Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1243/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) «torpaq sahəsinə və oradakı tikililərə dair reyestrdə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında aparılmış sonrakı qeydiyyatın silinməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikililərin özəlləşdirilməsinə dair aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında dövlət reyestrində sonradan aparılmış qeydiyyatın silinməsinin cavabdehə həvalə olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özünü ona satılmış tikiliyə istifadə hüququ olan, onun sahibi, mülkiyyətçisi kimi qəbul edir və bu baxımdan da həmin əraziyə istifadə hüququnun görməzlikdən gəlinərək onun razılığı alınmadan özəlləşdirilməsini qanunsuz hesab edir. O, bu qanunsuz qeydiyyatın silinməsi üçün cavabdeh idarəyə müraciət etmişdir. Lakin həmin müraciətiə cavabdeh tərəfindən hər hansı münasibət bildirilməyib. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhz yuxarıda qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, iddianın mümkün sayılmaması barədə 11 yanvar 2022-ci il tarixli qərardad ləğv edilməlidir. İddiaya mahiyyəti üzrə baxıİması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırkı tələblə inzibati məhkəmə icraatında iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil, çünki, istər torpaq sahəsinə, istərsə də onun üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına hər hansı hüquq müəyyənedici sənəd (sərəncam, qərar, reyestrdən çıxarış, hüququn müəyyən edilməsi barədə məhkəmə qərarı və s.) iddiaçı tərəfindən inzibati icraatda və məhkəmə icraatında təqdim edilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının eyni əsasla eyni daşınmaz əmlaka hüquqların mübahisələndirilməsi barədə iddiası (eyni cavabdeh inzibati orqana qarşı) qaldırdığı iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4356/2020 saylı 02 iyun 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.0443 ha torpaq sahəsi üzərində mülkiyyət növü: xüsusi, hüququn növü: mülkiyyət) üzərində mülkiyyət hüquqları mərhum X1 adına ********** qeydiyyat nömrəsi ilə 6 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X2 adına ********** qeydiyyat nömrəsi ilə 24 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyyata alınmışdır, hazırda sonuncunun mülkiyyətindədir. Sözügedən əmlakla bağlı Binəqədi Rayon Məhkəməsinin 2-1(001)1574/2020 saylı bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. İddiaçı 29 iyul 2021-ci il tarixində cavabdehə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Beləliklə, iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onun tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Ona görə də, məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2288/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1243/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1243/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver