Məhkəmə qərarları › İş №2-1(103)-1247/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1247/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1247/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı “onun cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı “onun cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2892/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. 16.03.1969-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 11.03.1969-cu il tarixdə Əli Bayramlı DRES Tİ-də 3-cü dərəcəli malyar vəzifəsinə işə qəbul olunmuş, 14.07.1969-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 02.11.1970-ci il tarixdə 28 №-li peşə məktəbinə istehsal təlimi üzrə usta vəzifəsinə qəbul olunmuş, 10.07.1971-ci il tarixdə həbsinə görə işdən azad edilmiş, 02.08.1971-ci il tarixdə SU Alibayramlı QRES-ə fəhlə vəzifəsinə qəbul olunmuş, 08 sentyabr 1971-ci il tarixdə 2-ci dərəcəli malyar vəzifəsinə keçirilmiş, 28.07.1972-ci il tarixdə 3-cü dərəcəli malyar vəzifəsinə keçirilmiş, 26.09.1973-cü il tarixdə işdən azad edilmiş, 01.04.1983-cü il tarixindən 24.08.1987-ci il tarixədək Pambıqçılıq Sovxozunda işləmiş, 25.08.1987-ci il tarixdə Əli Bayramlı mexanikatəmir zavoduna 2-ci dərəcəli daşıyıcı vəzifəsinə qəbul olunmuş, 14.12.1987-ci il tarixdə mühafizəçi vəzifəsinə keçirilmiş və 28.01.1990-ci il tarixində işdən azad olunmuşdur. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-157/2016 saylı 29 aprel 2016-cı il tarixli hökmünə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin 63 saylı 05 noyabr 2020-ci il tarixli arayışından görünür ki, 1952-ci il təvəllüdlü İddiaçı 25 aprel 1979-cu il tarixdə 1 saylı İstintaq Təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş, 27 yanvar 1983-cü il tarixdə cəzadan azad edilmiş, 01.09.1979-cu il tarixdən 01.12.1982-ci il tarixədək müəssisədə işəmuzd əməklə məşğul olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, ona əmək pensiyası təyin edilməsi üçün 12 ildən az olmayaraq əmək stajı tələb olunur.Təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının 11 il 01 gün əmək stajı vardır. 7 saylı cəzaçəkmə müəssisəsində 01.09.1979-cu il tarixindən 27.01.1983-cü ilə qədər işəmuzd işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün məhkəmə qaydasında təsdiq olunmalıdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidməti nümayəndəliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 7 saylı cəzaçəkmə müəssisəsində 1 sentyabr 1979-cu il tarixdən işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixindən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək stajı 20 ilə yaxındır. Belə ki, iddiaçı 1974-cü ilin may ayından 1978-ci ilin iyun ayına kimi Ədliyyə Nazirliyi P.X-nın 2 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuş, əməyə yaxşı münasibəti olduğu üçün o, Qazaxıstan Respublikasının Canataş şəhərində yerləşən xüsusi müəssisəyə keçirilərək, orada SNPE deyilən idarədə 7 ay işəmuzd əməklə məşğul olunmuşdur. Həmçinin, 1979-cu ildən 7 saylı cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi dövrlər əmək kitabçasında mövcud deyildir. Məhkumlara pensiya təyin edilərkən cəzaçəkmə müəssisəsi tələb olunan sənədlərlə birlikdə cəzaçəkmə müəssisəsinin rəhbəri müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məhkuma pensiya təyin edilməsi üçün təqdimatı, onun şəxsiyyətini təsdiq edən sənədin əslini, cəzaçəkmə müəssisəsində saxlanması haqqında və cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayış təqdim etməlidir. Təqdim edilmiş sənədlər tam və düzgün olduqda şəxsə pensiya təyin edilməsi mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının 1 sentyabr 1979-cu il tarixdən 1 dekabr 1982-cü ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə ona pensiya hüququ yarandığı 25 dekabr 2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (12.11.2019) geriyə 3 il üzrə yəni, 12.11.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı qanuna ziddir və ləgv olunmalıdır. xx.xx.1952-ci il təvəllüdlü İddiaçı işəmuzd işlədiyini iddia etdiyi 01.09.1979-cu il tarixdən 01 12.1982-ci il tarixədək olan dövr əmək kitabçasında öz əksini tapmamışdır. Qanuna əsasən həmin illər əmək kitabçası ilə təsdiq olunmadığından və həmin dövrə dair sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlər olmadığından iddiaçının işlədiyini iddia etdiyi illər sosial sığorta stajına daxil edilə bilməz. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin dövrə aid iş stajını Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli 63 saylı arayışını əsas tutaraq iddianı təmin etmiş, əsassız qərar çıxarmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı bu barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət nümayəndəliyinə qarşı tələbi “onun 7 saylı cəzaçəkmə müəssisəsində 1 sentyabr 1979-cu il tarixdən işlədiyi dövrün əmək stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin 12.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçı ona yaşa görə əmk pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun 7 saylı cəzaçəkmə müəssisəsində 01.09.1979-cu il tarixindən 27.01.1983-cü ilə qədər işəmuzd işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 10 mart 2017-ci il tarixədək olan redaksiyasına görə, 62 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki iş üzrə iddiaçının xx xxxxxx 1952-ci il təvəllüdlü olduğu üçün 62 yaşının tamam olduğu – 25.12.2014-cü il tarixdən əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtin- 12 il sığorta stajının tamamlanması ilə bağlı qeyd olunur ki, cavabdeh bu barədə iddiaçının tələbinin təmin olunmasından imtina edərkən iki hala istinad etmişdi. Bunlardan birincisi, iddiaçının ümumilikdə 11 il 01 gün stajının olması, ikincisi isə iddiaçının 7 saylı cəzaçəkmə müəssisəsində işəmuzd işlədiyi dövrün əmək kitabçasında göstərilməməsi. Birinci dəlillə bağlı qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasına əsasən onun 11.03.1969-cu il tarixdən 14.07.1969-cu il tarixədək (4 ay 3 gün), 02.11.1970-ci il tarixdən 10.07.1971-ci il tarixədək (8 ay 8 gün), 02.08.1971-ci il tarixdən 26.09.1973-cü il tarixədək (2 il 1 ay 24 gün), 01.04.1983-cü il tarixindən 24.08.1987-ci il tarixədək (4 il 4 ay 23 gün) və 25.08.1987-ci il tarixdən 28.01.1990-ci il tarixədək (2 il 5 ay 3 gün) müxtəlif vəzifələrdə çalışması ilə bağlı onun əmək stajı 10 il təşkil edir. İkinci dəlillə bağlı birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsində işəmuzd qaydada şəxsin işlədiyi dövrün (01.09.1979- 01.12.1982) onun əmək stajına daxil edilməli olduğunu Cəzaların İcrası Məcəlləsi və “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimat”ın, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun müvafiq müddəaları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir. “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimat”ın 1.2-ci və 1.3-cü bəndlərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər dövlət məcburi sığortalanmasına cəlb olunurlar, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və doğuşa görə müavinətlə təmin olunurlar. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla yaşa, əlilliyə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda pensiya təminatı hüququna malikdirlər. Həmin Təlimatın 2.5-ci bəndinə görə dövlət pensiyası təyin edilərkən, tələb olunan sənədlərlə birlikdə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisənin yerləşdiyi ərazidəki Mərkəzə məhkuma pensiya təyin edilməsi üçün təqdimatı, onun şəxsiyyətini təsdiq edən sənədin əslini, cəzaçəkmə müəssisəsində saxlanılması haqqında (1-ci əlavə) və cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayışları təqdim etməlidir. Əgər məhkumun şəxsi işində lazımi sənədlər olmazsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti qabaqcadan bu sənədlərin əldə edilməsi üçün tədbirlər görür. Sadalanan qanunvericilik aktlarının tələblərinə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya təyin olunarkən, onun cəzaçəkmə müəssisisəndə işlədiyi işəmuzd illərin stajına daxil edilməsi üçün cəzaçəkmə müəssisəsinin təqdimatı, şəxsin cəza çəkdiyi dövrdə onun əmək stajına daxil edilmiş vaxt haqqında arayış və şəxsiyyətini təsdiq edən sənədin əsli aidiyyəti üzrə inzibati orqana təqdim edilməli və şəxsin cəzaçəkmə müəssisisəndə işlədiyi işəmuzd illər onun əmək stajına daxil edilməlidir. Hazırki işdən müəyyən olunur ki, yuxarıda sadalanan sənədlər cavabdeh inzibati orqana təqdim olunmuşdur. Bu fakt cavabdehin 21.11.2019-cu il tarixli imtina məktubunun məzmununda göstərilənlərlə də təsdiq olunur. Belə ki, həmin imtina məktubunun məzmununa görə cavabdeh əmək pensiyasının əmək kitabçası əsasında təyin edildiyini, iddiaçının tələb olunan 12 il əmək stajına qarşı əmək kitabçasına əsasən 11 il 01 gün əmək stajının olduğu və cəzaçəkmə müəssisəsində işəmüzd işlədiyi dövrün əmək kitabçasında qeyd olunmadığı üçün bunun məhkəmə qaydasında təsdiq olunmasını bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 01.09.1979-cu il tarixdən 01.12.1982-ci il tarixədək işəmuzd işlədiyi dövrün əmək kitabçasında göstərilməməsinə münasibətdə hesab etmişdir ki, yaranmış bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır. İddiaçının məhkum olunan dövrdə işəmuzd işləyib-işləməməsi isə müvafiq olaraq cəzəçəkmə müəssisəsinin arayışı əsasında müəyyən edilməlidir. Bu mövqe ilə razılaraşaraq Kollegiya aşağıda göstərilənləri diqqətə çəkir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67- ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 7 saylı cəzaçəkmə müəssisəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubundan iddiaçının 25 aprel 1979-cu il tarixdə 1 saylı İstintaq təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olması, 27 yanvar 1983-cü il tarixdə cəzadan azad edilməsi və 01.09.1979-cu il tarixdən 01.12.1982-ci il tarixədək müəssisədə işəmuzd əməklə məşğul olduğu müəyyən olunur. Nəzərə alınmalıdır ki, cazaçəkmə müəssisəsi tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsas müəyyən edilməmişdir. Cavabdeh “iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz” barədə dəlilini əmək pensiyaları haqqında qanunvericilik aktlarına görə iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi ilə əsaslandırmışdır. Bu dəlili birinci instansiya məhkəməsi “qazanılmış hüquq” konsepsiyası baxımından əsassız hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Qeyd olunması zəruridir ki, iddiaçının 1979-1982-ci illərdə cəzaçəkmə müəssisəsində məhkum olduğu zaman işəmuzd işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları cəzaçəkmə müəssisəsinin arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də həmin dövrə aid iş stajı cəzaçəkmə müəssisəsinin arayşı ilə təsdiq olunduğu üçün həmin dövr iddiaçıya əmək pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İş materiallarında olan cəzaçəkmə müəssisəsinin verdiyi arayışdan iddiaçının 01.09.1979-cu il tarixdən 01.12.1982-ci il tarixədək işəmuzd əməklə məşğul olması öz təsdiqini tapmışdır. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçı cəza çəkdiyi dövrdə işəmuzd əməklə məşğul olduğu- 01.09.1979- 01.12.1982-ci illərin onun əmək stajına daxil edilməsini tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Bununla yanaşı, cavabdehin “şəxsin işəmuzd işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün məhkəmə qaydasında təsdiq olunmalıdır” barədə dəlilini məhkəmə haqlı olaraq əsassız saymışdır. Belə ki, hazırki işdə iddiaçı 01.09.1979-01.12.1982-ci illər üzrə olan dövrdə işəmuzd əməklə məşğul olmasını təsdiq edən sənədi başqa qaydada almaq imkanına malik olduğu üçün, yəni bu fakt cəzaçəkmə müəssisəsinin verdiyi arayışla təsdiq olunduğu üçün iddiaçının bu faktı həm də məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi təsdiqlətməsinə ehtiyac yoxdur. Belə olan halda iddiaçının 01.09.1979- 01.12.1982-ci illərdə cəzaçəkmə müəssisəsində işəmuzd əməklə məşğul olduğu dövrün də əmək stajına daxil edildiyi nəzərə alınmaqla tələb olunan 12 il sığorta stajından artıq (əmək kitabçasına görə 10 il + 3 il 3 ay = 13 il 3 ay) staja malik olduğu üçün 62 yaşının tamam olduğu 25.12.2014-cü ildən yaşa görə əmək pensiyasına çıxmıq hüququnun olduğu müəyyən olunur. Digər tərəfdən, Kollegiya hesab edir ki, iddiaçının “ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi” barədə tələbinin “Əmək pensiyaları haqqında” Qanunun 31.1ci və 32.1-1-ci maddələrinə əsaslanmaqla, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün (12.11.2016- 12.11.2019) ödənilməsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının 1 sentyabr 1979-cu il tarixdən 1 dekabr 1982-cü ilə qədər cəzaçəkmə müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməklə ona pensiya hüququ yarandığı 25 dekabr 2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (12.11.2019) geriyə 3 il üzrə yəni, 12.11.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2892/2020 saylı 06 noyabr 2020-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar