-ci il tarixədək (əmr 60, xx.xx.2007) "xxxx" ASC-nin şüşə əritmə sexində şüşə məmulatlarının çıxardıcısı və şixta tökən vəzifəsində işləmişdir. Belə ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək isti şüşə çıxardıcısı, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək isə mexaniki üsulla şixta tökən vəzifəsində işləmişdir. Şüşə çıxardıcısı işlədiyi müddət ərzində əsas işi sobadan çıxaraq mexaniki üsulla kəsilmiş isti kolbaları əl ilə seçmək və həmin kolbaları əl ilə kaliblərdə yoxladıqdan sonra, ölçülərə görə ayrı-ayrı arabacıqlara yığmaqdan ibarət olmuşdur. Şixta tökən işlədiyi müddət ərzində isə əsas işi əvvəlcədən hazırlanmış şixtanı şüşə əridən sobaya tökməkdən ibarət olmuşdur. Bu faktları həm əmək kitabçasından çıxarış, həmçinin də Azərbaycan Respublikası "xxxx" ASC-nin təqdim etdiyi 01/48 saylı xx.xx.2013-cü il tarixli Arayış sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.93-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş (2-ci siyahısının 18-ci bölməsinin 2190100-11438 və 2190100a-19454 bəndlərinə əsasən) güzəştli pensiya hüququ var. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2013-cü il tarixli, 4665 saylı məktubu ilə təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan güzəştli şərtlərlə sığorta stajının yaranmadığını bildirməklə ərizəni təmin etməmişlər. İT-l ******* nömrəli əmək kitabçasına əsasən onun ümumilikdə 42 il 1 ay (xx.xx.1979-cu il tarixdən bu günədək), zərərli və ağır işlərdə isə 23 il 1 ay (xx.xx.1984-cü il tarixdən xx.xx.2007-ci il tarixədək) stajı vardır. Nəyə əsasən stajı düzgün hesablanmamışdır? Bu qanuna uyğun deyil və bununla razı deyil. Belə ki, bu ona münasibətdə müvafiq orqan tərəfindən edilmiş qanun pozuntusudur. Qanunvericiliyə əsasən qadınlar üçün ümumi stajı 20 il tələb olunduğu halda, onun stajı 42 il 1 ay, əmək şəraiti zərərli işlərdə staj isə 10 il staj tələb olunduğu halda onun əmək şəraiti zərərli və ağır işlərdə stajı 23 il 1 ay təşkil edir. Bütün bu faktlara qanunvericiliyə əsasən onun pensiya hüququ yaranır və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş siyahı üzrə) çalışan sığortaolunanların: - kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmədən müraciətinə qanuni şəkildə baxılmışdır. Tənha həyat yaşayan bir qadındır və uzun illərdir ki, 2013-cü ildən indiyədək əziyyət çəkmiş və bununla da sağlamlığına zərər dəymişdir. İddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2013cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2013-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 28 avqust 2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubuna əsasən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbbəbindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N°-li Siyahı”sında şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı bölməsinin (XVİİİ) xəlitə hazırlanması, bütün növ şüşə, şüşə məmulatları və posasital istehsalı bəndinin (********) fəhlələr (2190100a) yarımbəndində viniplastçılar (2190100a—11438) və qəlibtutanlar (2190100a—19454) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi 31 yanvar 1983-cü il il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin İddiaçı dair 21 iyul 2023-cü il tarixli LP-14-0723 nömrəli arayışında xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə şüşə məmulatlarının kalibriçisi, xx.xx.1996- xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə şixta tökən vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi şüşə məmulatlarının kalibriçisi və şixta tökən vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan viniplastçılar və qəlibtutanlar vəzifələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 9 ay 21 gün (xx.xx.1990- xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından da görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətinin təmininə yönəlmiş hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki işdən görünür ki, iddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan əmək stajı xx.xx.2006-cı il tarixə qədər toplanmış olduqda, pensiya təyin edilməsi əvələr qüvvədə olmuş qanunvericiliklə yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun təyin edilməlidir. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 52 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 20 illik ümumi və 10 illik xüsusi iş stajının toplanması. İşdən aydındır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, xx.xx.2006-cı il tarixə iddiaçının 20 ildən çox ümumi stajı və 10 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; İT-İ seriyalı ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasına əsasən, Q seriyalı 600912 saylı diplomdan görünür ki, fabrikə işə düzəlməzdən əvvəl xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək 80 nömrəli texniki məktəbdə təhsil almışdır. Voladarski adına Bakı Tikiş Evi. xx.xx.1982-ci il tarixdə 438 ok saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən 4-cü sexə 4-cü dərəcəli tikişçi qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 365 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1984- cü il tarixdə 253 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən şüşə sexinə kalibrçi – qablaşdırıcı şagirdi qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 305 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən şüşə sexində 1-ci dərəcəli kalibrçi (şüşə çıxaran) dərəcəsi verilmişdir. xx.xx.1990-cı il tarixdə həmin sexdə 2ci dərəcəli isti-məmulat çıxaran ixtisası verilmişdir. xx.xx.1995-ci il tarixdə həmin sexdə 3cü dərəcəli şüşə məmulatları kalibrçisi keçirilib. xx.xx.1996-cı il tarixdə 41/k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən həmin sexdə 4-cü dərəcəli mexaniki üsulla şixta tökən keçirilib. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin mövcud qanunvericiliyinə uyğun olaraq xx.xx.2001-ci il 257 saylı sərəncamı ilə “Azərlelektroişıq” İB Baş Zavodunun bazası əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2007-ci il tarixdə 60 saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə 06 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tikişçi işinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə 19 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə 02 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tikişçi işinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə 2 saylı xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2- ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixə qədər iddiaçının stajı əmək kitabçasına əsasən ən azı 20 ildir (26 il 04 ay, 07 gün - iddiaçının əmək kitabçasında xx.xx.1979xx.xx.1982-ci illər təhsil dövrü və xx.xx.1982-xx.xx.1984, xx.xx.1984- xx.xx.2006-cı illərdə isə işləməsinə dair qeydlər var). İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələb olunan 10 illik xüsusi iş stajı ilə bağlı isə Kollegiya aşağıdakıları qeyd edir: Ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş LP-14-0723 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdə "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində işə qəbul edilmişdir. Həmin sexdə şüşə məmulatlarının çıxardıcısı və şixta tökən vəzifələrində işləmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində işlədiyi müddət ərzində isti işləri yerinə yetirdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2-ci siyahının 18-ci bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı) 2190100a-11438 və 2190100a19454 bəndlərinə əsasən güzəştli pensiya hüququna malikdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 29 noyabr 2001- ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq ləğvetmə prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış LP-03-0524 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş 01/48 nömrəli xx.xx.2013-cü il tarixli izahlı arayışına və "xxxx" istehsalat Birliyinin keçmiş əməkdaşının verdiyi şifahi məlumatına əsasən, xx.xx.1984-xx.xx.2007-ci illərdə "Azərelektroişıq” İstehsalat Birliyinin şüşə əritmə sexində isti şüşə çıxardıcı və mexaniki üsulla şixta tökən vəzifələrində işləmiş İddiaçı llyaz qızının əsas işi sobadan çıxararaq mexaniki üsulla kəsilmiş isti kolbaları əl ilə seçmək və həmin kolbaları əl ilə kalibrlərdə yoxladıqdan sonra, ölçülərə görə ayrı-ayrı arabacıqlara yığmaqdan ibarət olmuşdur. Eyni zamanda "xxxx" ASC tərəfindən verilmiş 01/48 nömrəli xx.xx.2013-cü il tarixli izahlı arayışına və "xxxx" İstehsalat Birliyinin keçmiş əməkdaşının verdiyi şifahi məlumatına əsasən, İddiaçı "xxxx" İB-nin şüşə əritmə sexində işlədiyi müddət ərzində isti işləri yerinə yetirdiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2-ci siyahının 18-ci bölməsinin (şüşə istehsalatı, keramik, çini saxsı məmulatlar isatehsalı) 2190100a-11438 və 2190100a-19454 bəndlərinə əsasən güzəştli pensiya hüququna malikdir. Göründüyü kimi, İddiaçı xx.xx.1984 - xx.xx.2007-ci illərdə şüşə məmulatlarının çıxardıcısı və şixta tökən işində işləmişdir: xx.xx.1984 - xx.xx.1995 – isti şüşə çıxardıcısı; xx.xx.1995 - xx.xx.2007 – mexaniki üsulla şixta tökən. İddiaçı şüşə çıxardıcısı işlədiyi müddət ərzində, onun əsas işi sobadan çıxaraq mexaniki üsulla kəsilmiş isti kolbadan əl ilə seçmək və həmin kolbaları əl ilə kalibrlərdə yoxladıqdan sonra ölçülərə görə ayrı-ayrı arabacıqlara yığmaqdan ibarət olmuşdur. Şixta tökən işlədiyi müddət ərzində isə onun əsas işi əvvəlcədən hazırlanmış şixtanı şüşə əridən sobaya tökməkdən ibarət olmuşdur. İşlədiyi müddət ərzində iddiaçı bütöv iş vaxtında isti işləri yerinə yetirmiş və bu səbəbdən qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2-ci siyahının 18-ci bölməsinin (Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı) 2190100a-11438 və 2190100a-19454 uyğun göstərilmişdir. Odur ki, iddiaçının ümumi zərərli iş stajı 23 il 1 ay, xx.xx.2006-cı ilə qədər isə 21 il 03 ay 24 gündür. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunvericiliklə tələb olunan xx.xx.2006-cı il tarixədək 20 illik ümumi və 10 illik xüsusi iş stajı topladığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu nəticəsinə gəlmişdir. Lakin Kollegiya xx.xx.2013-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı ilk dəfə xx.xx.2013-cü il tarixdə cavabdehə müraciət etmiş, imtina verilməsinə baxmayaraq inzibati orqanın həmin hərəkətini sonuncu müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda da qeyd edildiyi kimi 2013-cü ildə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. Odur ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2023-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməli, iddiaçıya sonuncu müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2020-ci il tarixindən pensiyasının ödənişi cavabdeh tərəfindən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qismən – xx.xx.2013-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qismən – xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixindən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1241/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1241/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver