Məhkəmə qərarları › İş №2-1(103)-1242/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1242/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1242/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Birgə iddiaçılar İddiaçı və X3 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7643/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyətinin onun tərəfindən hasarbərpa işlərinin dayandırılması üzrə hərəkətlərinin qeyri-qanuni olması və bu hərəkətlər nəticəsində ona dəymiş 500 manat dəyərində maddi ziyanın kompensasiya edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Binəqədi Bələdiyyəsinin məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında nəzərə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X1 xx.xx.2013-cü il tarixli, 22 nömrəli qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin və X1 xx.xx.2012-ci il tarixli, 422 nömrəli qərarı ilə X3 istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinin hündürlüyü 2,20 m olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərin Binəqədi Rayon İcra Hakimiyyətinə qadağan edilməsi kimi dəqiqləşdirilmiş, X5 birgə iddiaçı qismində nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 22 nömrəli, xx.xx.2013 tarixli Qərarı ilə “FAB" Boya zavodunun yaxınlığındakı 600 kv.m (6 sot) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmişdir. Eynilə, X1 422 nömrəli, xx.xx.2012 tarixli Qərarı ilə həmin ərazidə 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həyat yoldaşı X3 istifadəsinə verilmişdir. Təxminən 2014-cü ildə qeyd olunan 12 sotluq ərazinin digər ərazilərdən ayrılması və qonşularla hər hansı mümkün mübahisələrin qarşısının alınması üçün qonşularla birgə müvafiq hasarın çəkilməsi həyata keçirilmişdir. Lakin ötən dövrdə ərazidən keçən yük maşınları hasarın bir hissəsini zədələmiş və yararsız hala salmışdır. Bununla əlaqədar, qeyd olunan hasarın müvafiq «Г» şəkilli hissəsinin bərpasını öz hesabına etməyə icazə verilməsi məqsədilə Binəqədi qəsəbə Bələdiyyəsinə onun tərəfindən müraciət edilmiş və bu barədə bələdiyyədən şifahi razılıq alınmışdır, hətta Bələdiyyənin memarı tərəfindən ayrılmış torpaq sahəsinə verilmiş sənədlərin sahəyə uyğunluğunu təftiş etmək üçün yerində ölçmə-yoxlama işləri aparılmışdır. Beləliklə, hündürlüyü təxminən 1,5 metr olan hasarın tikilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə müvafiq işlərə başlanılması məqsədilə material (daş, qum və sement) alınmışdır. Həmin gün ustalar tərəfindən hasanın tikintisi işlərinə başlanarkən özünü Binəqədi kənd İcra nümayəndəsi kimi təqdim edən Natiq adlı şəxs tərəfindən hasarçəkmə işləri dayandırılmış və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq icazənin alınmasına ehtiyac olduğu bildirilmişdir. Sonrakı mərhələdə onun tərəfindən dəfələrlə həmin şəxslə görüş keçirilmişdir. Binəqədi kənd İcra nümayəndəsi kimi təqdim edilən Natiq adlı şəxs ona təqdim edilmiş bütün sənədlərin qaydasında olduğunu bildirmiş, lakin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq icazənin alınmasına ehtiyac olduğu bildirmişdir. Onun tərəfindən bildirilmişdir ki, əgər sənədlər qaydasındadırsa, Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 79.1.3 naddəsinə əsasən hündürlüyü 2,2 metrə qədər olan və qonşu torpaq sahəsi ilə sərhəddə və küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Lakin onun bu arqumentlərinə məhəl qoyulmayaraq, Binəqədi Rayon İcra Hakimiyyətindən icazənin alınmalı olduğunu bildirilmişdir. Məsələ ilə bağlı xx.xx.2022-ci tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. xx.xx.2020-ci tarixdə Binəqədi rayon İH tərəfindən göndərilmiş cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış və torpaq sahəsinin plan və ölçüsü) Rayon İH-ə təqdim olunduqdan sonra müraciətinə yenidən baxıla bilər. İH-nə təqdim etdiyi sənədlər qanunidir və müvafiq bələdiyyə tərəfindən ona təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsində də qeyd edildiyi kimi bu qanun həm də “bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.” Qanunun 79.1.3-cü maddəsinə əsasən hündürlüyü 2,2 metrə qədər olan və qonşu torpaq sahəsi ilə sərhəddə və küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Bununla yanaşı, ötən dövrdə, yəni yuxarıda bəhs edilən hasarın bərpası üçün alınmış 10 ədəd (Norm 300) sement, 2 kub qum, 1000 ədəd daş yağış altında yararsız hala düşmüşdür və bununla bağlı iddiaçıya 500 beş yüz manat (10x6,5 manat (norm sement) + 0,40 x1000 manat (daş)+35 manat (qum və sürücüyə ödəniş) dəyərində maddi ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7643/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, X1 xx.xx.2013-cü il tarixli, 22 nömrəli qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin və X1 xx.xx.2012-ci il tarixli, 422 nömrəli qərarı ilə X3 istifadəsinə verilmiş 600 kv.m torpaq sahəsinin hündürlüyü 2 metr 20 santimetrədək olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli, xx.xx.2012-ci il tarixli və 22 nömrəli, xx.xx.2013-cü il tarixli qərarları ilə onun və həyat yoldaşının adına olan 12 sot torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin eskizində torpaq sahəsinin konkret göstəriciləri qeyd olunmamışdır, həmin eskiz sadə formada tərtib olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən hasarlama işlərinin aparılmasına imtina olunmamış, qanunvericiliyin tələblərinə əsasən hüquqmüəyyənedici sənədlərin təqdim olunması bildirilmişdir. Məhkəmə isə müvafiq sənədlərin təqdim olunması barədə Binəqədi Rayon İcra Hakimiyyətinin təklifini qanunsuz olaraq vətəndaşa maneəçilik törədilməsi kimi qiymətləndirmişdir. Bu səbəbdən də İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin hündürlüyü 2 metr 20 santimetrədək olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyula bilməz. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İşə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd edilən hallar nəzərə alınmamış və bununla da, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul olunmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıların hasarın bərpası ilə bağlı müraciətinə cavab olaraq cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçüsü) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinə yenidən baxıla bilər. X1 xx.xx.2012-ci il tarixli, №422 qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqları X4 verilmişdir. X1 xx.xx.2013-cü il tarixli, №22 qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1324/2013 saylı, 08 aprel 2013-cü il tarixli qərarının icrası təmin olunmuş; Qərarın icrası ilə əlaqədar X1 61 saylı, 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə mərhum X2 ayrılmış 600 kv.m torpaq sahəsinin onun adından silinərək vətəndaş İddiaçı adına dəyişdirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla). Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, vətəndaşın istifadəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmadığından hasarın çəkilməsinin müvafiq razılığın (icazənin) verilməsi ilə şərtləndirilməsi və inzibati orqanın hasar-bərpa işlərinin görülməsinə dair müdaxiləsi (olduğu təqdirdə) qanuni hesab edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli, xx.xx.2012-ci il tarixli və 22 nömrəli, xx.xx.2013-cü il tarixli qərarları ilə İddiaçı və onun həyat yoldaşı R.Hümbətovanın adına olan 12 sot torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlətin bu hüquqların müdafiəsinə təminat verməməsindən ibarətdir. Halbuki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli, xx.xx.2012-ci il tarixli və 22 nömrəli, xx.xx.2013-cü il tarixli qərarları ilə 12 sot torpaq sahəsi iddiaçıların sahiblik və istifadəsinə verilmişdir və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların istifadələrində olan torpaq sahəsinin hasarlaması hüquqları qanunla qorunur. İddiaçıların hüquqlarının həyata keçirilməsinə müdaxilə olduğu təqdirdə qanuni olmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən qeyd edilmişdir ki: “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). İddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7643/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar