Məhkəmə qərarları › İş №2-1(103)-1247/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1247/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1247/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavbadehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1383/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1383/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və X10-fiə-si Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf şikayətə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçıya aid 024541 saylı pensiya işində olan DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 152 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən pensiya təyin edilmiş, sonradan iddiaçının əlilliyə görə aldığı pensiyası ləğv olunmuşdur. Bununla əlaqədar iddiaçı cavabdeh orqana müraciət etmiş, DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə qədər X2 qulluq dövrü sosial sığorta stajı kimi götürülmüşdür. Lakin ahıllara qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi üçün qulluq edənin özünün sosial sığorta stajının olması əsasdır. Heç bir sosial siğorta stajı olmadığı üçün qulluq dövrü staj kimi götürülə bilməz. Sosial siğorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Bu səbəbdən pensiya işi ləğv olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X11-nun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra DSMF-nin Suraxanı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icaatına daxil olmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşdə olan Suraxanı ƏSMM tərəfindən verilmiş iddiaçıya məxsus 055488 saylı, vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.2010-cu il tarixdən müddətsiz olaraq 2 (ikinci) qrup əlillik dərəcəsi verilmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş yəni, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunanana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Dövlət X7 xx xxxxxx 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.3-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz (bənd 2.3.1). İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü olmaqla pensiya təyin olunan zaman xx.xx.2015-ci ildə 26 yaşı olmuşdur. Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 26 yaşlı sığortaolunan üçün 03 il 08 ay (ümumilikdə sığorta stajı 2 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (26 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 11) x 4 ay = 44 ay/12 = 3 il 08 ay ) sığorta stajı tələb olunur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-536/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, DSMFnin Suraxanı rayon şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, ərizəçi İddiaçı «əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli olan faktın dəqiqləşdirilməsi tələbinə» dair ərizəsi təmin edilmiş, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 1914-cü il təvəllüdlü X3 xx xxxxxx 2006-ci ildən xx xxxxxx 2014-cü ilədək qulluq etməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmişdir. Qətnamə xx xxxxxx 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi-nə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İşdən müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının 1914-cü il təvəllüdlü 70 yaşı 1984-cü ildə tamam olmuş X3 xx xxxxxx 2006-ci ildən xx xxxxxx 2014-cü ilədək qulluq etməsi faktı təsdiq olunduğundan, həmin müddət qanunvericiliyin birbaşa tələbinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajına hesablanmalıdır. Bu baxımdan kollegiya cavabdehin “heç bir sosial sığorta stajı olmadığı üçün qulluq dövrünün staj kimi götürülə bilməməsi” dəlilini əsassız hesab edir. İddiaçı tələb olunan 05 ildən az olmamaqla sosial sığorta stajına malik olduğu halda cavabdehin təyin edilmiş pensiyanı ləğv etməsi qanuna zidd olmaqla iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Suraxanı rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1383/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar