Məhkəmə qərarları › İş №2-1(103)-1242/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1242/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1242/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Mənzil-Tikinti Kooperativi) “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6392/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Mənzil-Tikinti Kooperativi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətnin xx.xx.2007-ci il tarixli, 116 saylı və xx.xx.2008-ci il tarixi, 12 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 52 saylı sərəncamı və xx.xx.2005-ci il tarixli, 0601 saylı müqaviləsinə əsasən Bakı şəhər Nərimanov rayonu Z.Bünyadov prospekti 1969-cu məhəllədə yerləşən 0,0551 ha torpaq sahəsi İddiaçı MKF-nin isifadəsinə verilmişdir. Həmin vaxt direktor R.Qələndərova olmuşdur. 2006-cı ildə QABAQLİ MKF X1, həmin vaxtdan X3 həm təsisçi, həm də direktor olmuşdur. İddiaçının nümayəndəsinin deməsinə görə 2008-ci ildə həmin torpaq sahəsi "xxxx" MMC tərəfindən qanunsuz yolla zəbt edilmişdir. Müxtəlif dövlət orqanlarına edilən şikayətlər heç bir nəticə verməmişdir. "xxxx" MMC Hacı İbrahim adlı şəxsin oğluna məxsusdur. Həmin vaxt Hacı İbrahimin nüfuzundan çəkinən şəxslər çoxsaylı şikayətləri cavabsız saxlamışlar. 2022-ci ildə nəhayət məlum olmuşdur ki, sənədlər saxtalaşdırılaraq, yəni İddiaçı MMC keçmiş direktoru Rəna Qələndərovanın adından Bakı Şəhər İcra Hakimiyyətinə ərizə yazaraq torpaq sahəsinin "xxxx" MMC adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2007-ci il tarixdə R.Qələndərovanın imzası saxtalaşdırmaqla torpaq sahəsindən "xxxx" MTK xeyrinə imtina edilmişdir. Halbuki həmin dövrdə R.Qələndərova nə təsisçi, nə də direktor olmuşdur. Faktla bağlı Baş Prokurorluğa şikayət verilmiş, lakin prokurorluq məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. "xxxx" MTK sonradan Bakı şəhər İcra hakimiyyətinə müraciət edərək torpaq sahəsindən "xxxx" MMC-nin xeyrinə imtina etmişdir. İddiaya əlavə edilən Bakı şəhər İcra Hakimiyyətinin 12 saylı, xx.xx.2008-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 15 saylı müraciəti və "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli, 16 saylı razılıq məktubu nəzərə alınaraq İddiaçı MMC-nin torpaq sahəsi HƏSƏN 96 MMC-nin istifadəsinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) e-2-1(112)-6392/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Buna səbəb kimi iddia müddətinin keçməsini göstərmişdir. Müvafiq olaraq İnzibati Prosessual Məcəllənin 35.1-ci və 38.1-ci maddələrini tətbiq etmişdir. Bununla da, birinci instansiya məhkəməsi ciddi prosessual pozuntuya yol vermişdir. İddia ərizəsinin məzmunundan, iddia tələbinin mahiyyətindən və təqdim edilmiş sübutlardan da aydın olur ki, mübahisələndirilən sərəncamın mövcudluğundan yalnız 2022-ci ildə xəbər tutmuşlar. 2008-ci ildə üçüncü şəxs "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi zəbt edilmişdir. İddiaçı tərəfindən bütün instansiyalara çoxlu sayda şikayətlər verilsə də, heç bir tədbir görülməmiş, rəsmi cavab belə verilməmişdir. Həmin vaxt Hacı İbrahim adlı şəxs nüfuzundan istifadə edərək dövlət orqanlarının hərəkətlərinə mane olmuşdur. "xxxx" MMC onun oğluna məxsus olmuşdur. 2022-ci ildə onlara məlum olmuşdur ki, Hacı İbrahim cinayət məsuliyyətinə cəlb edilmişdir. Dərhal Baş Prokurorluğa müraciət edilmişdir. Baş prokuror şikayəti araşdırmaq üçün aidiyyəti üzrə Bakı şəhər Prokurorluğuna göndərmişdir. Sonuncu isə müraciəti Bakı şəhər İcra Hakimiyyətinə göndərmişdir. 2022-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin "xxxx" MMC-yə göndərdiyi cavabdan məlum olmuşdur ki, guya "xxxx" MMC torpaq sahəsindən digər üçüncü şəxs "xxxx" MTK-nın xeyrinə, sonuncu isə "xxxx" MTK-nın xeyrinə imtina etmişdir. Bakı şəhər Prokurorluğunun onlara ünvanladığı məktubda məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Onlar tərəfindən dərhal iddia qaldırılmış, qeyd edilmişdir ki, "xxxx" MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə belə bir müraciəti olmamışdır. Müraciət saxtalaşdırılmışdır. Xüsusi qərardad çıxarılması barədə vəsatət verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş guya "xxxx" MMC-nin müraciətinin məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmişdir. Bütün qeyd edilən hallara məhəl qoymayan birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Qanunvericiliyin məzmunundan açıq aydın görünür ki, iddia müddəti, yəni müddətin axımı məhz aktın mövcudluğundan xəbər tutulan andan başlayır. Bunu inkar edən heç bir sübut yoxdur. Nə cavabdeh, nə də üçüncü şəxslər mübahisələndirilən sərəncamın mövcudluğundan iddiaçının xəbərdar olmasına dair sübut təqdim etmişlər. Belə olan halda, qərardad qanunsuzdur, qeyri-obyektiv və qərəzlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 247 saylı sərəncamında dəyişiklik edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 116 saylı sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 247 saylı sərəncamının "xxxx" MTK-ya aid olan 34-cü bəndindəki “0,1575 ha” ifadəsinin “0,3175 ha” torpaq sahəsi kimi oxunması və “Qlobaİ”, “Altunay” firmalarının və "xxxx" MKF-nin imtina məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 52 saylı sərəncamının 32-ci bəndində firmalara aid olan hissələrin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “İstehsalat-ofis və ticarət mərkəzinin lahiyələndirilməsi barədə” xx.xx.2008-ci il tarixli, 12 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, 15 saylı müraciəti və "xxxx" MTK-nin xx.xx.2007-ci il tarixli, 16 saylı razılıq məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Z.Bünyadov prospektindəki 1969-cu məhəllədə istehsalat-ofis və ticarət mərkəzinin tikintisinin layihələndirilməsi üçün 3,9 ha torpaq sahəsinin icarə əsasında həmin MMC-nin istifadəsinə verilməsi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007ci il tarixli, 116 saylı sərəncamının "xxxx" MTK-ya aid 9-cu bəndinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin xx.xx.2007-ci və xx.xx.2008-ci il tarixlərdə qəbul edilmiş sərəncamlarının ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi sərəncamların qəbul edilməsindən müvafiq olaraq 15 və 17 ildən çox müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən sərəncamları qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6392/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar