Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1245/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs, xx.xx.1960-cı il təvəllüdlü X2 2001-ci il tarixdən qulluq etməyinə görə ona həmin tarixdən sığorta stajı hesablanması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvü X4 2001-ci ildə kəskin beyin-qan dövranı pozğunluğu keçirmiş və stasionar şəraitdə müalicə olunmuşdur. Həmin ildən etibarən kənar şəxsin yardımına möhtacdır. Kənar şəxsin dami qulluğuna ehtiyacı olduğundan, habelə təqaüdünün alınması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Müvafiq qətnamə əsasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının “24” fevral 2020-ci il tarixli, 60 nömrəli sərəncamı ilə həyat yoldaşının üzərində qəyyum təyin edilmişdir. Sərəncamın surəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsə göndərilmişdir. Adıçəkilən publik hüquqi şəxsdən bildirilmişdir ki, ona təqaüdün, habelə qulluğa görə ona stajın hesablanması yalnız məhkəmə qətnaməsi əsasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı qəbul olunduğu tarixdən mümkündür. Əslində isə həmin şəxsə 2001-ci ildən qulluq göstərir. Bugünkü tarixədək səhhətində hər hansı təbəddülat müşahidə olunmamış, yəni hal-hazıradək də onun öhdəsində olmuşdur. Ailənin xəstə üzvünə qulluqla bağlı iddiaçıya staj hesablanmır. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsdən bunun üçün xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxsin 2001-ci il tarixdən qanuni nümayəndəsi olması faktının sübut edilməli olduğu qeyd olunur. Halbuki, ona faktiki olaraq 2001-ci ildən, yəni məlum xəstəliyə düçar və köməyə möhtac olduğu müddətdən etibarən qulluq edir. Bu faktı birgə nikahdan olan övladları, habelə yaxın qonşular da təsdiq edə bilər. Məlum xx.xx.2020-ci il tarixli daxil olmuş ərizəsinə münasibətdə tərtib olunan və hərəkətsizlikdə ifadə olunan cavab məktubunda inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci və 22-1.5-ci maddələrinə istinad etmişdir. Eyni zamanda inzibati orqan məktubunda imtina üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü maddəsinə əsaslanmışdır. İnzibati orqanın hərəkətsizliyi üçün istinad olunan qanunvericilik normalarının hüquq münasibətinə aidiyyəti yoxdur. Belə ki, Qanunun 22-1- ci maddəsi müvafiq qanuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunu ilə əlavə olunmuşdur. Bu halda qanun qəbul olunduqdan sonra yaranan münasibətə tətbiq olunmalıdır. Yəni bu hüquqi aktın iddiaçıya təyin olunmuş sosial müavinətin pensiya ilə əvəz olunmasına ən azından qəbul olunduğu tarixədək təsir qüvvəsi absurddur. Hazırda iddiaçı pensiya yaşına çatmışdır (62 yaşı tamam olmuşdur). Belə olan halda vəziyyətini yüngülləşdirən hal olaraq pensiya yaşına çatmağı sosial müavinətin hesablanmasının dayandırılması üçün əsaslardan biridir. Üstəlik, ailə başçısına qulluq edir, belə olan təqdirdə, həmçinin heç olmasa fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq etdiyi tarixdən sığorta stajı hesablanmalıdır. Bu baxımdan faktik ər-arvad olmaqları nəzərə alınmaqla, ona qulluq göstərməyinin staj kimi 2001-ci ildən hesablanması diqqətəlayiq mənafelərinin təmin olunması üçün ona əmək pensiyasının təyini yolu ilə ailələrinin rifahı baxımından mühüm rol oynayacaq. Hazırda 16 (on altı) il əmək stajına malikdir. Həyat yoldaşına qulluq etdiyi dövrdən, yəni 2001-ci il tarixdən sosial sığorta stajı hesablansa, ən yaxşı halda hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsi ilə müəyyən olunan müddətə (25 il) təqribən 4 il qalmış olar. Bu isə onun sosial rifahının yüksəldilməsi və təminatının yaxşılaşdırılmasına xidmətlə nəticələnər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6103/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Eyni zamanda iddiaçı işin birinci instansiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 61 yaş 06 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-in tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiya dair yazılı etiraz tqədim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyasına keçirilməsinə yol verilmir.İddiaçıya xx.xx.2015-ci il tarixdə sosial müavinət təyin edildiyi üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, M.Muxtarov küçəsi, ev 172 ünvanında qeydiyyatdadır. -AZ-İ № 410984 nömrəli, xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X4 ilə İddiaçı xx.xx.2008-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 507 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir -iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1984-cü ildə tikiş atelyesinə dərzi şagirdi işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə qadın paltar atelyesinə dərzi qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə Uşaq sanatoriyasına 2-ci şöbəyə palata sanitarkası qəbul edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə Abşeron ticarət mərkəzində xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 60 nömrəli sərəncamına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3672/2019 nömrəli qətnaməsi və İddiaçı ərizəsi nəzərə alınaraq fəaliyyət qabiliyyəti olmayan xx.xx.1960-cı il təvəllüdlü X2 mülkiyyətlərinə hüququ olmadan arvadı İddiaçı qəyyum təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2021-ci il tarixli Əlillik haqqında arayışa əsasən X2 xx.xx.2009-cu il tarixdə əlillik təyin edilmişdir. 16 saylı Şəhər Poliklinikasının göndərişi əsasında əlillik vəziyyəti xx.xx.2020-ci il tarixdə müayinə edilmiş və “Diaqnoz: Hipertoniya xəstəliyi İİİ dərəcə Sol beyin arteriyası hövsəzində kəskin beyin qan dövran pozğunluğu davaçlı qalıq əlamətləri.Sağ tərəfli dərin hemiparez; Əlillik qrupu: 2.1. Birinci dərəcə əlillik => 2.1.8. Hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması: ataksiya hiperkinetik sindrom, hərəkət və ayaqüstə durmağa imkan verməyən amiostatik sindrom” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. -785 nömrəli ilkin və ya təkrar müayinədən keçənlər üçün müayinə aktına əsasən xx.xx.1960-cı il təvəllüdlü X2 “Səbəbi: ümumi; Diaqnoz: Hipertoniya xəstəliyi İİİ mərhələ. Keçirilmiş işemik insultdan sonrakı sağ tərəfli dərin hemiparez. Motorlu afaziya; Əlillik zəmanəti: kənar şəxsin qulluğuna ehtiyac” səbəbi ilə xx.xx.2005-ci ildə 2 il müddətinə İ (birinci) dərəcə əlillik təyin edilmişdir. -X5 çıxarışa əsasən xx.xx.2018-ci il tarixli, 82 nömrəli qərarla İddiaçı xx.xx.2015-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın olduğuna görə 180 manat məbləğində sosial təyin edilmişdir. -sığotaolunanın hesabı haqqında məlumatdan görünür ki, İddiaçı (SSN: **********062) xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, 2010-cu ilin may ayından 2012-ci ilin fevral ayınadək, 2012-ci ilin avqust ayından dekabr ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* saylı əmək kitabçanıza əsasən ümumi sığorta stajınız 14 il 1 gün olmaqla Qanunla tələb olunan müddətdən (25 il) azdır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilyanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli müraciətə cavab verilməsi barədə məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1984-cü il tarixli ИТ-İ № ******* saylı əmək kitabçanıza əsasən ümumi sığorta stajınız 14 il 1 gün olmaqla Qanunla tələb olunan müddətdən (25 il) azdır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.4-cü maddəsinə əsasən sizə xx.xx.2015-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, X3 qəyyumluq etdiyiniz haqqında Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilən 60 saylı sərəncam xx.xx.2020-ci il tarixində təsdiq edildiyi üçün əvvəlki dövrlərə şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir Eyni zamanda işin birinci instansiya icraatı zamanı məhkəmənin 2-1(112)-918/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı 1-ci dərəcə əlil xx.xx.1960-cı il təvəllüdlü X2 qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün qanunla nəzərdə tutulmuş tədbirin görülməsi (bu halın araşdırılaraq qulluq aktının tərtib edilməsi) üçün 30 (otuz) günlük müddət təyin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)-918/2022 nömrəli qərardada əsasən İddiaçı X2 qulluq etməsi barədə akt tərtib edilmişdir. Lakin 60 saylı MKİS-in rəisi S.Ə.Tağıyev və Yasamal rayonu 3 saylı Ərazi nümayəndəsi F.M.Pənahov aktı imzalamaqdan imtina etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 60 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixindən Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 172 ünvanında qeydiyyatdadır. İddiaçı 1-ci dərəcəli əlil, xx.xx.1960-cı il təvəllüdlü (xx.xx.1977-ci ildən həmin ünvanda qeydiyyatda olan) X2 hansı tarixdən etibarən qulluq etdiyi haqqında MKİS-də heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 73/g nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı nümayəndəlikdə olarkən heç bir şəxsiyyət təsdiq edən sənəd təqdim etməmişdir. Məlumat üçün bildirilir ki, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2012-ci il tarixində yaradılmışdır. Aktda qulluq müddəti nümayəndəliyin yaranma tarixindən əvvəlki dövrə aid olduğu üçün imzalanmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: -hüquq münasibətlərinin yarandığı dövr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. -Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019-cü il tarixdən 30 iyun 2020- ci il tarixədək qadınların pensiya yaşı 61 yaş 06 ay müəyyən olunmuşdur. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 61 yaş 6 ayını xx.xx.2020-ci il tarixində tamamlamışdır. -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: -3.2.1. əmək kitabçası; -3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasən müəyyən edilir ki, iddiaçının ümumi sığorta stajı xx.xx.1984-xx.xx.1984-cü ilədək 09 ay 15 gün, xx.xx.1985-xx.xx.1992-ci ilədək 07 il 13 gün, xx.xx.1992-xx.xx.1997-ci ilədək 05 il 02 ay 07 gün, xx.xx.2005- xx.xx.2006-cı il tarixədək 01 il olmaqla ümumilikdə 14 il 05 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən iş stajının yalnız məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda pensiya təyinatına əsas verən sosial sığorta stajına daxil edildiyi barədə qanunun tələbini nəzərə alaraq iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrü məcburi dövlət sosial sığorta ayırmaları aparılmadığından ümumi sığorta stajına daxil edilmir. Məhkəmə kollegiyası iddiaçının əmək fəaliyyəti dövrü ilə yanaşı İ dərəcə X2 qulluq etdiyi dövrün də ümumi iş stajına hesablanmaqla 25 il ümumi iş stajını toplaması ilə bağlı qeyd edir ki, X2 İ dərəcə ilkin əlillik xx.xx.2005-ci ildə təyin olunmuş, iddiaçı C.Cavadovla xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşdur. Eyni zamanda əmək kitabçası qeydlərindən görünür ki, iddiaçı xx.xx.2005xx.xx.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi iddiaçı ən tezi xx.xx.2009-cu ildən sonrakı dövrdə X2 qulluq etdiyi dövrün ümumi sığorta stajına daxil edilməsini tələb etməkə haqlı ola bilərdi. Lakin qeyd edilən dövrün ümumi sığorta stajına hesablanması aşağıdakılara əsasən mümkün olmamışdır “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə). Həmin Qaydaların 3.9-cu bəndinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajına həm də İ qrup əlilə qulluq müddəti daxil edilə bilər. Qanunverici İ qrup əlilə qulluq müddətinin sığorta stajına hesablanmasının əsası kimi qulluq aktının tərtib edilməsini zəruri sayır ki, qeyd edilən akt adı çəkilən Qaydaların tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanı və ya cavabdeh orqanın təşkil etdiyi komissiya tərəfindən, xidmət edilən İ qrup əlilin, qonşuların ifadələrinə və digər məlumatlara əsasən tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar cavabdeh orqan tərəfindən tərtib edilmiş qulluq aktının 60 saylı MKİS-in rəisi S.Ə.Tağıyev və Yasamal rayonu 3 saylı Ərazi nümayəndəsi F.M.Pənahov tərəfindən aktı imzalamaqdan imtina etmələri səbəbi ilə tərtib edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının iddia etdiyi əri İ dərəcə əlil C.Cavadova qulluq müddətinin pensiya təyinatına imkan verən ümumi sığorta stajına hesablanmadığından ona 25 il ümumi iş stajına görə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göründüyü kimi 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla əlavə edilmiş yeni tənzimləməyə görə xx.xx.2019-cu il tarixdən pensiya təyinatı avtomatlaşdırlmış qaydada təyin olunur. Avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən 2018-ci ilin 1 iyul tarixinə şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda avtomatik olaraq həmin şəxslərin xx.xx.2006-cı il tarixə ümumi iş stajları 25 ilə bərabərləşir. Yəni, xx.xx.2006- xx.xx.2018-ci il tarixədək fərdi hesabda məbləğindən asılı olmayaraq kapitalın olması yaşa görə pensiya təyinatı zamanı avtomatik qaydada xx.xx.2006-cı il tarixədək əksik gələn stajın tələb olunan 25 il staja çevrilməsinə və bununla da pensiya təyinatının aparılmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının ümumi iş satjı 25 ildən az olsa da, onun hesabına 2010, 2011, 2012-ci illərdə məcburi sığorta ödəmələri aparıldığından onun fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcud olmuş, bir sözlə iddiaçıya yuxarıda qeyd edildiyi kimi avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılması yolverilən olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçıya xx.xx.2015-ci il tarixdə sosial müavinət təyin edildiyi üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün olmaması ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. -22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22- 1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Göründüyü kimi Qanunun 22.1.4-cü maddəsi Qanunun 22-1.2-ci maddəsinin ümumiyyətlə hansı hallarda tətbiq edilmədiyini, 22-1.5-ci maddəsi isə Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilərək əmək pensiyalarına keçirilmədiyini tənzimləyir. “Sosial müavinətlər haqqında” Qanunun -1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsi yuxarıda qeyd edilən redaksiyada verilmişdir. Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlardır. -Qanunun 4.0.1-ci maddəsinə görə aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; (...) 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət (...) -7.0.-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: (....) 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda (...) 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; (...) “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8ci maddə yuxarıda qeyd edilən redaksiyada verilmişdir. Həmin maddənin əvvəlki redaksiyasında deyilirdi: -8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; (....) Beləliklə, qeyd edilən qanun normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, sosial müavinət “Əmək pensiyaları haqqında” Qanunu ilə nəzərdə tutulmuş müvafiq növ əmək pensiyası almaq hüququ olmadıqda həmin pensiya növünə alternativ olan sosial yardım göstərilməsi məqsədilə dövlət büdcəsi hesabına ödənilən pul vəsaitidir. Başqa sözlə, məsələn, pensiya yaşı həddinə çatmış şəxsin yaşa görə əmək pensiyası hüququ yaranmadıqda (məs, tələb olunan sığorta stajının çatmadığı halda) ona yaşa görə sosial müavinət təyin edilə bilər. Yaxud əksinə, şəxsin yaşa görə əmək pensiyası hüququ varsa, ona əlavə olaraq yaşa görə sosial müavinət təyin edilmir Başqa sözlə, sosial müavinət olduğu halda eyni növ əmək pensiyası, əmək pensiyası olduğu halda eyni növ sosial müavinət istisna olunur. Bu baxımdan ƏPQ-nun 22-1.5-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dək sosial müavinət təyin edilmişdirsə və həmin şəxsin xx.xx.2018-ci il tarixədək fərdi hesabında qeydə alınmış pensiya kapitalı varsa bu zaman həmin sosial müavinətin əmək pensiyasına keçirilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Dolayısı ilə, adıçəkilən norma məhz yaşa görə sosial müavinət almış şəxsin sonradan qanuna edilmiş dəyişikliyə əsaslanaraq xx.xx.2018-ci ilədək kapitalı olması səbəbindən eyni növdə yaşa görə əmək pensiyasına keçidi istisna etmişdir. Məhkəmə kollegiyası ƏPQ-nun 22-1.5-ci maddədəki “keçirilməsinə yol verilmir” ifadəsinə diqqəti çəkərək qeyd edir ki, burada eyni təyinatlı sosial ödəniş növünün birindən digərinə, yəni yaşa görə sosial müavinətdən-yaşa görə əmək pensiyası, əlilliyə görə müavinətdən əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə sosial müavinətdən ailə başçısını itirməyə görə əmək pensiyası, çoxuşaqlı qadınlara sosial müavinətdən çoxuşaqlı qadınlara uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçid istisna olunur. Başqa sözlə, keçirilmə ifadəsi məhz eyni növlü təyinatın bir-birinə keçidini əngəlləyir, lakin müxtəlif təyinatlı sosial ödənişlərin bir-birinə keçidinə mane olmur. Əks halda yuxarıda da qeyd edildiyi kimi sosial müavinətin məhz həmin növdə əmək pensiyasına hüquq yaranmadığı halda təyin edilməli olması ilə bağlı qanunvericinin tələbinin əsası və əhəmiyyəti olmazdı. Beləliklə, ƏPQ-nun 22-1.5-ci maddəsinin tətbiqi zamanı nəzərə alınmalı olan əsas məqam sosial müavinətin və keçirilməsi nəzərdə tutulan pensiya növünün eyni növdə olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən təyin edilmiş müavinət 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş sosial müavinət olduğundan onun yalnız ƏPQ ilə nəzərdə tutulmuş qarşılığı olan pensiya növü ƏPQ-nun 8-ci maddəsi ilə nəzərdə tutulmuş “çoxuşaqlı qadınlar üçün uşaqlara görə” güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilməsinə yol verilə bilməz. Qeyd edilən müavinətin hazırkı iş üzrə iddiaçının tələbində nəzərdə tutduğu pensiya növünə keçirilməsi qanunla qadağan edilməmişdir. Eyni zamanda 29 noyabr 2019-cu il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ var idisə, həmin tarixdən sonra və hazırda qüvvədə olan qanunun tələbinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Eyni zamanda ƏPQ-nun 27 oktyabr 2009- cu il tarixədək qüvvədə olmuş 8-ci maddəsinin redaksiyasında üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan 51 yaşına çatmış qadınların əmək pensiyası hüququ var idisə, həmin tarixdən (27 oktyabr 2009-cu ildən) ƏPQ-nun 8- ci maddəsinə edilmiş dəyişiklikdən sonra 5 və daha çox uşaqlı anaların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Bir sözlə, iddiaçının çoxuşaqlı ana kimi xx.xx.2015-ci il tarixdən sosial müavinət almaq hüququ yarandığı vaxt həmin müavinət növünə qarşılıq olan ƏPQ-nun 8- ci maddəsi ilə nəzərdə tutulmuş çoxuşaqlı qadın olaraq pensiya hüququ mövcud deyildi. Beləliklə məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, iddiaçıya 2015-ci ildən təyin edilmiş 3 uşaq doğub 8 yaşına çatdığına görə təyin edilmiş sosial müavinət hazırkı halda yaşa görə əmək pensiyasına keçidi ifadə etmədiyindən, həmin növ müavinət iddiaçıya ƏPQ-nun 22-1.5ci maddəsi ilə nəzərdə tutulmuş məhdudiyyətin tətbiqinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, eyni növlü sosial müavinətdən, yəni yaşa görə müavinətdən keçid olmadığından iddiaçının hazırkı iddia tələbi əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-918/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1245/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1245/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver