Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1247/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X13 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X8 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4141/2023 saylı 01 may 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (MA seriyalı ******* nömrəli 7 yanvar 2010-cu il qeydiyyat tarixli) surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzili X10 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, X16 (iddiaçının oğlu) ilə X8 arasındakı nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. AR Daxili İşlər Nazirliyinin “ASAN-2” Xidmət Mərkəzi vasitəsilə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 13 oktyabr 2022-ci il tarixli arayışının surətindən görünür ki, X8 Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. X9 məxsus mənzildə 3-cü şəxs X3 uzun müddətdir ki, yaşamadığına və onun formal olaraq bu ünvanda qeydiyyatda qaldığı üçün onun mülkiyyət hüququnun pozulduğuna istinad edərək sonuncunun ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Lakin cavabdeh qurum onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi RPİ-nin X12 ünvanlanmış 1 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin tələbinə əsasən müraciətdə göstərilən şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarma barədə qərarı əsasında həyata keçirilir. Qeyd olunan imtina məktubundan narazı qalan X15 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan silinmə» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı X15 məhkəməyə əlavə ərizə təqdim edərək, iddianın dəyişdirilərək «X4 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni qəbul etmişdir. Hazırda sözügedən mənzil X10 digər oğlu İddiaçı xüsusi mülkiyyətindədir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzili iddiaçıya (X12) 2007-ci ildə RİH-in sərəncamı ilə verilmişdir. Onun həmin mənzilə mülkiyyət hüququ 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı əvvəldən həmin mənzildə qeydiyyatdır və ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının gəlini X8 ilə oğlu arasında nikah pozulsa da, həmin şəxs iddiaçının mülkiyyətdə olan sözügedən mənzildə qeydiyyatda qalmışdır. Nailə Quliyeva uzun müddətdir iddiaçının ailəsi ilə birlikdə yaşamır, onun harada yaşaması məlum deyil. Həmin şəxsin mənzildə qeydiyyatda qalması mənzil üzərində iddiaçının hüquqlrını həyata keçiməsinə mane olur, iddiaçı üçün əlavə kommunal xərclər yaradır. Göstərilənlərə əsaslanaraq, X3 Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzilindən qeydiyyatdan silinməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4141/2023 saylı 01 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X10 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzilindən X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X8 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4141/2023 saylı xx.xx.2023-ciiltarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı X10 cavabdeh X5 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5621/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1658/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5621/2021 saylı mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X2 240 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X12 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1658/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, “iddiaçı X10 keçmiş gəlini X3 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən cavabdeh X5 ona məxsus mənzildə 2 uşağı ilə birlikdə yaşayır, yaşadığı hissə bütün kommunal şəraitlə təchiz olunmuşdur və cavabdeh kommunal xidmətlərdən sərbəst istifadə edir. Kommunal xidmətlər iddiaçının adınadır və onun tərəfindən müəyyən məbləğdə ödənişlər aparılmışdır.” Həmçinin X15 iddia ərizəsində də qeyd etmişdir ki, “keçmiş gəlini X6 2015-ci ildən məhkəmə qətnaməsi əsasında mülkiyyətində olan mənzilə istifadə hüququ tanınmış və mənzilə köçürülmüşdür. Həmin müddətdən cavabdeh X8 ona məxsus mənzildə yaşayır, yaşadığı hissə bütün komunal şəraitlə təchiz olunmuşdur.” Göründüyü kimi, onun sözügedən mənzildə məhkəmə qərarı ilə istifadə hüququ yaranmışdır. Lakin iddiaçı bu halı məhkəmədən gizlətmiş, məhkəmənin mövqeyini yayındırmışdır. Həmçinin məhkəmə qərarı ilə istifadə hüququ yarandıqdan sonra iddiaçı ona kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı da məhkəməyə müraciət etmişdir. Məhkəmə onun iddiasını təmin etməmişdir. Apellyasiya və Ali Məhkəmənin qərarları ilə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Yəni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları olduğu halda məhkəmənin heç bir araşdırma aparmadan, sadəcə iddiaçının mülahizəsinə əsaslanaraq çıxardığı qərar qanunsuzdur. Apellyasiya baxışı zamanı iddiaçı mənzili digər oğlu İddiaçı adına keçirdiyi üçün iddiaçı X15 əsl İddiaçı ilə əvəz olunmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı tələbi “X4 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş və bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, X8 iddaçıya məxsus mənzildə yaşamadığından, cavabdeh Bakı şəhəri Nəsimi RPİ tərəfindən həmin mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina edilməsi qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunvericiliyin tələblərindən aydın olur ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Göründüyü kimi, istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış 27 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzili X1 qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. X3 həmin mənzilə dair istifadə və ya digər əşya hüququnun daşınmaz dövlət reyestrində qeydə alınması barədə məlumat aşkar edilməmişdir İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4407/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X10 ilk iddia tələbi qismən təmin olunaraq, X3 Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin, 18 saylı mənzilindən çıxarılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia üzrə iddiaçı X3 “mənzilə köçürmə, mənzilə istifadə hüququnun tanınması, özəlləşdirmənin etibarsız hesab olunması” barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-684/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə “ilk iddianın təmin edildiyi” hissədə ləğv olunaraq, həmin hissədə iddianın təmin edilməməsi, “qarşılıqlı iddianın təmin edilmədiyi” hissədə ləğv edilərək, iddianın təmin hissədə təmin edilməsi və X3 azyaşlı uşaqları ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, 101 saylı evin, 18 saylı mənzilinə köçürülməsi və həmin mənzilə istifadə hüququqlarının tanınması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2350/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 101 saylı evin 18 saylı mənzili əvvəl X10 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin sonradan xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 101, mənzil 18 İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı qeydiyyatdan çıxarılmasını tələb etdiyi X8 onun qardaşının keçmiş həyat yoldaşıdır, hansı ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən sonuncunun adı çəkilən mənzilə azyaşlı uşaqları ilə köçürülməsi və onların istifadə hüquqlarının tanınması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi, ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsini iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “qardaşının keçmiş arvadının onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması” barədə tələbinin təmin olunması hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın imtinası da qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün 3-cü şəxs apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4141/2023 saylı 01 may 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4141/2023 saylı 01 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X20 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1247/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1247/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver