Məhkəmə qərarları › İş №2-1(103)-1244/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1244/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1244/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, torpağa dair çıxarışın və digər texniki sənədlərin verilməsi (dövlət qeydiyyatına alınması) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, torpağa dair çıxarışın və digər texniki sənədlərin verilməsi (dövlət qeydiyyatına alınması) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin 92 saylı 28.06.2007-ci il tarixli “Bələdiyyə ərazisində olan 244.0 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında” sərəncamından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, uzun müddət abadlaşdırıb, daş hasara alaraq, fərdi yaşayış evi tikdiyi 244 kv.metr torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etmiş və ünvan 3 ünvanda yerləşən 244 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. 28.06.2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktın məzmunundan görünür ki, İddiaçı torpaq sahəsi almaq üçün 15.06.2007-ci il tarixdə Bakıxanov Bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və bələdiyyə ərazisində 244.kv.m torpaq sahəsinin satılması barədə 92 saylı 28.06.2007-ci il tarixli qərar qəbul edilmişdir. Həmin alqı-satqı aktında iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatları da qeyd olunmuşdur. Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş 037023 saylı 25 iyun 2007-ci il tarixli kassa-mədaxil orderinin surətindən görünür ki, alqı-satqı ilə bağlı torpağın dəyəri 780 manat 80 qəpik olmaqla İddiaçı tərəfindən ödənilmişdir. Sonradan iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evin mövcud vəziyyətdə dövlət reyestrində qeydiyyata alınması, buna dair adına çıxarışın və texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(81)-1782/2014 saylı 27 mart 2014-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 08.05.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 R ünvanında yerləşən ümumi sahəsi 106.9 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin yerləşdiyi 0.01376 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. **********17-10301 reyestr nömrəli 08.05.2014-cü il tarixli texniki pasportdan görünür ki, ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0.0244 ha, tikinti altı sahə isə 0.01376 ha təşkil edir. AN-İ seriyalı ******* saylı 30.03.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 5 ünvanında istifadəsində olan 0.01376 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 106.9 kv.m, yaşayış sahəsi 36.2 kv.m olan iki otaqdan ibarət fərdi yaşayış evini X1. RX seriyalı ******* saylı 05.04.2019-cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10 R ünvanında yerləşən ümumi sahəsi 106,9 kv.metr olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin yerləşdiyi 001376 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sonuncunun istifadəsindədir. Bundan sonra İddiaçı sözügedən ünvanda yerləşən topaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdehin **********10 saylı 20.04.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin alqısatqı aktında verilmə tarixi 28.06.2007-ci il göstərilsə də, İddiaçı şəxsiyyət vəsiqəsinin 19.09.2007-ci ildə verildiyi qeyd olunmuşdur. Bundan başqa aparılan araşdırma zamanı Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş 244 kv.metr torpaq sahəsi faktiki 425 kv.metr təşkil edir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pull) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 073-6295-1219 saylı 22 fevral 2019-cu il tarixli məktubundan görünür ki, Bakıxanov qəsəbə sakini İddiaçı 28.06.2007-ci il tarixdə qüvvədə olmuş şəxsiyyət vəsiqəsi 23.07.2002-ci il tarixdə verilmiş AZE 00478571 nömrəli şəxsiyyət vəsiqəsi olmuşdur və ona 19.08.2007-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilməmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin imtinasının əsassız hesab edilməsi, torpağa dair çıxarışın və digər texniki sənədlərin verilməsi (dövlət qeydiyyatına alınması) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin əvvəllərində ünvan 6 ünvanında yerləşən sahəsi 244 kv.metr olan torpaq sahəsində öz şəxsi vəsaiti hesabına xeyli təmizlik və abadlıq-quruculuq işləri gördükdən sonra həmin torpağı bələdiyyədən satın almaq məqsədilə Bakıxanov Bələdiyyəsinə müraciət etmiş, sonuncu həmin sahəyə baxış keçirərək müraciəti təmin etmiş, bu barədə qərar qəbul etmiş və bələdiyyənin həmin torpaq sahəsi üçün müəyyən etdiyi satış haqqını bələdiyyənin hesabına köçürmüşdür. Həmin torpaq sahəsinin alqı-satqısına dair 28.06.2007-ci il tarixdə müvafiq akt tərtib edilmiş, həmin torpağın və oradakı tikilinin plan cizgisi əlavə edilməklə, torpağın adına sənədləşdirilməsinə dair sərəncam verilmişdir. Həmin torpaq sahəsində o, özünə fərdi yaşayış evi tikmiş və 12 ildən çoxdur ki, torpaqdan fasiləsiz və etirazsız istifadə edir, torpağın hər il bələdiyyə tərəfindən müəyyən edilmiş vergisini ödəyir və həmin torpağa sahiblik edərək daimi pasport qeydiyyatına alınmaqla həmin ünvanda yaşayır. 2014-cü ildə həmin torpaqda tikdiyi və yaşadığı evi özəlləşdirmiş, DƏDRX-nin Bakı Ərazi İdarəsindən həmin evə dair xüsusi mülkiyyət hüququnu təsdiqləyən RX seriyalı ******* saylı 08.05.2014-cü il tarixli çıxarış və texniki pasport almışdır. Həmin texniki pasportda evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki göstəriciləri (ölçüləri) öz əksini tapmışdır. Belə ki, həmin texniki pasportda ona məxsus torpağın 244 kv.metr olması qeyd olunmuşdur. Buna baxmayaraq həmin torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatına aldırmaqla bağlı tələbi cavabdeh tərəfindən təmin olunmamışdır. İmtina məktubunda göstərilən səbəblərdən biri alqı-satqı aktının hazırda ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməməsidir ki, həmin təsdiqi bələdiyyə sədri özü etdirəcəyini bildirmiş, onu da aktda adı qeyd edilən məsul şəxsin (N.Məlikov) uzun müddət işə çıxmadığı, bu səbəbdən ona imza etdirə bilmədiyini göstərərək yubatmış və sonra özü vəfat etmişdir. Bundan sonra DTXK ləğv edilmiş və bələdiyyədən ona buna görə narahat olmaması, verilmiş akta möhür vurulubsa heç bir qorxusunun olmadığı bildirilərək arxayınlaşdırılmışdır. İndi isə ləğv edilmiş DTXK-nin səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu həyata keçirdiyindən, həmin qurum bu vəzifəni (aktın təsdiqini) icra etməli olduğu halda, bunu etmir. İmtina məktubunda göstərilən digər səbəb- alqı-satqı aktı 28.06.2007-ci il tarixində verildiyi halda, onun şəxsiyyət vəsiqəsinin həmin aktda 19.09.2007-ci il tarixdə verildiyi olmuşdur. Əslində o, bu xüsusata bu günədək diqqət yetirməmiş, həmin tarixdə o, şəxsiyyət vəsiqəsi almadığını, vəsiqənin verilmə tarixinin və nömrəsinin aktda səhv yazıldığını irad olaraq bələdiyyəyə bildirdikdə, onlar polisə sorğu göndərib, bu məsələni dəqiqləşdirdiklərini bildirmişlər. Sorğuya cavab aldıqdan sonra isə səhvə yol verdiklərini etiraf edərək, üzr istəmişlər. Belə ki, sorğunun cavabında akt yazılan tarixdə onda olan şəxsiyyət vəsiqəsinin 23.07.2002-ci il tarixdə verildiyi göstərilmiş və 19.09.2007-ci ildə ona şəxsiyyət vəsiqəsi verilmədiyi qeyd edilmişdir. İmtina məktubunda göstərilən digər səbəb isə hazırda istifadəsində olan və hasara alınmış torpaq sahəsinin sənəddə 244 kv.metr olsa da, faktiki olaraq bundan çox, yəni 425 kv.metr olduğu qeyd olunmuşdur. İmtina məktubunda göstərilən bu xüsusata da aydınlıq gətirərək bildirir ki, hazırda istifadəsində olan və hasara alınmış torpağın sahəsi həqiqətən sənəddə göstərilən 244 kv.metrdən çoxdur və 425 kv.metr təşkil edir. Belə ki, torpağın alqı-satqısından bir neçə ay keçdikdən sonra, torpağının qarşısındakı təxminən 180 kv.metr sahə antisanitar vəziyyətdə zibilxana olmuşdur. O, həmin sahəni də öz vəsaiti ilə təmizləyərək, abadlaşdırmış və hasara almışdır. Sonra həmin sahənin də ona satılmasını bələdiyyədən xahiş etdikdə ona bildirmişlər ki, bələdiyyələr tərəfindən torpaq satışı qeyri-müəyyən müddətə dayandırılmış və yalnız bu məhdudiyyət götürüldükdən sonra bu mümkündür. Beləliklə, bu günədək həmin torpaq sahəsi də onun faktiki istifadə və sahibliyində olsa da, göstərilən səbəbdən adına rəsmiləşdirə bilməmişdir. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin alqı-satqı aktında verilmə tarixi 28.06.2007-ci il göstərilsə də, iddiaçının şəxsiyyət vəsiqəsinin 19.09.2007-ci ildə verildiyi qeyd olunmuşdur. Bundan başqa aparılan araşdırma zamanı Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş 244 kv.metr torpaq sahəsi faktiki 425 kv.metr təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa məktub ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, yaşayış evinin arxa divarının 50 sm-də yarımstansiya binası yerləşir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1782/2014 saylı qərarına və Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin 28.06.2007-ci il tarixli 92 nömrəli sərəncamına əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** saylı 08.05.2014-cü il tarixli çıxarış verilmişdir. Çıxarışda ünvan 5 ünvanında yerləşən 0,01376 ha torpaq sahəsinin istifadədə olduğu, dövlətin mülkiyyəti kimi göstərilmişdir. Bundan əlavə iddiaçı fərdi yaşayış evini 30.03.2019-cu il tarixdə X2 və yuxarıda qeyd olunan fərdi yaşayış evinə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** saylı 05.04.2019-cu il tarixli çıxarış verilmişdir. Həmin ev "xxxx" KB ASC-nin xeyrinə sonuncu tərəfindən yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələr “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 nömrəli qərarı ilə müəyyən edilir. Cavabdeh etirazının əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 8.0.1, 8.0.5, 8.0.8, 9, 11.1, 12.1, 23, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 56.1, 65, 66.1, 67, 109, 111.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 22 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsi və 3-cü şəxs X6 iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X4 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin 92 saylı 28.06.2007-ci il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Sülh küçəsi 10 R saylı ünvanda yerləşən 244 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmış, onunla bələdiyyə arasında 28.06.2007-ci il tarixdə Torpaqların alqı-satqısına dair akt bağlanmışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə məhkəmə qərarı əsasında RX seriyalı ******* saylı 08.05.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almış, lakin sonradan həmin fərdi yaşayış evini Kəmalə Kərimovaya alqı-satqı müqaviləsi əsasında satmışdır. Sonuncunun da adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həm iddiaçının, həm də Kəmalə Kərimovanın adına işlənmiş reyetrdən çıxarışda torpaq sahəsinin ölçüsü 0.01376 ha göstərilməklə, həmin torpaq sahəsinin dövlət mülkiyyətində, lakin sonuncunun istifadəsində olduğu qeyd olunmuşdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 8 ünvanda yerləşən və 12 ildən artıq müddətdə fasiləsiz və etirazsız istifadə və sahibliyində olan torpaq sahəsinə dair çıxarışın və texniki sənədin verilməsini tələb edir. Apellyasiya baxışı zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilmiş və buna münasibətdə iddiaçı iddia tələbində ona müvafiq bələdiyyə sərəncamı ilə verilmiş 244 kv.m. torpaq sahəsinə dair çıxarışın və texniki sənədin verilməsini nəzərdə tutduğunu bildirmişdir. Buna görə də iddiaçının iddia tələbi üzrə araşdırma 244 kv.m. torpaq sahəsinə münasibətdə aparılmışdır. Hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi ona 244 kv.m. torpaq sahəsinin ayrılması barədə müvafiq bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamı, torpağın alqısatqı aktını, onun dəyərinin ödənilməsi ilə bağlı kassa mədaxil orderini, həmçinin həmin torpaq üzərində inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış və texniki pasportu təqdim etmişdir. Cavabdeh tərəf iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, təqdim edilən alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmiş, həmin alqısatqı aktının tarixi 28.06.2007-ci il olduğu halda iddiaçının şəxsiyyət vəsiqəsinin tarixi həmin aktda 19.09.2007-ci il qeyd olunmuş, torpaq sahəsinin faktiki olaraq ölçüsü 425 kv.metr təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndində göstərilmişdi ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 06.05.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Beləliklə, sadalanan qanunvericilik aktlarının məzmununa görə iddiaçıya müvafiq bələdiyyə orqanı tərəfindən torpaq sahəsinin ayrılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu ilə razılaşdırılmalı və bundan sonra bələdiyyə ilə iddiaçı arasında bağlanmış alqı-satqı aktının həm də həmin qurumun nümayəndəsi tərəfindən imzalanıb təsdiqlənməsi tələb olunur. İddiaçının təqdim etdiyi 28 iyun 2007-ci il tarixli torpaqların alqısatqısına dair aktdan görünür ki, həmin akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsi (səlahiyyətli şəxsi) tərəfindən imzalanıb təsdiqlənməmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 92 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 244 kv.metr torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Bundan başqa iddiaçının təqdim etdiyi Bələdiyyə onun arasında bağlanmış 28.06.2007-ci il tarixli alqı-satqı aktında iddiaçının şəxsiyyət vəsiqəsinin AZE 05715448 seriyalı 19.09.2007-ci il tarixdə verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, sözügedən akt 28.06.2007-ci il tarixli olsa da, həmin aktda hələ 3 ay sonra- 19.09.2007-ci il tarixdə iddiaçının adına veriləcək şəxsiyyət vəsiqəsinin rekvizitləri əks olunmuşdur ki, bu da həmin alqı-satqı aktının sübut kimi mötəbərliliyini şübhə altına alır. Həmçinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 073-6295-1219 saylı 22 fevral 2019-cu il tarixli məktubuna əsasən İddiaçı 28.06.2007-ci il tarixdə, yəni sözügedən alqı-satqı aktı bağlanarkən qüvvədə olmuş şəxsiyyət vəsiqəsi ona 23.07.2002-ci il tarixdə verilmiş AZE 00478571 nömrəli şəxsiyyət vəsiqəsi olmuşdur, beləliklə, iddiaçıya 19.09.2007-ci il tarixdə şəxsiyyət vəsiqəsinin verilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüsynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar