Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1243/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Okwudirichukun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçın nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 15.09.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-96/1 nömrəli 29.07.2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında" qərarının ləğv edilməsi və ona qaçqın statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, ərizəçi 30 yaşında İbo etnik mənsubiyyətli Nigeriya vətəndaşıdır, inancına görə xristiandır (katolik), 2008-ci ildə orta məktəbi başa vurduqdan sonra X2 Nigeria Universitetinə qəbul olub 2012-ci ilə qədər orada media ixtisası üzrə təhsil alıb, atası hazırda Kamerunda yaşayır, anası Nigeriyada, altı qardaşı və bir bacısı var, qardaşlarından biri dünyasını dəyişib, biri Yəməndə yaşayır, digər qardaşları anası ilə birlikdə Nigeriyada yaşayır, özü subaydır və əvvəllər evlənməyib, hal-hazırda isə Birləşmiş Ştatlarda yaşıyan bir adamla nişanlandığını bildirir, homoseksual həyatının olmasına görə təhdidlər olduğu üçün mənşə ölkəsini tərk etmək məcburiyyətində qalmış, orada ailə üzvləri polis zabitləri ilə birlikdə onu 11 may 2019-cu ildə bu hərəkətlərinə görə tutmuş, o, 28 gün polis bölməsində saxlanılaraq 700 ABŞ dolları rüşvət verdikdən sonra sərbəst buraxılmış, bundan sonra o, Lagosa köçərək X1 viza üçün müraciət etmiş, viza aldıqdan sonra əşyalarını toplamaq üçün Abujaya qayıdaraq oradan Dubaya yola düşmüş, Dubayda Azərbaycanın BƏƏ-dəki səfirliyinə müraciət etmiş, orada ona ölkəyə turizm vizası ilə gedə bilməyəcəyini və bunun əvəzinə tələbə vizası üçün müraciət etməsi lazım olduğunu söyləmişlər, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə xarici tələbə kimi qəbul edildikdən sonra tələbə vizasını alaraq 6 fevral 2020-ci ildə Azərbaycana gəlmiş, 18 may 2020-ci ildə sığınacaq vəsatəti ilə cavabdeh orqana müraciət etmiş, Dövlət Miqrasiya Xidmətində onun vəsatəti 48-2020 saylı iş nömrəsi ilə qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. Ərizəçi homoseksual olduğuna görə polis orqanları tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan Nigeriyaya geri qayıtmaq istəmədiyini bildirmişdir. 29.07.2020-ci ildə cavabdeh İQ-96/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əsaslı qorxusu mövcud deyil. 17.08.2020-ci il tarixli qərarla iddiaçının inzibati şikayəti təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 19.02.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, (apellyasiya şikayəti nümayəndə və Vəkil (“Kredo” Vəkil Bürosu)tərəfindən imzalanmışdır) Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbi barədə məlumat verməmişlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 20.07.2020ci il tarixli, MŞ-32-2020 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən 10.05.1989cu ildə anadan olmuş Nigeriya Federativ Respublikasının vətəndaşı İddiaçı Okwudirichukwaya qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 18 may 2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Bu sənəd 21.09.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 29.07.2020-ci il tarixli, İQ- 96/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 avqust 2020-ci il tarixli, 171 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 29.07.2020-ci il tarixli, İQ-96/1 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. - Qaçqın statusunun verilməsi haqqında 48-2020 nömrəli vəsatətə (ərizə-anket) əsasən qeyd edilmişdir ki; adı-Stanley Okwodirichukwu; atasının adı-Titus Okorie; soyadı- Okorie; soyadı və ya adı adı dəyişilibsə nə vaxt və nə üçün-xeyr, dəyişilməyib; təvəllüd-29 yaşı var, pasportda 10.05.1989-cu il; doğulduğu yer-Kamerun Respublikası, Kumba şəhəri; vətəndaşlığı-Nigeriya Federal Respublikası; milliyəti-İbo tayfası; dini etiqadı/təriqəti-xristian (katolik); ana dili-İbo dili; digər dillər-fransız dili (yaxşı), ingilis dili (əla); başqa hansı ölkələrdə olub və hansı məqsədlə-Rusiya-2019-cu il, dünya çempionatına baxmaq üçün, 1 ay orada qalıb, Qatar-2008-ci ildə, gəzməyə, Qana-2018-ci ilin iyun ayında ABŞ-dan olan dostları ilə görüşmək üçün gedib, Kamerun-doğulduğundan bəri orada olmamışdır, Toqo-2009-cu ildə işlə bağlı, BƏƏ- 2019-cu il, 31.06.2019-cu il iş üçün. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçının bildirdiyinə görə 06.02.2020-ci ildə Azərbaycana gəldikdən sonra, 18.05.2020-ci il tarixdə sığınacaq vəsatəti ilə müraciət etmiş, cavabdeh orqanda onun vəsatəti 48-2020 saylı iş nömrəsi ilə qeydiyyata alınmış, ərizəçi ilə müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı bildirmişdir ki, homoseksual olduğuna görə polis orqanları tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan Nigeriyaya geri qayıtmaq istəmir. Cavabdeh orqanın 29.07.2020-ci il tarixli İQ-96/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatəti rədd edilmiş, qərar onunla əsaslandırılmışdır ki, iddiaçının əsaslı qorxusu mövcud deyil. 17.08.2020- ci il tarixli qərarla iddiaçının inzibati qaydada verilmiş şikayəti də təmin olunmamışdır. Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə səbəb kimi ölkəsini tərk etməsini iddiaçı sosial qrupa aid olduğuna görə pis rəftara məruz qalacağından və ölkəsində həyatı üçün təhlükə olduğundan qorxduğundan üçün geri qayıtmaq istəmədiyi ilə əlaqələndirmiş, lakin hər hansı təqibə məruz qalması ( tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Nigeriya Federativ Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin 13.11.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi cavabdehin iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakının təmin etməməsi dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçıya ingilis dilində verilən sualları başa düşdüyü sualı ünvanlanmış, iddiaçı da bəli cavabını vermişdir, eyni zamanda iddiaçıya digər dillərin hansı səviyyədə olması sualı verilmiş, iddiaçı isə ingilis dilini əla səviyyədə bildiyini qeyd etmişdir. Bu səbəbdən də iddiaçının bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycana gəldiyi tarixin fərqli, yəni - 06.02.2020-ci il və 08.02.2020-ci il kimi göstərilməsi , iş üzrə məhkəmə qərarının ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı Okwudirichukun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1243/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1243/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver