Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1244/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9170/2021 saylı, 10.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m 33.1). İddianın əsaslarına iddiaçı xx.xx.1963-cü il tarixində doğulmuş, 15.02.1979-cu il tarixdən 1980-ci ilin iyul ayınadək Astara rayonu Kakalos kənd Partiyanın XXİİ qurultayı adına Sovxozda fəhlə işləmiş, 01.09.1980-ci il tarixdən 22.05.1981-ci il tarixədək 14 nömrəli texniki peşə məktəbində təhsil almış, 25.05.1981-ci il tarixdən 27.06.1983-cü il tarixədək ordu sıralarında xidmət etmiş, qayıtdıqdan sonra 10.04.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda da işləyir. 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 0103.2021-ci il tarixli məktubunda ərizəsinin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun Filiala təqdim etdiyi 11 iyul 1984-cü il tarixli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 16 gün (01.091980-22.05.1981, 25.05.1981-27.06.1983, 10.04.1984-28.05.1984, 11.07.1984-29.10.1984, 14.01.1985- 01.01.2006). Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya kapitalına imkan vermir. Belə ki, ona münasibətdə 45000 manat məbləğində pensiya kapitalı tələb olunduğu halda, qfərdi hesabında qeydə alınan pensiya kapitalı 38500,60 manat təşkil edir.bu baxımdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmsını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9170/2021saylı, 10.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinadən, imtina məktubunda və iddia ərizəsinə etirazıda göstərilənlərə uyğun əsaslandırılmaqla, qeyd olunmuşdur ki, iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 2 ay 16 gün) təşkil edir və tələb olunan 45000 manat pensiya kapilı müqabilində fərdi hesabının sığorta hissəsində 38500 manat pensiya kapitalı qeydə alınmışdır. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi T.Kərimov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri, məhkəmə iclasına gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.-cü maddəsinə əsasən məhkəmə kollegiası işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin, iddiaçıya ünvanlanmış imtina cavabı və iddia ərizəsinə etirızı ilə üst-üstə düşən dəlillərindən göründüyü kimi, «Əmək pensiyaları haqqında Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinadən, iddiaçının ümumi iş stajının 25 ildən az olduğu və fərdi hesabında tələb olunan 45000 pensiya kapitalının mövcud olmadığı əsas gətirilərək güzəştli şərtlərlə pensiya təyin olunması mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri tamamilə əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olanredaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (11.12.2017-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan hərbi bileti və əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən onun 01.01.2006-cı il tarixinə aşağıdakı iş stajı müəyyən olunur: 01.09.1980-22.05.1981 təhsil dövrü 08 ay 22 gün; 25.05.1981-27.06.1983 hərbi xidmət dövrü 02 il 01 ay 04 gün; 10.04.1984-28.05.1984 ekskavator maşinisti (01 ay 19 gün); 11.07.1984-29.10.1984 elektrik qaynaqçısı (03 ay 20 gün), 14.01.1985-01.01.2006 X3 üzən heyətdə matros köməkçisi (3 ay 24 gün) və matros ( 20 il 7 ay 22) Qeyd olunan stajlar toplandıqda iddiaçının ümumilikdə sığorta stajı 24 il 02 ay 24 gün təşkil edir ki, həmin stajın 12 il 6 aydan da çoxunu 57 yaşından güzəştli pensiya hüququ verən sahədə dəniz gəmiçiliyində üzən heyətdə işləmişdir. Belə ki,"xxxx" QSC X1 birinci instansiya məhkəməsinin sorğusuna əsasən məhkəməyə ünvanlanmış 03.09.2021-ci il tarixli, ÇS02/02-431 nömrəli məktubuna əlavə edilmiş 26.08.2021-ci il tarixli, AM03/02-1102 nömrəli izahlı arayışında göstərilmişdir ki: « İddiaçı həqiqətən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində 14.01.1985-ci il tarixindən 28.11.2011-cı il tarixinədək və 08.03.2012-ci il tarixindən hal-hazıradək matros vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 36 il 02 ay 28 gün gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 35 il 09 ay 22 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir). Hazırkı mübahisənin qanuni əsasını «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, bu qanun qəbul edilənə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi təşkil etməsi baxımından, həmin bəndin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı”nın göstəriciləri tətbiq olunmalıdır. «2 №-li Siyahının 23000000 «XXVİİİ. Nəqliyyat bölməsinin «23003000 Dəniz və çay donanması» yarımbölməsinin 23003010 kodunda «üzən heyət» güzəştli pensiya hüququ verən peşələrə aid edilir.İddiaçı da məhz üzən gəmi heyətində mators kimi çalışmışdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər əmək kitabçası üzrə 24 il 2 ay 24 gün iş stajına malik olması və onun azı 12 il 6 ay güzəştli pensiya hüququ verən üzən gəmi heyətində çalışdığı mübahisələndirilmir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının Astara rayon Dövlət Arxivinin arxiv arayışı üzrə əmək fəaliyyəti sığorta stajı kimi qəbul edilməsindən imtina olunur. İş materiallarının 26-32-ci vərəqlərində olan Astara rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş eyni tarixli Arxiv arayışına və ona əlavə olunmuş əmək haqqı cədvəllərinə əsasən isə müəyyən olunur ki, iddiaçı 1979-cu ildə 10 ay, 1980-cı ildə isə 6 ay Astara rayonu Kakalos kənd «Partiyanın XXİİ qurultayı» adına sovxozda müvəqqəti fəhlə kimi işləmiş, əmək haqqı hesablanmışdır. İddiaçının həmin sovxozda işlədiyi vaxt qüvvədə olan qanunvericiliyə, o cümlədən, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Eyni zamanda, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının Astara rayonu Kakalos kənd «Partiyanın XXİİ qurultayı» adına sovxozda 1979- 1980-cı illərdə 16 ay (10+6) müddətin sığorta stajına daxil edilərək pensiya təyinatı üçün nəzərə alınmaması tamamilə əsassızdır. Belə olan halda iddiaçının həmin iş stajı onun əmək kitabçasının qeydləri üzrə iş stajı ilə toplandıqda onun 2006-cı ilə qədər 25 il 6 ay 24 gün sığorta stajı mövcud olur. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan 45000 manat pensiya kapitalının mövcud olmadığını mübahisələndirməsinə gəldikdə isə, onun həmin dəlilləri də əsassızdır. Çünki, qeyd edildiyi kimi, hazırkı mübahisənin qanuni əsasının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi təşkil etməsi baxımından, iddiaçı 2006-cı ilə qədər 25 il ümumi və 12 il 6 aydan çox 2 nömrəli Siyahıda nəzərdə tutulan dənizdə «üzən heyət» 12 il 6 aydan çox xüsusi stajı mövcud olduğuna görə, ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixindən qüvvədə olan redaksiyası tətbiq olunmaqla, pensiya kapitalı yığımı tələb oluna bilməz. Beləliklə də, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün bütün faktiki şərtlər mövguddur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından pensiya təyin olunmasından imtina olunmasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. (İPM m.14.3) İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya 57 yaşının tamam olduğu 07.03.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9170/2021 saylı,10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9170/2021saylı, 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1244/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1244/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver