Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1245/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı İddiaçı , onun vəkilləri Vəkil3 və Vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı (xx.xx.1962-ci il tarixində Dağıstan MR-də anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)- 8235/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.07.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının hazırda 59 yaşı vardır. 18.06.1979-cu il tarixindən etibarən (42 il) əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 35 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşqul olmuşdur. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ 16.02.2019-cu il tarixindən yaranmışdır. Belə ki, 21.06.1982-ci ildə (Əmr N-248k, 22.06.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 4-cü dərəcəli traktorçu peşəsinə, 07.08.1982-ci ildə (Əmr N-406k, 24.09.1982-ci il) İTŞ quyuların süni və əsaslı təmiri sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, 01.03.1989-cu ildə (Əmr N-27k, 01.03.1989-cu il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 5-ci dərəcəli qazmaçı köməkçisi işinə, 07.08.1994cü ildə (Əmr N-24, 07.08.1994-cü il) Neft və qaz üçün istismar və kəşfiyyat quyularının 3cü dərəcəli dülgər işinə, 27.12.1994-cü ildə “DASQ” kiçik müəssisəsində 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə, 01.05.1996-cı ildə (Əmr N-178/k, 30.04.1996-cı il) "Bibiheybətneft" NQÇİ-nin Xüsusi Texnika sexinə 5-ci dərəcə üzrə qaldırıcı maşinist vəzifəsinə qəbul edilmiş, 10.01 2008-ci ildə (Əmr N-8/k. 10.01.2008-ci il) 1, 2, 3, 4, 5 №-li Neft Qazçıxarma sexlərinin tərkibində olan Quyuların yeraltı təmir briqadalarının və Xüsusi Texnika sexinin bazasında "Quyuların yeraltı təmiri və xüsusi texnika sexi" yaradılmış, bununla əlaqədar olaraq 10.01.2008-ci il tarixindən "Quyuların yeraltı təmir və xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsinə keçirilmiş, 01.12.2010-cu ildə (Əmr N-306/k, 01.12.2010-cu il) “Azneft” İB-nin 01-07/9232 saylı 04.11.2010-cu il tarixli məktubuna və "Bibiheybətneft" NQÇİ-nin 331 saylı 19.11.2010-cu il tarixli "struktur dəyişikliyi haqqında” əmrinə əsasən yeni yaradılmış Xüsusi Texnika sexinə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsinə keçirilmişdir. İddiaçı cavabdehə rəsmi şəkildə müraciət etmiş, cavabdeh isə öz növbəsində 16.06.2021-ci il tarixli **********9 nömrəli məktub əsasında güzəştli şərtlərlə pensiya təyinatı barəsində iddiaçının müraciətinə imtina etmişdir. İmtinanın səbəbi olaraq ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Ərizəyə əlavə olunmuş arayışdan da göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün 14 il 0 ay 0 gün (arayışın verildiyi tarixə) iş stajı və bundan əlavə 42 il ümumi iş stajı vardır. Buna görə də, iddiaçı cavabdehin göstərdiyi səbəb ilə razı deyil. Quyuların yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinin (4%), quyuların yeraltı təmiri üzrə operator peşəsinin və quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilir. İddiaçı hesab edir ki, hazırkı iddia ərizəsi üzrə cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır, ona münasibətdə iş stajını topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. 01.01.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin 28.06.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən, həmin tarixdən ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməlidir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, onun 25 il sığorta stajı, eləcə də, 12,5 ildən çox xüsusi iş stajı olduğundan, onun həmin xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni 16.02.2019-cu il tarixdən, yəni 57 yaşının tamam olmasının səhəri günündən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndi əsasında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 03.08.2021-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8235/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi təmin edilmiş, İddiaçı 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. 04.04.2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə dair etirazı məhkəməyə daxil olmuşdur. Etiraza Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 30.03.2022-ci il tarixli, 161 №li arayışı əlavə edilmişdir. Arayışa əsasən qeyd edilmişdir ki, verilir 1962-ci il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o, həqiqətən 10.05.1980-ci il tarixdən 10.05.1982-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olunmuşdur. 01.01.2013-cü il tarixdə hərbi vəzifəlilərin hərbi qeydiyyatın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkilləri apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. İddiaçının birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil1 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-8235/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 57 yaşı 15.02.2019-cu il tarixdə tamam olsa da, iddiaçı tərəfindən iddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə ona 16.02.2019-cu il tarixdən, yəni 57 yaşının tamam olmasının səhəri günündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, 01.09.1979-cu il tarixdən 15.04.1980-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, 10.05.1980-ci il tarixdən 10.05.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 18.06.1979-cu il tarixdən 06.09.1979-cu il tarixədək, 21.06.1982-ci il tarixdən 21.02.1989-cu il tarixədək, 01.03.1989-cu il tarixdən 30.07.1994-cü il tarixədək, 07.08.1994-cü il tarixdən 25.12.1994-cü il tarixədək, 27.12.1994-cü il tarixdən 26.04.1996-cı il tarixədək, 01.05.1996-cı il tarixdən 30.11.2020-ci il tarixədək müxtəlif iş yerlərində işləmişdir, iddiaçı ona 16.02.2019-cu il tarixindən etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 2 gün (18.06.1979-21.04.1980-ci il, 21.06.1982-21.02.1989-cu il, 01.03.1989-30.07.1994-cü il, 07.08.1994-25.12.1994-cü il, 27.12.1994-26.04.1996-cı il və 01.05.1996-01.01.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilmir. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajını müəyyən edərkən onun 10.05.1980-10.05.1982-ci il tarixlərdə hərbi xidmətdə olduğu müddətini nəzərə almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:...21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Göründüyü kimi müddətli həqiqi hərbi xidmət dövrü iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilmədiyindən, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8235/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-8235/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.