Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1247/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X5 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı «binanın liftinin yenisi ilə əvəz ediməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3981/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İqtismar İdarəsinə qarşı «binanın liftinin yenisi ilə əvəz ediməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, binanın liftindən istifadə zamanı bədbəxt hadisə baş verə bilər. Belə halların qarşısını cavabdeh naməlum səbəblərdən aradan qaldırmır. “Lifttəmir” Birliyinin 29 yanvar 2019-cu il tarixli məktubuna əsasən qeyd olunan binaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən liftlərə texniki xidmət göstərildiyi məlum olmuşdur. Müdafiə Nazirliyi Mənzil İstismar Hissəsi 6 saylı MİS-in 29 yanvar 2019- cu il tarixli məktubuna əsasən həmin bina 1972-ci ildə istismara verilmiş və həmin vaxtdan bu günədək lift dəyişdirilməmiş, lakin liftin dəyişdirilməsinə və yenisi ilə əvəzləşdirilməsinə ehtiyac olmuşdur. Bundan sonra cavabdehə müraciət olunmuş və sözügedən bina Nazirliyin balansında olduğundan, liftin dəyişdirilməsi xahiş edilmişdir. Lakin cavabdehdən rəsmi cavab alınmamışdır. Həmçinin, Müdafiə Nazirliyinin tabeliyində olan hazırki cavabdeh Mənzil İstismar İdarəsi olmalıdır. X3 Nazirliyi tərəfindən maliyyələşir və balansında olan bütün binalara xidmət aparır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 4.1.1-ci bəndinə əsasən Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqan sayılır. Bakı şəhəri Şəbail Rayon Məhkəməsinin 2(009)-927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun (hazırkı iddiaçının) iddiası təmin olunmuş və binanın lifti əsaslı təmir olunmuşdur. Məlum qətnamə qanuni qüvvəsin almış və icra olunmasına baxmayaraq, 2 ildən sonra yenidən liftdə problemlər əmələ gəlməyə başlamış və hər an təhlükə və ya bədbəxt hadisə olmasını qaçırılmaz edir. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 4 saylı binanın 1-ci girişindəki liftin qəzalı olmasına və istismar müddəti bitdiyinə görə yenisi ilə əvəzləşdirilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyi Mənzilİstismar İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3981/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında İPM-nin 78-ci maddəsinə istinad etmişdir. Lakin, məsələ ilə bağlı eyni iddia qaldırılmamış, tərəflər fərqli olmuşdur. Səbail Rayon Məhkəməsində cavabdeh Mənzil İstismar Sahəsi olmuş, hazıkı iddia üzrə isə cavabdeh MN Mənzil İstismar İdarəsidir. İddianın predmeti isə əsaslı təmir olmuş, hazırkı iddia tələbi üzrə liftin yenisi ilə əvəzləşdirilməsi olmuşdur. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəli məhkəmə iclasında iştirak edən iddiaçı qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “...iddiaçının yaşadığı binanın müvafiq girişindəki liftin “əsaslı təmir edilməsi” barədə məhkəmə qərarının qəbul edildiyindən, hazırkı iddia tələbi mahiyyətcə həmin qərarının icra olunmaması ilə bağlıdır. Qeyd olunanları və iş üzr bütün xüsusatları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırması yolverilən hal kimi qiymətləndirilə bilməz. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, işin faktiki hallarına düzgün qiymət verilmədiyindən iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh AR Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar Hissəsinə və üçüncü şəxslər Bakı ŞİH və AR Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddiası təmin edilmiş və cavabdeh AR Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, 4 saylı binanın 1-ci girişindəki liftin əsaslı təmir edilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayaraq, hazırkı iddianın Səbail Rayon Məhkəməsinin qətnaməsinin icra edilməsi ilə bağlı olduğu qənaətinə gələrək işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən iş üzrə cavabdeh olaraq Abşeron rayon Mənzil İstismar Hissəsi göstərilmişdir. İddiaçının hazırkı tələbi üzrə cavabdeh qismində qeyd etdiyi tərəf AR Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi olmuşdur. Eyni zamanda Səbail Rayon Məhkəməsinin 2(009)- 927/2019 saylı iş üzrə 3 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçının tələbi “liftin əsaslı təmir edilməsi” ilə bağlı olmuşdur. Lakin, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı hazırda məhkəməyə müraciət edərək, liftin yenisi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının hazırkı tələbi “liftin əsaslı təmiri deyil” , liftin qəzalı və itismar müddəti bitdiyinə görə yenisi ilə əvəzləşdirilməsindən ibarətdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi hazırda iddiaçının qaldırdığı iddiada həm cavabdeh, həm də iddianın predmeti müxtəlif olmuşdur. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3981/2022 saylı, 10 yanvar 2022-ci il tarixli tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı «binanın liftinin yenisi ilə əvəz ediməsi» tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1247/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1247/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver