Məhkəmə qərarları › İş №2-1(103)-1249/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1249/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1249/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Balaxanı Bələdiyyəsinə qarşı qərarın tanınması və torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4574/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Balaxanı Bələdiyyəsinin 26.09.2007-ci il tarixli 556/07 nömrəli qərarının Balaxanı Bələdiyyəsinin üzvləri və sədri tərəfindən tanınması, eləcə də qərarla ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Balaxanı Bələdiyyəsinin 26.09.2007-ci il tarixli 556/07 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya 300 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə gəldikdə həmin ərazidə xeyli sayda tikililər görmüşdür. Bununla bağlı bir neçə dəfə bələdiyyə ilə əlaqə saxlamış və oradan ona bildirilmişdir ki, ona torpaq sahəsi ayrılacaqdır. Lakin xeyli müddət keçdiyinə baxmayaraq, torpaq sahəsi indiyə kimi ayrılmamışdır. İddiaçının həyat yoldaşı hərbçidir, iki azyaşlı uşağı vardır, hazırda kirayədə yaşayırlar. Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilən zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və işə baxılarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin qərarında qeyd olunur ki, 26.12.2007-ci il tarixli qərarla mübahisə qaldırdığı torpaq sahəsi alqı-satqı yolu ilə başqa şəxsə satılmışdır. Halbuki, bu qərar verilməmişdən öncə həmin torpaq sahəsinin onun adına sənədləşməsi barədə Balaxanı Bələdiyyəsi tərəfindən 26.09.2007-ci il tarixdə qərar verilmişdir. Əgər ona təqdim edilmiş qərar qanunsuz qəbul edilmişdirsə, bununla bağlı Balaxanı Bələdiyyəsinin üzərinə məhkəmə tərəfindən niyə öhdəlik qoyulmadı ki, ona yenidən torpaq sahəsi verilsin, eyni zamanda bələdiyyənin bu qanunsuz hərəkəti barədə niyə ölçü götürülmədi? Budurmu hərbiçi ailəsinə Məhkəmənin göstərdiyi diqqət? İki azyaşlı övladı ilə kirayədə qalır. Həyat yoldaşı Balabəy Məmmədov 44 günlük müharibənin iştirakçısı olub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mükafata layiq görülüb. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Balaxanı Bələdiyyəsinin iddiaçının təqdim etdiyi 556/07 nömrəli 26.09.2007-ci il tarixli qərarında göstərilmişdir ki, Balaxanı Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m. metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə X14 ayrılmışdır, X14 tapşırılmışdır ki, torpağın 1 kv.m-i üçün 2 manat 40 qəpik olmaqla haqqı Balaxanı Bələdiyyəsinin ABB Sabunçu filialının hesablaşma hesabına ödəsin və ödəmə barədə qəbzi Balaxanı Bələdiyyəsinə təqdim etsin. “Torpaq sahəsinin eskiz planı”na əsasən həmin plan 26.09.2007-ci il tarixli sərəncamın ayrılmaz hissəsidir. Planda iddiaçının adı qeyd edilmiş, lakin torpaq sahəsinin ünvanı göstərilməmişdir. Cavabdehin iddiaçıya ünvanlandığı 03.07.2019-cu il tarixli 165 nömrəli məktubuna və birinci instansiya məhkəməsinə ünvanlanmış 27.08.2019-cu il tarixli 178 nömrəli məktubuna əsasən Balaxanı Bələdiyyəsinin arxivində (Qarayeva) İddiaçı adına fərdi yaşayış evinin tikilməsi üçün verilmiş 26.09.2007-ci il tarixli 556/07 nömrəli sərəncam yoxdur. Təqdim olunmuş torpaq sahəsinin eskiz planında küçə adı qeyd olunmadığı üçün torpaq sahəsinin yerinin müəyyən olunması mümkün olmamışdır. Balaxanı Bəldiyyəsinin üzvlərinin yığıncağının 30 nömrəli 09.11.2007-ci il tarixli protokoluna əsasən, X4, X16, X1, X6, X2, X10, X3. X7,X5, X11 adına torpaq sahələrinin sənədləşdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-141 nömrəli 21.10.2020-ci il tarixli məktubuna görə, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 26.09.2007-ci il tarixli 556/07 nömrəli qərarı X9 daxil olmamışdır. Cavabdehin təqdim etdiyi 556/07 nömrəli 26.12.2007-ci il tarixli qərara əsasən, 600 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X8 ayrılmış, həmin qərara əlavə edilmiş qəbzə əsasən T.Hacıyeva tərəfindən 1.440 manat torpağa görə cavabdehin hesabına ödənilmiş, cizgi planına əsasən qeyd edilən qərarla T.Hacıyevaya ayrılmış torpaq sahəsinin ünvanı (Həsən Əliyev küçəsi) göstərilmişdir. Balaxanı Bələdiyyəsi üzvlərinin yığıncağının 2007-ci ilin sentyabr ayında keçirilmiş iclasların 22, 23, 25 nömrəli, noyabr ayında keçirilmiş iclasın 30 nömrəli protokollarına görə, iddiaçıya torpaq sahəsi ayrılması barədə cavabdeh tərəfindən qərar qəbul edilməmişdir. Bununla da, işdən müəyyən edilir ki, Balaxanı Bələdiyyəsinin iddiaçının təqdim etdiyi 26.09.2007-ci il tarixli 556/07 nömrəli qərarında Balaxanı Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq ayrıldığı göstərilsə də, cavabdeh həmin tarixdə 556/07 nömrəli qərar qəbul edilmədiyini, belə bir qərarın cavabdehin arxivində mövcud olmadığını bildirmişdir ki, bu fakt işin faktiki halları ilə öz təsdiqini tapır. Cavabdehin təqdim etdiyi 556/07 nömrəli qərar 26.12.2007-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarla iddiaçıya deyil, başqa şəxsə torpaq ayrılmışdır. İddiaçı tərəfindən onda olan qərar əsasında torpağın dəyərinin cavabdehə ödənilməsi barədə qəbz, torpağın ona satılmasını təsdiq edə biləcək alqı-satqı müqaviləsi və ya protokol təqdim edilməmiş, onun təqdim etdiyi planda torpaq sahəsinin ünvanı göstərilməmişdir. Balaxanı Bələdiyyəsinin 26.09.2007-ci il tarixli 556/07 nömrəli qərarı X9 daxil olmamışdır. İddiaçının təqdim etdiyi qərarda istinad olunan 30 nömrəli protokolda da torpaq sahəsi ayrılmış şəxslərin sırasında iddiaçının adı yoxdur, həmçinin, qərarda 30 nömrəli protokolun tarixi 09.09.2007-ci il göstərilsə də, 30 nömrəli protokolun tarixi əslində 09.11.2007-ci ildir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllələrində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır; 23-cü bəndinə əsasən, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.05.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun: 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Sadalanan normaların tələbinə əsasən, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun Bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da qanunun bu tələblərinə əməl olunduğunu iddia ərizəsində irəli sürməmiş və Məhkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsinin yerini göstərə bilməməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-in 87.6-cı maddəsi), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4574/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar