Məhkəmə qərarları › İş №2-1(103)-1245/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1245/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1245/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-654/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-654/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyriyaşayış sahəsi (mağaza) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binasının eskiz layihəyə uyğun olaraq onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası onun qanuni sahibliyində və istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2008-ci il tarixdə təsdiq edilmiş, istismara icazə sənədi isə xx.xx.2018-ci il tarixdə verilmişdir. Həmin qanuni sahibliyində və istifadəsində olan qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası onun sahibliyində və istifadəsindədir. İddiaçı müvafiq qeyri-yaşayış binasına dair çıxarış və yeni ünvan verilməsi, texniki pasportun tərtib edilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binasının tikintisinə icazə sənədi və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bundan başqa təqdim edilmiş eskiz layihəsi və istismara icazə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. həmçinin təqdim edilmiş layihədə layihəçinin möhürü surətdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi müvafiq işi dəqiq və düzgün araşdırmamış, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olara iddia tələbinin təmin edilməs barədə qərar qəbul edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 570/a saylı, xx xxx 2007- ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı müraciətini nəzərə alaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 05 saylı, xx.xx.2007-ci il tarixli protokoluna əsaslanaraq, Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi 30.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alğı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Həmçinin torpaq sahəsinin cizgisi Biləcəri bələdiyyəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-504 saylı, xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, həqiqətən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində xx.xx.2007-ci il tarixli, 570/a saylı qərara əsasən sahibkarlıq fəaliyyəti ilə məşğu olmaq üçün 30.0 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. İşdə olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 02/12-09-26/A-160-093 saylı məktubdan görünür ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və istifadəsində olan 30 kv.metr olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin (mağaza) layihəsinin təsdiq olunması barədə müraciət etmiş, müraciətinə cavab olaraq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun hərəkət etməsi tövsiyə olunmuşdur. İşdə olan “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində İddiaçı məxsus mağazanın layihəsi tərtib edilərək, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İşdə olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 32 saylı istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən ümumi sahəsi 30 kv.metr olan 1 mərtəbəli, mansardlı qeyri-yaşayış sahəsinin (mağaza) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünu nəzərə alaraq, xx.xx.2018-ci il tarixində istismarına icazə verilmişdir. Hazırda iddiaçı razılaşdırılmış layihə əsasında inşa edilmiş və xx.xx.2018-ci il tarixdən istismarına icazə verilmiş qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair texniki pasportun və reyestrdən çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən xx.xx.2019-cu il tarixli, **********75 saylı məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsi aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Birinci instansiya məhkəməsi imtinanın əsasları ilə bağlı qeyd etmişdir ki, Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 31 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında tikinti işləri aparmış və tikinti başa çatdıqdan sonra icra hakimiyyəti tərəfindən xx xxxxxx 2018-ci il tarixdə tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə verilmişdir. Həmçinin imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, inzibati orqan iddiaçının müraciəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində müəyyən etmişdir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və tikintiyə icazə sənədi təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.9.2. maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 6.5-ci maddəsinin redaksiyasına görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəri orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında" Əsasnamənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2002 ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bədlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Göründüyü kimi, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edə bilər. İşin araşdırılmış halları Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya Biləcəri bələdiyyəsi hüdudları daxilində ayrılmış 30,0 kv.m torpaq sahəsi ayrılarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığının alması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtinanın digər əsasa - tikintiyə icazə sənədi təqdim olunmaması ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına qeydə almaqdan imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-654/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-654/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar