Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1248/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( üçüncü şəxslər X5 və X14) “istifadə hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12259/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, “Xaşaxuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə məhkəmə qərarı əsasında tanınmış daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qətnamə qanuni qüvvəsini alıb və icra olunaraq bağ sahəsinin icarə müqaviləsi F.Səlimov ilə bağlanıb. F.Səlimov da qanuni istifadədə olan bağ sahələrinin mülkiyyətə verilməsinə dair qəbul edilmiş qanuna əsasən 2012-ci ildə onlardan xəbərsiz bağ sahəsini adına rəsmiləşdirib və özünü bağın yeganə sahibi kimi görərək bağ sahəsinə olan iddiaçının hüquqlarını gözləmədən bağın 0,08 hektarını A.Səfərovaya satıb. Hazırkı cavabdeh isə 403 saylı bağ sahəsinin ona satılmış hissəsinə onun hüquqlarının olduğunu qəbul etməyərək 403 saylı bağdan ona satılmış hissəsinin daş hasarla ayrıldığını və həmin hissəyə yeni 403 "K” ünvanı verildiyini bildirmişdir. Cavabdehin bildirdiyinə görə iddiaçının istifadə hüquqları 403 saylı bağ sahəsinə aiddir. O, cavabdeh idarəyə ünvanladığı ərizəsinə qoşma etdiyi məhkəmə aktında artıq onun sözügedən torpaq sahəsinə istifadə hüququnun məhkəmə tərəfindən tanındığı bildirilir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınan hüququn dövlət reyestrində qeydiyyatını aparmaq əvəzinə ona lüzumsuz təklifə dair məktubun göndərilməsi qanunsuz olmaqla imtina olaraq başa düşülməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12259/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə İddiaçı məhkəmə qərarı əsasında tanınmış istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən göstərilən torpaq sahəsi xx.xx.2001-ci il tarixli, 6789 nömrəli bağın icarəyə verilməsinə dair müqavilə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi X12 adına özgəninkiləşdirilmişdir. Odur ki, hüquq sahibləri ilə iddiaçı arasında bağlanılmış notarial qaydada təsdiq olunmuş müvafiq müqavilə əsasında torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alına bilər. Həmçinin bildiririk ki, Azərbaycan RespublikasıApellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Xəzər Rayon Məhkəməsinin 2(003)-265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən istifadə hüququnun qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin bir hissəsinin torpaq sahəsinin mülkiyyətçisi X5 tərəfindən özgəninkiləşdirilməsini nəzərə almamış, bununla bağlımüvafiq araşdırmalar aparılmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, Azərbaycan Respubikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri “Xaşaxuna” bağ massivində 403 saylı, sahəsi 0,22 hektar olan bağ sahəsinə dair X1, X8, X2, X3, X6, X7 və İddiaçı həmin bağ sahəsindən bərabər istifadə hüquqlarının tanınması, bağ sahəsinə dair X5 ilə icarə müqaviləsinin bağlanmasının Bakı Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin icrası ilə bağlı cavabdehə müraciət etmiş və qətnamə ilə müəyyən edilmiş mübahisəli bağ sahəsinə (sahəsi 0,22 ha olan, 403 saylı) istifadə hüququnun dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə həmin qətnamə ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmaması, eyni zamanda bağ sahəsinə mülkiyyət hüquqları qeydə alınmış şəxslərlə notarial qaydada təsdiq edilmiş müqavilələri tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X4 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ...... Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası kimi istinad edilən hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış hüququ qeydə almalıdır. Bununla bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsində digər əsaslar da sadalanmışdır. Göründüyü kimi digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulubqoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər (maddə 15): 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə istifadə hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhəri “Xaşa-xuna” bağ massivində 403 saylı bağ sahəsinin 0,14 hektar olan hissəsinə istifadə hüququ qeydiyyata alınmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli bağ sahəsinin bir hissəsi – 0.08 ha X12 adına özgəninkiləşdirilmişdir. Daha sonra hazırkı iddiaçı yazılı ərizə təqdim edərək, bağ sahəsinə göstərilən hissədə istifadə hüququna xitam verməsinə razı olduğunu bildirmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən halları təkzib etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi X12 adına özgəninkiləşdirilmiş 0.08 ha torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi hissəsində əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12259/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12259/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, “Xaşa-xuna” bağ massivində 403 saylı bağ sahəsinin 0,14 hektar hissəsinə məhkəmə qərarı əsasında tanınmış daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1248/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1248/2024
21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver