Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1242/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1, üçüncü şəxs X4 nümayəndəsi X2 iştirakı ilə mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3128/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən binanın 1-ci girişi 14-cü mərtəbəsində ümumi sahəsi 155,6 kv.m. olan 3 otaqdan ibarət 101 nömrəli mənzilə, həmçinin 10-cu mərtəbəsində ümumi sahəsi 152,8 kv.m. olan 3 otaqdan ibarət 189 nömrəli mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3128/2019 nömrəli iş üzrə 02.08.2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.m. olan 3 otaqdan ibarət 101 saylı mənzil, həmçinin həmin ünvanda yerləşən binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m. olan 3 otaqdan ibarət 189 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışların verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 20.11.2019-cu il tarixdə X7 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.08.2019-cu il tarixli qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində cəlb edilməklə, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.11.2019-cu il tarixli qərardadına əsasən Ə.Rəhimovanın ərizəsi təmin edilərək, o, iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02.08.2019-cu il tarixli qərarı və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələrin (mənzillər üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydlərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron çıxarışlar) ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25.12.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın ünvan 1ndə yerləşən binanın 1-ci girişi 14-cü mərtəbəsində ümumi sahəsi 155,6 kv.m. olan 3 otaqdan ibarət 101 nömrəli mənzilə aid hissədə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarını üçüncü şəxs Ə.Rəhimova tərəfindən təqdim edilmiş sənədlərə istinad edərək əsaslandırmağa çalışmasına baxmayaraq, məhkəmə tərəfindən X5 və X3 təqsirləndirilmələrinə dair cinayət işinin hazırda hansı mərhələdə olması barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğular verilib cavabı alınmayıb, eyni zamanda, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm olmadığından məhkəmə tərəfindən qərarını əsaslandırması məqsədi ilə həmin sənədlərə istinad olunması da qanunsuzdur. Məhkəmə sözügedən qərarını ancaq üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərə istinad edərək əsaslandırmaqla kifayətlənmiş, lakin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, heç bir araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Məhkəmə kollegiyası əvvəlcə bildirir ki, apellyasiya şikayəti ünvan 1ndə yerləşən binanın 1-ci girişi 14-cü mərtəbəsində ümumi sahəsi 155,6 kv.m. olan 3 otaqdan ibarət 101 nömrəli mənzillə bağlı olduğundan, hazırkı apellyasiya araşdırmasının predmeti də yalnız həmin mənzilə aid hissədən ibarətdir. İPM-in 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən olunur ki, mübahisəli mənzilin yerləşdiyi ünvan 1ndə olan bina 2013-cü ilədək inşa olunmuşdur. Bu baxımdan, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.9.2-ci maddəsi təşkil edir. Həmin normaya görə, 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Lakin sözügedən maddənin dispozisiya şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, mübahisəli mənzilin yerləşdiyi ünvan 1ndə olan binanın istismara qəbul olunması iş materialları ilə təsdiq olunmur, bu barədə Məhkəməyə heç bir mötəbər sübut təqdim ediməmişdir, cavabdeh binanın istismara qəbul olunmadığını bildirir, bununla bağlı iddiaçının vəkilinə də vaxt verilsə də, sonuncu binanın istismara qəbulu barədə hər hansı rəsmi sənəd təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında”anununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla təsbit edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin, işdən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsi ilə nəzərdə tutulan sənədlər, o cümlədən çoxmənzilli binanın istismara qəbul aktı nə cavabdehə, nə də Məhkəməyə təqdim edilmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bütövlükdə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin çoxmənzilli yaşayış binasında yerləşən mübahisəli mənzili dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericilikə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin təqdim edilməməsinə əsaslanan 20.05.2019-cu il tarixli **********66 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3128/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1242/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver